• cümə axşamı, 18 aprel, 07:26
  • Baku Bakı 12°C

“Prezidenti biz seçəcəyik”

18.09.13 13:16 1812
“Prezidenti biz seçəcəyik”
"Qadınlar və seçkilər” koalisiyası “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Xızı rayonunun qadınları ilə görüş keçirib. Qeyd edək ki, bu gün 250 nəfər xızılı qadının iştirak etdiyi tədbirdə respublikanın xalq artisti Nəzakət Teymurova, əməkdar artist Elza Seyidcahan, Bakı Dövlət Universitetinin müəllimi, professor Alxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan koalisiyanın rəhbəri, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin direktoru Aynur Camalqızı bildirdi ki, qadınları fəal olan cəmiyyətlər həmişə uğur qazanır: “Bir anlığa təsəvvür edək ki, ölkə əhalisinin tən yarısı olan qadınlar evindən, mətbəxindən kənara çıxmaq istəmir, ictimai-siyasi proseslərdən kənarda qalmaqla kifayətlənir. O cəmiyyətin, o dövlətin vəziyyəti necə olar? İnkişaf edə bilərmi? Təbii ki, yox! Ona görə də Azərbaycan qadını öz taleyinə biganə qalmamalıdır. Bu isə o deməkdir ki, seçkilərdə fəal olmalı, ən layiqli namizədə səs verməli və öz taleyi kimi, seçkinin də taleyini həll etməlidir. Çünki Azərbaycanda sayca çox olan qadın seçicilər həmişə seçkilərin taleyini həll edə, seçkinin nəticələrinə təsir edə biliblər. Yəqin ki, bu dəfəki prezident seçkilərindən sonra da biz qadınlar cəsarətlə deyə biləcəyik ki, Azərbaycan Respublikasının Prezidentini məhz biz seçdik!”
A.Camalqızı əlavə etdi ki, əslində Azərbaycan qadını çox müdrikdir: “Onlar hər seçkidə öz müdrikliklərini nümayiş etdiriblər. Azərbaycan qadını, azərbaycanlı ana artıq öz seçimini edib. Ona bəllidir ki, indi çox məsuliyyətli bir dönəmdir. Və bu dönəmdə öz ölkəsinin, öz xalqının, öz ailəsinin, öz övladlarının taleyini, gələcəyini kimə etibar edə bilər. Bu səbəbdən də 9 oktyabr seçkilərinin nəticələrinin məhz bu dövlətin, bu xalqın xeyrinə olacağı şübhəsizdir”.
Xalq artisti Nəzakət Teymurova son illərdə Azərbaycan mədəniyyətinin uğurlarından danışaraq bildirdi ki, Heydər Əliyev Fondunun klassik musiqimizə diqqət və qayğısından saatlarla danışmaq olar: “Təkcə muğamın dirçəldilməsi və inkişafı naminə görülən işləri xatırlatmaq məncə, yerinə düşər. Bayağı musiqilər, şou-biznes muğamı az qala arxa plana keçirmişdi. Məhz bu fondun həssas munasibəti və qayğısı nəticəsində muğam əvvəlki şöhrətini özünə qaytardı. Hər il keçirilən muğam müsabiqələri, muğam ifaçılarina fəxri adların, dövlət mükafatlarının verilməsi bunun bariz nümunəsidir: “Mən hər dəfə xarici ölkələrin ən mötəbər konsert salonlarında Azərbaycan musiqisini eşidəndə, Azərbaycan bayrağının dalğalandığını görəndə çox kövrəlirəm. Bu, dəyərlərimizə sayğı olmaqla yanaşı, mədəniyyətimizin dünyada təbliğidir, musiqimizin qəbul edilməsidir, dahi Üzeyir Hacıbəylinin ruhunu yaşatmaqdır. Mən bir sənət adamı kimi dövlətimin bu siyasətini dəstəkləyirəm”.
Əməkdar artist Elza Seyidcahan “Qadınlar və seçkilər” koalisiyasının bölgələrdə keçirdiyi görüşlərə həvəslə qatıldığını bildirdi. O, yaxın günlərdə “Uğura doğru” adlı konsert proqramı ilə musiqisevərlərin qarşısına çıxacağını bəyan etdi: “Mən bu konsertimi ölkəmizdə keçiriləcək prezident seçkilərinə və təbii ki, bu seçkilərin favoritinə həsr edəcəyəm. Hamınızı həmin konsertə dəvət edirəm”.
BDU-nun müəllimi, professor Alxan Məmmədov bildirdi ki, 9 oktyabr seçkisində iştirakımızla Azərbaycanda seçki mədəniyyətinin, seçki ənənələrinin dərin köklərə malik olduğunu bütün dünyaya bir daha nümayiş etdirə bilərik: “Dünyanın ən inkişaf etmiş ölkələri öz qadın vətəndaşlarına seçmək hüququnu tanımayanda, Avropada qadınlar bunun uğrunda mübarizə aparanda, Azərbaycan Demokratik Cümhuriyyəti 1918-ci ildə qadınlara seçmək hüququ vermişdi. Çünki bu dövləti quranlar anlayırdı ki, qadınların iştirakı olmadan dövləti idarə etmək mümkün deyil”. A.Məmmədov əlavə etdi ki, qadınlar seçki günü fəal olmaqla Azərbaycanda şəffaf və demokratik seçki keçirildiyini sübut edə bilərlər: “Siz qadınlar buna qadirsiniz. 9 oktyabrda ailə üzvlərinizlə birlikdə səsvermə məntəqələrinə gedin, səs verin və bu xalqın seçki mədəniyyətinə malik olduğunu sübut edin. Sübut edin ki, qadın – gerçəkdən də böyük qüvvədir!”
Fəlsəfə doktoru Şərəf Cəlilli bildirdi ki, Xızı böyük Cəfər Cabbarlını, Mikayıl Müşfiqi Azərbaycan xalqına bəxş edən yurddur: “Belə dahiləri dünyaya gətirən analar, qadınlar heç vaxt yanlış seçim etməzlər. Bu yurdun övladları Azərbaycan mədəniyyətinə hər zaman böyük töhfələr veriblər. Həmin şəxsiyyətlərin ruhu bu gün də hörmətlə anılır”. Ş.Cəlilli əlavə etdi ki, Azərbaycan xalqı həmişə işığa tapınıb: “Biz həmişə işığa can atırıq. Bu gün sizin gözlərinizdən də o işıq, o atəş görünür. Aydın görünür ki, bu zalda əyləşən xanımlar insan kapitalının neft kapitalından daha uca tutulmasını, yetimin, kimsəsizin qolundan yapışılmasını, Mübariz İbrahimovun nəşinin bu torpağa qaytarılmasını, Ramil Səfərovu azadlığa qovuşdurulmasını yüksək qiymətləndirir...”
Tədbirdə Xızı rayonundan olan qadınlar da çıxış edərək artıq seçimlərini etdiklərini və Azərbaycanı işıqlı gələcəyə aparacağına inandıqları bir namizədə səs verəcəklərini qeyd etdilər.
Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan “Qadınlar və seçkilər” koalisiyasına 5 qadın təşkilatı daxildir. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər