• cümə axşamı, 28 mart, 16:33
  • Baku Bakı 16°C

Prezident seçkiləri yüksək seçici fəallığı ilə müşayiət olundu - Reportaj

11.04.18 23:03 934
Prezident seçkiləri yüksək seçici fəallığı ilə müşayiət olundu - Reportaj
Dünən Azərbaycanın tarixinə prezident seçkiləri günü kimi düşdü. Qeyd edək ki, 11 aprelə qədər seçkilərə hazırlıq prosesi həyata keçirilib və seçki prosesinin Seçki Məcəlləsinə uyğun təşkili üçün Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirlər gördüyünü açıqlayıb. Şəffaflığı təmin etmək üçün səsvermə prosesi 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.
Azərbaycanda keçirilən prezident seçkilərini 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi izləyib. Həmçinin "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində "ekzit-pol" tədqiqatı həyata keçirib.
"Kaspi” qəzeti olaraq prezident seçkilərinin necə keçirildiyini, seçici fəallığını müşahidə etmək üçün bir neçə seçki məntəqəsində müşahidə apardıq. Qeyd edək ki, müşahidə etdiyimiz məntəqələrdə səhər saatlarından başlayaraq seçici kütləviliyi nəzərə çarpırdı.
45 saylı Abşeron seçki dairəsinin 31 saylı seçki məntəqəsinin sədri Namiq Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, seçkilər demokratik və şəffaf şəraitdə keçirilir. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbləri tam şəkildə yerinə yetirilir: "Seçicilər həmişə olduğu kimi, böyük ruh yüksəkliyi ilə səsverməyə gəlirlər. Onu da qeyd edim ki, seçicilər içərisində ilk dəfə səs verən seçicilərlə yanaşı, həm yaşı doxsandan çox olan seçicilərimiz də böyük həvəslə məntəqəyə gəlib öz seçimlərini edirlər. Əlavə edim ki, məntəqəmizin 1226 seçicisi var. Artıq səhər saatlarından seçici fəallığı özünü göstərməyə başlayıb. Daşınar qutu ilə bağlı isə məntəqəmizə müraciət olmayıb. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, müşahidəçilər üçün hər bir şərait yaradılıb”.
Bu məntəqənin 95 yaşlı seçicisi Əkbər Abbasov bildirdi ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində bütün seçkilərdə iştirak edib. O vurğuladı ki, sovet dövründən fərqli olaraq, indi müstəqil Azərbaycan üçün prezident seçkiləri keçirilir: "Bu seçkilər dövlətimiz, millətimiz üçün uğurlu olsun. Keçirilən hər bir seçkinin ölkəmizin firavanlığına, sabitliyinə xidmət edəcəyinə əminəm. Əmin olmasaydım, bu gün 95 yaşımda öz ayağımla məntəqəyə gəlib səsvermədə iştirak etməzdim. Bizim millətin, xalqın birlik nümayiş etdirməsi gələcək nəsillər üçün çox vacibdir. Bununla biz gənclərin vətənpərvər ruhda yetişməsinə, dövlətinə, millətinə bağlı olmasına öz töhfəmizi vermiş olacağıq. Allah dövlətimizi, millətimizi qorusun!”
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 72 saylı seçki məntəqəsinin sədri Vidadi Əsədov bildirdi ki, Seçki Məcəlləsinə uyğun olaraq saat 08:00-dan məntəqə səsverməyə açıq olub. Onun sözlərinə görə, səhər saatlarından seçicilər məntəqəyə səs vermək üçün gəlməyə başlayıblar: "Seçici fəallığı səsvermənin ilk vaxtlarından özünü göstərməyə başlayıb. Qanunvericiliyə uyğun olaraq, səsvermə prosesini izləmək üçün müşahidəçilərə lazımi şərait yaradılıb. Müşahidəçilər rahat şəkildə seçicilərin məntəqəyə daxil olmasını, bülleten əldə etməsini, maneəsiz şəkildə səsvermə kabinəsində öz seçimini etməsini və son olaraq bülleteni səsvermə qutusuna salmasını açıq şəkildə müşahidə edə bilirlər”.
V.Əsədov vurğuladı ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 72 saylı seçki məntəqəsində seçicilərin ümumi sayı 894 nəfərdir. Onun dediyinə görə, daşınar qutu ilə bağlı isə məntəqəyə müraciət daxil olmayıb.
Onu da qeyd edək ki, bu məntəqə qarşısında "exit-pol” tədqiqatı da həyata keçirilirdi. "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi "ekzit-pol” tədqiqatını könüllü olaraq həyata keçirən intervüer Seymur Ələkbərov bildirdi ki, təmsil etdiyi qurum prezident, parlament, bələdiyyə seçkilərində və referendumda "exit-pol” tədqiqatı həyata keçirib. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq indi seçicilər daha fəal şəkildə "exit-pol”da iştirak edirlər: "Onu da qeyd edim ki, "ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində 118 seçki dairəsinin 300 məntəqəsində "exit-poll” tədqiqatı həyata keçirir”.
45 saylı Abşeron seçki dairəsinin Fatmayı kəndində yerləşən 35 saylı məntəqəsindən də bildirdilər ki, seçicilər bu prezident seçkilərində çox fəal iştirak edirlər: "Seçkilər həm ölkə Konstitusiyasına, həm də Seçki Məcəlləsinə uyğun olaraq demokratik, ədalətli və şəffaf şəkildə keçirilir. Eyni zamanda qanunvericilikdən irəli gələrək müşahidəçilər üçün lazımi şərait yaradılıb. Onların hamısı seçkini diqqətlə izləyirlər”.
Məntəqədən qeyd etdilər ki, bu məntəqənin 1183 seçicisi var: "Saat 10:00-a qədər 300-dən çox seçici məntəqəyə gələrək səsvermədə iştirak edib. Bundan əlavə, daşınar qutu ilə bağlı məntəqəyə müraciət olunub. Məhz 20 seçici daşınar qutu vasitəsilə səsvermədə iştirak edəcək. Təbii ki, bu proses də qanunvericiliyə uyğun olaraq aparılacaq”.

Bəxtiyar MƏMMƏDLİ








banner

Oxşar Xəbərlər