• şənbə, 20 Aprel, 07:32
  • Baku Bakı 14°C

“Prezident medianın problemlərinin aradan qaldırılması üçün səy göstərir”

27.11.13 08:07 1421
“Prezident medianın problemlərinin aradan qaldırılması üçün səy göstərir”
“RUH” Jurnalistlərin Müdafiə Komitəsinin prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” seçməsi ilə bağlı təşkil olunan təqdimetmə mərasimi haqqında xoş fikirlər bitib tükənmir. Belə ki, orada iştirak edən jurnalistlərin tədbir haqqında ən xoş sözləri səsləndirməsi cəmiyyətin marağına və müsbət hadisə kimi qiymətləndirilməsinə səbəb olub. Təqdimat mərasimi barədə təəssüratlarını qəzetimizə açıqlayan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli dedi ki, görüşün formatı prezidentə təqdim edilən mükafatla bağlı olsa da, ölkə başçısı vaxt ayırıb jurnalistlər və media rəhbərləri ilə geniş, səmərəli müzakirə keçirdi: “Bu, Prezidentin geniş jurnalist auditoriyası ilə təqribən son üç il ərzində təşkil olunan dördüncü görüşü idi. 2010-cu ildə Mətbuat Şurasında, sonra Gülüstan sarayında geniş toplantı oldu. Daha sonra iyul ayında jurnalistlər üçün tikilən binadakı mənzillərin təqdim olunması mərasimi və nəhayət, bu görüş-hər biri prezidentin mediaya olan böyük diqqət və qayğısının göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan mərasimdə media işçiləri problemləri ilə bağlı cənab prezidentə informasiya verdilər. Biz isə onun artıq bu məsələlərdən xəbərdar olduğunun şahidi olduq. Dövlət başçısının problemlərə verdiyi reaksiya onu deməyə əsas verir ki, o, medianın problemləri ilə bizdən də çox maraqlanır və onların aradan qaldırılması üçün səy göstərir. Zənnimcə, prezident bu məsələlərin jurnalistlərin dilindən səslənməsinə üstünlük verdi”.
M.Ələsgərlinin fikrincə, jurnalistlərə zəruri hesab etdikləri problem barədə ətraflı danışmaq və fikir mübadiləsi aparmaq üçün şərait yaradılması çox yaxşı haldır. Ondan da yaxşı hal isə prezidentin reaksiyasının çox gecikməməsidir: “Adətən belə görüşlərdə problemlər dinlənilir, bir müddət sonra isə müsbət və ya mənfi olmasından asılı olmayaraq həmin məsələyə münasibət bildirilir. Amma burada qaldırılan problemlərə cənab prezident dərhal, anında reaksiya verdi. Bu, çox xoş haldır. Ölkə başçısının da qeyd etdiyi kimi, yəqin ki, məmurlar onun danışığını eşidiblər və problemləri dərhal aradan qaldırmaq üçün çalışırlar”.
Müsahibimiz jurnalistləri qayğılandıran məsələlərin yaxın zamanda aradan qaldırılacağına əminliyini vurğuladı. Çünki Azərbaycanda medianın inkişafı üçün çox böyük addımlar atılır, mühüm işlər görülür: “Daxil olduğumuz region dövlətləri və tarixən münasibətdə olduğumuz ölkələrlə müqayisə aparsaq, Azərbaycanda medianın inkişafı üçün bir çox gərəkli layihələrin həyata keçirildiyinin şahidi olarıq. Ölkəmizdə bu inkişafa dialoq vasitəsilə nail olunub. Xatırladım ki, bir neçə dəfə ölkə rəhbərliyi ilə jurnalistlərin, media rəhbərlərinin bu cür səmimi diskussiyaları keçirilib. Nəticə də göz qabağındadır. Nailiyyətlərin hər birinin səbəbi ölkə başçısının dövlət qurumları ilə apardığı sağlam dialoqun üzərində qurulub. Ona görə də bu cür müzakirələrin, diskussiyaların davamlı olmasını arzu edirəm. Hesab edirəm ki, belə olan halda Azərbaycan mediası daha da irəli gedib ən böyük nailiyyətləri qazana bilər”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, prezidentin jurnalistlərlə bu görüşü hər şeydən öncə, onun qətiyyətli bir şəkildə dostluğa sadiq olduğunu qeyd etməsi ilə yadda qalıb. Bundan başqa səmimi abı-havada keçən görüşdə hər kəsə fikirlərini demək üçün məhdudiyyətsiz şərait yaradılıb: “Prezident təbrikləri də, tənqid və istəkləri də həvəslə və təmkinlə dinlədi. Özəl olaraq vurğulamaq istərdim ki, cənab prezident Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə, 1980-ci illərin sonunda başlayıb Azərbaycanı müstəqilliyə qovuşdurmuş xalq hərəkatı haqqında çox dəyərli fikirlərini bizimlə paylaşdı. Yəni, bir prezident olaraq ölkəmiz, millətimiz haqqında və Azərbaycanın gələcəyi ilə bağlı strateji hədəflərə yönəlik fikirlərini media təmsilçilərilə açıq söhbətdə dilə gətirdi. Mən bir daha əmin oldum ki, başçımız Azərbaycanın milli, dövlətçilik maraqlarına sadiqdir, ölkədə yüksək standartlara uyğun vətəndaş cəmiyyətinin və siyasi sistemin oturuşmasında istəklidir”.
Prezidentin sıx olan gündəliyinə baxmayaraq, bu görüşü uyğun görməsi, özü də məhz istirahət günü olan bazar gününə salması onun mediaya olan xüsusi diqqətinin göstəricisidir: “O da bizim hər birimiz kimi bazar günü istirahət etmə haqqına sahibdir. Amma özünün də dediyi kimi “Prezidentin iş rejimi normalaşdırılmır” və o, bayram-bazar demədən işləyir. Dövlət başçısı bu qəbulda həddən ziyadə təvazökar, sadə və açıq fikirli bir insan təsiri bağışladı. Düzdür, onun bu keyfiyyətlərini mediadan izlədiyimiz fəaliyyətlərində də fərq edirik. Ancaq üzbəüz görüşüb bu halı müşahidə etməyin başqa yeri var. Mükafatını qəbul etdikdən sonra etdiyi çıxışda eşitmək istədiyimiz bir çox məsələlərə toxundu. Özü də tam açıq, sərbəst və görüşdə iştirak edən ağsaqqalımız Şirməmməd Hüseynovun sözüylə desək, “şparqalkasız” çıxış etməsi diqqətimi çəkdi”.
Müsahibimiz ifadə azadlığından yana olan şəxs kimi bir məqamı ayrıca qeyd etdi: “Prezident özünün ilk çıxışını bitirdikdən sonra masa arxasında əyləşənlərə üzünü tutub, “buyurun, kimin fikri varsa, dinləyək” deməklə hər kəslə söhbətə hazır olduğunu göstərdi. Çünki oraya toplaşanlar tək bir kəsimi – hakimiyyət mediasını təmsil etmirdi. “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” kimi birbaşa hakimiyyətə bağlı olan qəzetlərdən tutmuş “Yeni Müsavat”, “Bizim yol” kimi özünün radikal mövqeyi ilə seçilən qəzetlərə kimi görüşdə təmsil olunurdu. Hələ nəzərə almaq lazımdır ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu eyni zamanda prezidentə qarşı kəskin mövqeyi ilə seçilən Müsavat Partiyasının təmsilçisidir. Ancaq cənab prezident bunu da adi hal kimi qəbul edərək Rauf bəyə də çıxış üçün şərait yaratdı. Yəni siyasi mövqeyinə görə kimsəyə ayrı-seçkilik edilmədi”.
CASCFEN sədri nəzərə çatdırdı ki, prezident İlham Əliyev belə yüksək vəzifə sahibi olmasına rəğmən, olduqca sadə, səmimi və açıq bir insandır. Bu məqam bir vətəndaş, eyni zamanda da bir media təmsilçisi olaraq onu çox sevindirib.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər