Prezident üsul-idarəsi Türkiyənin xarici siyasət kursunun səmərəliliyini artıracaq
Türkiyədə aprelin 16-da keçirilən referendumla Konstitusiyaya edilən
dəyişikliklər bu ölkənin tarixində yeni bir səhifə açdı. Çünki Osmanlı
İmperiyasının dağılmasından sonra yaradılan Türkiyə Cümhuriyyətində indiyədək
parlament üsul-idarəsi mövcud olub. Lakin son referendumla Türkiyə yeni
prezident idarəetmə sisteminə keçdi. Qardaş ölkənin yeni sistemə keçidi həm də
bölgəyə yeni bir baxışı ortaya qoymuş oldu. Türkiyənin bundan sonra yerləşdiyi
bölgəyə necə təsir edəcəyi, yürüdülən siyasətdə hansı yeniliklərin olacağı
diqqət mərkəzindədir.
Mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, türk əhalisi referenduma
çıxarılan məsələlərə müsbət münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə
tarixində ilk dəfə olaraq parlamentli respublikadan prezident üsul-idarəsinə
keçid reallaşır: "2019-cu ildən başlayaraq referendumda yer alan əsas məsələlər
tətbiq ediləcək. Nəzəri baxımından artıq Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın 2019-cu ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi
proqnozlaşdırılır. Qeyd edim ki, məhz həmin ilin noyabr ayının 3-də Türkiyədə prezident
və parlament seçkiləri keçiriləcək. Konstitusiyaya edilmiş yeni düzəlişlərə
görə, prezidentlik iki dəfə olmaqla 10 il müddətinə nəzərdə tutulur. Prinsip
etibarı ilə Türkiyədə Rəcəb Tayyib Ərdoğanın 2029-cu ilə qədər prezident
seçilməsi mümkündür. Xalqın ona böyük etimadını nəzərə alsaq, bu, real
görünür”.
Deputat qeyd edib ki, artıq Türkiyə tarixində yeni mərhələ başlayır:
"Bu yeni mərhələnin ən mühüm özəlliyi ondan ibarətdir ki, vertikal hakimiyyət
daha da güclənmiş olur. Prezident üsul-idarəsinin tətbiqi qərarların qəbulunda
çevikliyin, səmərəliliyin artmasına, idarəçiliyin təkmilləşməsinə gətirib
çıxaracaq. 51 faizdən artıq seçicinin bu referenduma şıxıraln məsələləri dəstəkləməsi
onu göstərir ki, Türkiyə əhalisi bu dəyişikliklərin baş verməsində maraqlıdır. Faktiki
olaraq, Türkiyə çox fəal xarici siyasət kursu həyata keçirir və regionda əsas
qüvvələrdən biridir. Suriya və digər ölkələrlə bağlı proseslərdə Türkiyənin
fəal iştirakı bir çox xarici qüvvələrin maraqlarına uyğun gəlmir. Bu
nöqteyi-nəzərdən müxtəlif yollarla qardaş dövlətə qarşı təzyiqlər həyata
keçirilir. Terror aktları, dövlət çevrilişinə cəhdlər də məhz fəal xarici
siyasət yürüdülməsi reallığından qaynaqlanır. Prezident üsul-idarəsinin xarici
siyasət kursunun səmərəliliyinin daha da artmasına gətirib çıxaracağını indidən
proqnozlaşdırmaq mümkündür”.
E.Nəsirli əmindir ki, Türkiyə yeni idarəetmə sistemində daha fəal,
praqmatik xarici siyasət həyata keçirəcək: "Proseslər göstərir ki, Türkiyədə şaquli
hakimiyyətin möhkəmləndirilməsi artıq zamanın tələbidir. Türkiyənin indiki
reallığında belə bir addımın atılması düzgün siyasi gedişdir və hesab edirəm
ki, bu, qardaş ölkənin daha gücləndirilməsinə gətirib çıxaracaq. Güclü Türkiyə
isə Azərbaycan üçün vacib tərəfdaşdır. Türkiyə Azərbaycanın strateji
müttəfiqdir. Türkiyənin dünyada, regionda güclənməsi Azərbaycanın həyati
maraqlarına cavab verir”.
Politoloq Elxan Şahinoğlu bildirib ki,
aprelin 16-da Türkiyədə keçirilən referendumla Konstitusiyaya edilən dəyişiklər
əsasən 2019-cu ildən qüvvəyə minəcək: "Prezidentin səlahiyyətləri 2019-cu ildə keçiriləcək
seçkilərdən sonra artacaq. O müddətə qədər prezidentin və parlamentin hüquqi
statusu necədirsə, elə də davam edəcək. Hakim partiyanın və Ərdoğanın mövqeyi
belədir ki, prezident üsul-idarəsinin tətbiqindən sonra Türkiyənin
problemlərini həll etmək daha asan olacaq. Amma bunun necə olacağını biz
indidən deyə bilmərik. Çünki 2019-cu ildə yeni prezident seçiləndən sonra
yeniliyin necə işləməsinin şahidi olacağıq. Real olaraq görəcəyik ki,
prezidentlik üsul-idarəsi ilə həqiqətən qarşıya qoyulan hədəflərə çatmaq
olurmu”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi o səviyyədədir ki, parlamentli respublikanın və ya prezident üsul-idarəsinin
buna təsiri yoxdur: "Türkiyədə hakimiyyətdə kim olur-olsun, bu ölkə daim Azərbaycanla
strateji müttəfiqliyə sadiq qalacaq. Yəni, Türkiyə ilə sıx əlaqələrimiz davam
edəcək. Eyni zamanda, Türkiyədə prezident üsul-idarəsinin tətbiqindən sonra
gözləyirəm ki, iki qardaş ölkə arasında əlaqələr daha üst səviyyəyə qalxacaq. Həmçinin
onu da nəzərə almaq lazımdır ki, 2019-cu ildən sonra baş nazir postu da
olmayacaq və hökuməti prezident formalaşdıracaq. Şərt deyil ki, yeni təyinat
alan nazirlər parlamentdən olsun. Bu mənada düşünürəm ki, bu amillər özü də
Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə daha çox rəng qatacaq”.
Bəxtiyar MƏMMƏDLİ