• cümə, 29 Mart, 09:42
  • Baku Bakı 5°C

Prezident seçkiləri dünya mediasının prioritet mövzusuna çevrilib

09.10.13 07:15 1398
Prezident seçkiləri dünya mediasının prioritet mövzusuna çevrilib
Bu ay Cənubi Qafqazın iki strateji ölkəsi - Azərbaycan və Gürcüstanda prezident seçkiləri keçiriləcək. Oktyabrın 9-da Azərbaycan, 27-də isə gürcü xalqı prezidentlərini seçəcək. Əsas diqqət şübhəsiz ki, Azərbaycana yönəlib. Seçki prosesinin birinci mərhələsində olduğu kimi, ikinci mərhələdə də Qərb, Rusiya və Türkiyə mətbuatı seçki prosesini kifayət qədər işıqlandırdı.
Prezident seçkiləri kampaniyası, onun gedişi, namizədlər dünya mediasının prioritet mövzuları sırasında oldu. Elə Mərkəzi Seçki Komissiyasında qeydə alınan mətbu orqanların geniş siyahısı da bunu deməyə əsas verir. Artıq 20-dən çox beynəlxalq KİV-in 70-ə yaxın nümayəndəsi akkreditə olunub. MSK-da akkreditə olunmuş KİV-lərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today” telekanllarının, Bloomberg News, Reuters, İTAR TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentlikərinin, "Vesti Seqodnya”, "Exo Planetı”, "New- York Times” kimi qəzetlər var. Dünyanın aparıcı elektron və çap mediası seçki kampaniyası başlanandan prosesi işıqlandırdı və qiymətini verdi. Düzdür, bu mətbu orqanlar arasında seçkilərin nəticələrini qərəzli işıqlandıranlara da rast gəlinsə də, əksər KİV-lər prosesə obyektiv münasibət açıqladılar.
Məsələn, Türkiyənin mətbu orqanlarında dərc edilən məlumatların böyük əksəriyyəti obyektivliyi ilə seçilib. “Zaman” qəzetində dərc edilən “Azərbaycan prezident seçkilərinə hazır” başlıqlı məqalədə seçki prosesinin bütün beynəlxalq standartlara cavab verdiyi vurğulanıb. Seçki prosesində bütün namizədlər üçün bərabər şərait yaradıldığı, xalqın iradəsinin şəffaf əngəlsiz həyata keçməsi üçün bütün hazırlıqların başa çatdığı bildirilib. “Mərkəzi Seçki Komissiyası seçkilərdə səslərin hesablanması və hər kəsin sərbəst şəkildə səs verməsi üçün hər cür işləri görüb başa çatdırıb. Məntəqələrdə veb kameraların quraşdırıldığı, seçki qutularına hər hansı bir problemin yaşanmaması üçün təhlükəsizlik kameraları da quraşdırılıb. Seçki qutularının internetdə izlənməsi üçün, eləcə də işıq kəsilməsi zamanı ortaya çıxacaq problemləri aradan qaldırmaq üçün məntəqələrdə generatorlar da quraşdırılıb”. Qəzetin “Qafqazın parlayan ulduzu” başlıqlı məqaləsində də seçkilər ərəfəsi Azərbaycandan bəhs edilib. Seçki kampaniyası zamanı müxalifətin aksiyalar keçirməsi üçün heç bir maneənin olmadığından söhbət açılıb: “Seçki sisteminin daha da təkmilləşdirilməsi, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün müasir İnformasiya-Kommunikasiya Texnologiyalarının imkanlarından geniş istifadə olunur. “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılıb”. Seçki sistemində avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi də yüksək qiymətləndirilib: “Azərbaycan bu sahədə ön sıradadır. Yeni sistem dairə seçki komissiyalarına imkan verəcək ki, seçici fəallığı və seçkilərin ilkin nəticələri ilə bağlı məlumatları daha operativ və təhlükəsiz şəraitdə MSK-ya ötürsünlər. Protokolların qəbulu başa çatdıqdan sonra isə namizədlərin topladıqları səslərin bölgüsü ilkin nəticə olaraq ictimaiyyətin diqqətinə çatdırılacaq. İşin səmərəsinin artırılması məqsədilə dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktik treninqlər də keçirilib”.
Türkiyənin nüfuzlu Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM) isə “Azərbaycanda prezident seçkiləri - reallıqlar və gözləntilər” başlıqlı hesabat dərc edib. Qurumun saytında yerləşdirilən geniş hesabatda seçkilərin mümkün nəticələrinin ölkənin gələcək taleyinə mümkün təsirləri araşdırılıb. Xarici qüvvələrin bu seçkilərin nəticələrindən də gözləntilərinin olduğu vurğulanıb. “Qarşıdakı 5 il ərzində müxalifət və hakimiyyət arasında qüvvələr balansı” adlı bölmədə isə geniş şəkildə müxalifətin gücsüzlüyündən bəhs edilib, müxalifətin bu seçkilərdə qalib gəlmək şansının xeyli aşağı olduğu vurğulanıb. “Seçkilərin favoriti İlham Əliyev” adlı hissədə isə seçkilər ərəfəsində keçirilən rəy sorğularının nəticələrindən bəhs edilib.
Rusiya nəşrləri də oktyabrın 9-da keçiriləcək seçkiləri diqqət mərkəzində saxlayıblar. Bu ölkənin aparıcı KİV-ləri “Nezavisimaya qazeta”, “Komsommolskaya pravda”, “Moskovski komsomolets”, qəzetləri “İTAR TASS”, “RİA Novosti” kimi nüfuzlu agentlikləri, “Lenta. ru” xəbər portalı demək olar ki, hər həftə seçki kampaniyasının gedişi, prosesə qatılan namizədlər və s. məsələlərlə bağlı mövqelərini ortaya qoyublar. Məsələn, “İTAR TASS” “Azərbaycanda prezident seçkiləri oktyabrın 9-dadır” başlıqlı məqalədə yazır ki, Seçki Məcəlləsinə uyğun olaraq oktyabrın 9-u Azərbaycanda qeyri-iş günü elan edilib. Sonra isə Azərbaycanda indiyə qədər keçirilən prezident seçkilərinin tarixi ilə bağlı ətraflı məlumatı oxucularına çatdırıb. Sonuncu prezident seçkilərində indiki prezident İlham Əliyevin seçicilərin 88 faiz səsini əldə etdiyi bildirilib. Məqalədə həmçinin prosesə qatılan namizədlər və onlar barədə ətraflı məlumat verilib. Bu dəfəki prezident seçkilərində rekord sayda - 10 namizədin qatıldığı vurğulanıb. Bütövlükdə seçki günü ölkədə 5491 seçki məntəqəsinin açıq olacağı, seçki prosesinin 125 məntəqədə keçiriləcəyi və orada 5 mln.145 min insanın səs verə bilinəcəyi göstərilib. Eləcə də ölkənin hüdudlarında 38 diplomatik nümayəndəlikdə səs verə bilinəcəyi göstərilib. Səsvermə günü ölkədə dünyanın 100 ölkəsindən, 50 beynəlxalq təşkilatdan, o cümlədən Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları, MDB və MDB-nin Parlament Assambleyasından 1300 müşahidəçinin təşrif buyuracağı göstərilib: “Bundan əlavə seçki prosesinin gedişini 40 min yerli müşahidəçi izləyəcək. Seçkilərin şəffaf keçməsinə isə vebkameralar imkan verəcək. Bu kameralar mindən artıq seçki məntəqəsində quraşdırılıb. İstənilən şəxs onlayn rejimində səsvermənin gedişini müşahidə edə biləcək.
Qərb nəşrləri isə daha çox prezident seçkiləri ərəfəsindəki regionda mövcud duruma diqqət ayırıblar. ABŞ-ın “UPİ” agentliyi yazır ki, seçkilərin nəticələri Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir: “Əvvəlki kursun qorunub saxlanılması ABŞ üçün böyük əhəmiyyət kəsb edir. ABŞ prezidenti Barak Obama İran probleminin həlli üçün buna böyük önəm verir. Ağ ev İranın yeni rəhbərliyi ilə yaxınlaşmaq üçün vasitələr axtarır. Belə olan təqdirdə ən əlverişli hal kursa sadiqlik ola bilər”. Daha sonra qeyd edilir ki, İsrail də Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır: “Türkiyə ilə İsrail arasında münasibətlər pisləşdikdən sonra rəsmi Təl-Əviv Azərbaycanla münasibətləri möhkəmləndirmək xətti götürüb”.
Beləliklə, bütün bunlardan çıxış edərək bu qənaətə gəlmək olar ki, əvvəl olduğu kimi, seçkinin səhərisi də beynəlxalq media orqanları seçkilərə obyektiv, qərəzsiz qiymət verəcək, əsl həqiqəti çatdıracaqlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər