AZE | RUS | ENG |


Prezidentin Almaniya səfəri dünya mətbuatının diqqət mərkəzində

Prezidentin Almaniya səfəri dünya mətbuatının diqqət mərkəzində
Almaniya və Türkiyə mətbuatı səfərlə bağlı çoxsaylı materiallar dərc edib

Prezident İlham Əliyevin xarici səfərləri, keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar hər dəfə dünya mediasının diqqət mərkəzində olur. Bu dəfə də prezidentin Almaniya səfəri, onun yüksək səviyyədə qarşılanması, qəbulu, keçirdiyi görüşlər Qərb və Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Məsələn, Almaniyanın nüfuzlu "Deutsche Welle” qəzeti prezidentin səfərinə geniş yer ayırıb. 

Almaniya paytaxtında yüksək səviyyədə keçirilən danışıqlara geniş yer ayıran qəzet Almaniya kansleri Angela Merkellə prezident İlham Əliyevin birgə mətbuat konfransı və Azərbaycan-Almaniya İqtisadi Forumundan bəhs edib. Qeyd edilib ki, foruma Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel də qatılıb. Nəşr yazır ki, alman nazir bir neçə gündən sonra Bakıda baş tutacaq "Formula-1” yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib: "Nazir iki həftədən sonra baş tutacaq yarışlarla bağlı diqqəti yarışların keçiriləcəyi trassa yönəldib. Televiziya tamaşaçılarına nəinki maşınlara, həm də şəhərin gözəlliklərinə nəzər sala bilmək imkanı yaradılıb”. 

Məqalədə qeyd edilir ki, "Almaniya üçün Azərbaycan həm də enerji daşıyıcılarının əsas tədarükçüsü kimi nəzərdən keçirilir. Bu da perspektivdə Almaniyanın Rusiyadan enerji daşıyıcılarına olan asılılığını azalda bilər”. Daha sonra qeyd edilib ki, nazir Ziqmar Qabriel "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib: "Vitse-kansler Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyini, iqtisadi inkişafına görə bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Ölkədə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib”. 

Nəşr burada alman nazirinin sözlərini sitat gətirib: "Yeni boru xətlərinin köməyi ilə  Xəzər dənizinin həddən artıq neft və qaz ehtiyatlarını Avropaya nəql etmək mümkün olacaq. Nazir enerjidaşıyıcılarının diversifikasiyası məsələsinin 2020-ci ildən sonra baş tutacağına ümidvardır. "Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa İttifaqı ölkələri Xəzər qazına birbaşa çıxış əldə edəcəklər. Bu nəhəng layihənin konkret olaraq reallaşmasına bir neçə həftə bundan əvvəl başlanılıb. Orada bir neçə alman müəssisələri, o cümlədən Siemens və Salzgitter iştirak edir”. Nəşr qeyd edir ki, "sonra prezident İlham Əliyev qonşu ölkələrə qaz kəmərlərinin inşası, Gürcüstana, Türkiyə, İran və Rusiyaya qaz ixracı, TANAP və TAP layihələrindən bəhs edib. Sonuncular "Cənub Qaz Dəhlizinin” ən əhəmiyyətli hissəsidir. Prezidentin sözlərinə görə, bu layihənin investisiya həcmi 35 mlrd. dollar təşkil edir”. Nəşr qeyd edir ki, dövlət başçısı alman şirkətlərini bu layihədə iştiraka dəvət edib.

Nəşr daha sonra yazır ki, prezident və kansler A.Merkelin birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə yer ayrılıb. "Əgər prezident və kanslerin fikirlərinə diqqət ayırsaq, eləcə də jurnalistlərin suallarına nəzər salsaq görərik ki, Bakı və Berlin münaqişənin nizamlanması ilə bağlı müxtəlif nöqteyi-nəzəri bölüşüblər. İlham Əliyev münaqişə zonasında status-kvonun dəyişdirilməsinin zəruriliyini qeyd edib. Eyni zamanda Azərbaycan torpaqlarından işğalçıların çıxarılmasını nəzərdə tutan BMT-nin dörd qətnaməsini xatırladıb”. Nəşr daha sonra prezidentin işğalçı Ermənistana qarşı hələ də sanksiyalar tətbiq edilməməsini dediyini yazıb. "Prezident İlham Əliyev açıq şəkildə Ermənistanı "işğalçı” adlandırıb. Kansler isə bu və ya digər tərəfi ittiham etməkdən vaz keçərək, BMT-nin məlum qətnamələrinin adını çəkməyərək, münaqişənin Minsk Qrupu çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan edib”. Nəşr Merkelin münaqişənin həllində Rusiyanın xüsusi rolu olduğunu bəyan etdiyini qeyd edib. 

Yeri gəlmişkən qardaş Türkiyənin də mətbuatı prezidentin səfərinə geniş yer verib. "Haberler.com” "Merkel-Aliyev görüşmesi” başlıqlı yazısında kanslerin prezidentlə keçirdiyi mətbuat konfransına geniş yer ayırıb. Xüsusən də Merkelin Türkiyə ilə bağlı fikirlərinə yer ayrılıb. Merkel bildirib ki, İlham Əliyevlə Türkiyə barədə də danışıblar. "Açıq-aydındır ki, Türkiyə cənub hissədəki iqtisadi əlaqələrinə görə Azərbaycanla çox sıx bağlıdır və Türkiyə ümumiyyətlə Azərbaycana bağlıdır. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də danışdıq və bu da Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına şərait yarada bilər. Hesab edirəm ki, bu münaqişə çözülsəydi, Türkiyə və Ermənistan arasında münasibətlər də nisbətən az gərgin olardı”. "Türkiye gazetesi”ndə dərc edilən "Aliyev: 'Kendimizi koruduk” başlıqlı yazıda isə apreldə qoşunların təmas xəttində yaşanan proseslərlə bağlı prezidentin fikirləri yer alıb. "Dunya bulteni” isə "Merkel, Türkiye ve Ermenistan'ı görüştürmek istiyor” başlıqlı məqalədə Almaniyanın münaqişənin həlli ilə bağlı vasitəçilik mövqeyi işıqlandırılıb.

Kamran


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN