• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Prezidentdən tarixi fərman

24.01.17 10:30 1921
Prezidentdən tarixi fərman
Prezidentİlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan prezidentinə məlumat versin. Eyni zamanda, Azərbaycan prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim eləsin, həmçinin bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Bununla yanaşı, Fərmanda Dövlət Neft Şirkəti, "Azərişıq” və "Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırılıb.
Hər şeydən öncə qeyd etmək yerinə düşər ki, bu mühüm dövlət sənədinin imzalanması dövlət başçısı İlham Əliyevin vaxtilə bəyan etdiyi - "Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - vədinin əməldə daha bir əyani sübutudur. Azərbaycan prezidenti ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasını, o cümlədən aztəminatlı ailələrin problemlərinin həllini, xüsusən də qaçqın və məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət mərkəzində saxlayır, bu məsələyə həssaslıqla yanaşır. Ötən ilin sonlarında Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinə diferensiallaşdırılmış şəkildə yanaşması zamanı da bu həssaslıq hiss olundu. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş oldu. Təbii ki, bu, ölkə vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı. Ən əsası isə, təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması əhalinin sosial baxımdan həssas və aztəminatlı təbəqəsinə kömək etdi. Bu qərar, eyni zamanda, bir daha ölkə rəhbərinin aztəminatlı əhaliyə qayğısını nümayiş etdirdi.
Azərbaycan Prezidentinin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı da öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır. Milli Məclisin deputatı Aydın Mirzəzadə də hesab edir ki, ölkə başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı əhalinin bütün təbəqələrinin, ilk növbədə məcburi köçkünlərin, eləcə də bu təbəqəyə bərabər tutulan şəxslərin sosial vəziyyətinin daim prezidentin diqqətində saxlanıldığının göstəricisidir. Deputatın sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi onların əvvəlki xərc və kommunal müavinətlərin birbaşa pul vahidi ilə əvəzlənməsinə gətirib çıxarır. Bu isə məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədiyi kimi istifadə etməyə imkan verir. Millət vəkili bildirib ki, bütün bunlar hər bir ailə üzvü üçün nəzərdə tutulduğundan, Fərmanın tətbiqi böyük məcburi köçkün ailələrinin böyük məbləğ əldə etməsinə səbəb olacaq: "Bu, məcburi köçkünlərə dövlət tərəfindən yeganə maddi diqqət deyil. Biz bilirik ki, ən azı 25 min məcburi köçkün ailəsi üçün Bakıda və digər regionlarda dövlət hesabına mənzillər tikilir. Məcburi köçkün ailəsi ödənişli məktəblərdəoxuduqda, onlar təhsil haqqından azad edilirlər. Həmçinin digər güzəştlər də nəzərdə tutulur. Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin, sosial diqqətə ehtiyacı olan bütün vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi üçün mütəmadi addımlar atacaq”.
Sonda bir daha qeyd edək ki, məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanla dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığı təmin ediləcək, çatdırılma mexanizmi sadələşdiriləcək. Elə məcburi köçkünlər də bundan sonra onlara ayrılan vəsaitlə necə davranmalı olduqlarını biləcək, bu sahədə üzləşdikləri müəyyən problemlərlə bir daha rastlaşmayacaqlar. Ən nəhayət, Fərmandan irəli gələn məsələlərin həllini tapması büdcə vəsaitlərinin səmərəli xərclənməsinə də yol açacaq.
Alpər TURAN
banner

Oxşar Xəbərlər