• cümə axşamı, 25 aprel, 05:17
  • Baku Bakı 19°C

2025-ci ilədək şərab ixracı 5 dəfə artırılacaq

03.05.18 17:26 866
2025-ci ilədək şərab ixracı 5 dəfə artırılacaq
Prezident İlham Əliyev mayın 3-də "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTACxəbər verir ki, Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.
Buna nail olmaq üçün şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı və ixracının artırılması, ixrac bazarlarının diversifikasiyası, şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, şərab istehsalı infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması, istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi kimi vəzifələr qoyulub.
Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq, şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq, şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdiriləcək, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənəcək, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqləndiriləcək.

Proqrama əsasənKənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə 2018–2025-ci illər ərzində şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi tapşırılıb. Bu müddət ərzində Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları isə şərab turizminin inkişaf etdirilməsini təmin etməlidir.

Qeyd edək ki, Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb. Bunun da 375 min dekalitri ixrac edilib. Ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

Proqrama əsasən,Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi,Xarici İşlər Nazirliyinə 2018-2019-cu illər ərzində Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılması tapşırılıb.

Proqramda qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.
Üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya məbləğinə yenidən baxılması da Proqramda əksini tapıb. Proqrama əsasənKənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyinə 2020-ci ildə üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya həcminin qiymətləndirilməsi tapşırılıb. Eyni zamanda İqtisadiyyat Nazirliyi,Kənd Təsərrüfatı Nazirliyi,Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Banka 2018–2025-ci illərdə şərabçılıq sahəsinə yönəldilən güzəştli kreditlərin həcminin artırılmasını təmin etməlidir.

Proqramda qeyd edilib ki, aparılan təhlillər istehsalın həcminin ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə az olduğunu göstərir. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən subsidiya məbləğinin kompensasiya payı isə son qiymətlərin formalaşdırılmasında hər zaman yüksək deyil. O cümlədən maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir.
İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
banner

Oxşar Xəbərlər