• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Prezident: Kompleks tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafına nail oluruq

22.10.18 20:49 411
Prezident: Kompleks tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafına nail oluruq
Kompleks tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafına nail oluruq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur. Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq. Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir".
banner

Oxşar Xəbərlər