Prezidentdən tarixi fərman
Prezidentİlham Əliyev məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi
haqqında fərman imzalayıb. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər
üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər
bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində
vahid aylıq müavinəti müəyyən edilib.
Bundan irəli gələrək, Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılıb ki, vahid aylıq müavinətin şamil ediləcəyi
kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan
prezidentinə məlumat versin. Eyni zamanda, Azərbaycan prezidentinin aktlarının
bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində
hazırlayıb dövlət başçısına təqdim eləsin, həmçinin bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin. Bununla yanaşı, Fərmanda Dövlət Neft Şirkəti,
"Azərişıq” və "Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinə məcburi köçkünlərin
məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək
tapşırılıb.
Hər şeydən öncə qeyd etmək yerinə düşər ki, bu
mühüm dövlət sənədinin imzalanması dövlət başçısı İlham Əliyevin vaxtilə bəyan
etdiyi - "Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - vədinin əməldə
daha bir əyani sübutudur. Azərbaycan prezidenti ölkə vətəndaşlarının sosial
rifahının yaxşılaşdırılmasını, o cümlədən aztəminatlı ailələrin problemlərinin
həllini, xüsusən də qaçqın və məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət
mərkəzində saxlayır, bu məsələyə həssaslıqla yanaşır. Ötən ilin sonlarında
Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinə diferensiallaşdırılmış
şəkildə yanaşması zamanı da bu həssaslıq hiss olundu. Azərbaycan Prezidenti
İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da
genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üçün tarifi
dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən
1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcmi isə 250
kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da son tarif
tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı
təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80
faizədək yüksəlmiş oldu. Təbii ki, bu, ölkə vətəndaşlar tərəfindən rəğbətlə
qarşılandı. Ən əsası isə, təbii qaz və elektrik enerjisindən istifadəyə görə
güzəştli limitlərin artırılması əhalinin sosial baxımdan həssas və aztəminatlı
təbəqəsinə kömək etdi. Bu qərar, eyni zamanda, bir daha ölkə rəhbərinin
aztəminatlı əhaliyə qayğısını nümayiş etdirdi.
Azərbaycan Prezidentinin məcburi köçkünlər üçün
vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı da öz yurd-yuvasından
didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır. Milli Məclisin deputatı Aydın Mirzəzadə də hesab edir ki, ölkə
başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün
vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı əhalinin bütün
təbəqələrinin, ilk növbədə məcburi köçkünlərin, eləcə də bu təbəqəyə bərabər
tutulan şəxslərin sosial vəziyyətinin daim prezidentin diqqətində
saxlanıldığının göstəricisidir. Deputatın sözlərinə görə, məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi
onların əvvəlki xərc və kommunal müavinətlərin birbaşa pul vahidi ilə
əvəzlənməsinə gətirib çıxarır. Bu isə məcburi köçkünlərə özlərinin ailə
büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədiyi kimi istifadə
etməyə imkan verir. Millət vəkili bildirib ki, bütün bunlar hər bir ailə üzvü
üçün nəzərdə tutulduğundan, Fərmanın tətbiqi böyük məcburi köçkün ailələrinin
böyük məbləğ əldə etməsinə səbəb olacaq: "Bu, məcburi köçkünlərə dövlət
tərəfindən yeganə maddi diqqət deyil. Biz bilirik ki, ən azı 25 min məcburi
köçkün ailəsi üçün Bakıda və digər regionlarda dövlət hesabına mənzillər
tikilir. Məcburi köçkün ailəsi ödənişli məktəblərdəoxuduqda, onlar təhsil
haqqından azad edilirlər. Həmçinin digər güzəştlər də nəzərdə tutulur.
Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin, sosial diqqətə ehtiyacı
olan bütün vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi üçün mütəmadi
addımlar atacaq”.
Sonda bir daha qeyd edək ki, məcburi köçkünlər üçün
vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanla dövlət büdcəsindən
məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün
ayrılan vəsaitin ünvanlılığı təmin ediləcək, çatdırılma mexanizmi
sadələşdiriləcək. Elə məcburi köçkünlər də bundan sonra onlara ayrılan vəsaitlə
necə davranmalı olduqlarını biləcək, bu sahədə üzləşdikləri müəyyən
problemlərlə bir daha rastlaşmayacaqlar. Ən nəhayət, Fərmandan irəli gələn
məsələlərin həllini tapması büdcə vəsaitlərinin səmərəli xərclənməsinə də yol
açacaq.
Alpər
TURAN