• çərşənbə, 24 Aprel, 15:05
  • Baku Bakı 27°C

Prezident tərəfindən Hacı Cavad məscidinin açılışı dünyaya mesajdır

16.04.18 20:47 1077
Prezident tərəfindən Hacı Cavad məscidinin açılışı dünyaya mesajdır
Aprelin 11-də ölkə əhalisinin böyük əksəriyyətinin etimadı ilə yenidən prezident seçilən İlham Əliyevin atacağı ilk addımlar həm ölkə, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. Dövlət başçısı ilk olaraq Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılış mərasimində iştirak etdi. Prezident İlham Əliyev bu addımı ilə ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını bir daha bəyan etmiş oldu.
Onu da qeyd edək ki, dövlət başçısının bu addımı həm dini, həm də siyasi baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs, görəsən prezident hansı mesajları vermiş oldu?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov xatırlatdı ki, 11 aprel tarixində İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Azərbaycan prezidenti seçildi: "Xalqımız cənab prezidentin yaratdığı bu sabitliyə, təhlükəsizliyə və inkişafa səs verdi. Dövlət başçısı xalqa müraciətində də bunları qeyd etdi və öz minnətdarlığını bildirdi ki, 15 il ərzində gördüyü işə xalqımız böyük qiymət verib, etimad göstərib və yenidən prezident seçib. Seçki gününün səhərisi İlham Əliyevin Hacı Cavad məscidinin açılışına getməsi əslində çox böyük rəmzi mənanı daşıyır. Bu da ondan ibarətdir ki, dövlət başçısı 2016-cı ili "Multikultralizm İli”, 2017-ci ili isə "İslam Həmrəyliyi İli” elan etmişdi. O qeyd etdi ki, bu illər elan olunsa da belə, bundan sonrakı illərdə də bu ənənəyə sadiq qalacağıq. Azərbaycan, sözün həqiqi mənasında, müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan insanların ümumi evidir, bizdə müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayırlar. Yəni, ölkə prezidenti bizim milli və mənəvi dəyərlərimizə çox yüksək qiymət verdiyini hər zaman özünün konkret addımları ilə təsdiqləyib. Hesab edirəm ki, seçki gününün səhərisi məhz Hacı Cavad məscidinin açılış mərasiminə gəlməsi prezidentin dini inanclarımıza olan hörmət və ehtiramının birbaşa ifadəsi və təsdiqi kimi dəyərləndirilə bilər”.

E.Nəsirov əlavə etdi ki, bu açılışın həm dini, həm də siyasi baxımdan böyük mənası var: "Dünyanın digər müsəlman ölkələri görsünlər ki, Azərbaycan prezidenti dini inanclarımıza, abidələrimizə və eyni zamanda müqəddəs dini mərkəzlərimizə, məscidlərimizə necə böyük hörmət və ehtiram bəsləyir. Şəxsi nümunə göstərir və bu nümunəyə hər bir Azərbaycan vətəndaşını dəvət edir. O cümlədən müsəlman ölkələrinin liderlərinə bir mesaj göndərir ki, biz eyni dinin daşıyıcılarıyıq və öz dini abidələrimizə hörmətlə yanaşaq. Bunun başqa bir siyasi mənası ondan ibarətdir ki, prezident dəfələrlə çıxışında qeyd etdiyi kimi, bəzi müsəlman ölkələrinin liderləri Azərbaycan torpağını işğal edən, oradakı bütün maddi və mədəni abidlərimizi, o cümlədən məscidlərimizi yerlə-yeksan edən Ermənistanla dostluq siyasəti həyata keçirirlər. Müsəlmanların müqəddəs ibadət yerləri olan məscidləri dağıdanlardan müsəlmana dost ola bilməz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan prezidentinin seçkilərdən sonra məhz məscidin açılışında iştirak etməsi həm də ölkəmizdə dövlət-din münasibətlərinin hansı səviyyədə olduğunun bir təsdiqi kimi də qiymətləndirilə bilər”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, Azərbaycan prezidenti tərəfindən hər zaman dövlət-din münasibətlərinə xüsusi diqqət yetirilib: "Məhz seçki gününün səhərisi prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə Bakıdakı möhtəşəm ibadətgahlardan birinin - Hacı Cavad məscidinin açılışını etməsi ilahi dəyərlərə ölkə başçısının sevgisinin təzahürüdür. Bu, bir daha Azərbaycan dövlətinin və prezidentinin ölkədə milli və mənəvi dəyərlərin həqiqi təəssübkeşi olduğunu sübut edir. Onu qeyd edim ki, bu məscidin inşa edilməsi və ona nəzarət də birbaşa dövlət başçısı tərəfindən həyata keçirilib. Sevindirici haldır ki, prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr ərzində yeni məscidlər inşa edilib, Gəncədə, Bərdədə olan İmamzadə kompleksləri və tarixi memarlıq abidəsi olan məscidlər yenidən təmir edilərək dindarların istifadəsinə verilib. Eyni zamanda 2016-cı ilin "Multikulturalizm İli” və 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi, beynəlxalq tədbirlərin keçirilməsi bir daha prezident İlham Əliyevin tolerantlığın, dini dəyərlərin mühafizə olunmasına hər zaman xüsusi önəm verməsinin göstəricisidir”.
C.Əzimbəyli qeyd etdi ki, dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda tarixi dini abidələr dövlətin diqqətindən kənarda qalmır: "Zaman-zaman bunun şahidi oluruq. Düşünürəm ki, dövlət başçısının seçkidən sonra ilk olaraq, uca Allah dərgahında ən savab əməllərdən biri olan məscid açılışını etməsi, inşallah, İlham Əliyevin növbəti 7 ildə Rəbbimizin rizasını qazanmasına və haqq etməsinə mübarək vəsilə olacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər