• şənbə, 20 Aprel, 02:38
  • Baku Bakı 15°C

Prezident: İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək

21.05.20 17:09 781
Prezident: İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək
İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.
Prezident İlham Əliyev bildirib:
"İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb. Ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz.
Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə, müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Bu sahədə də böyük pozuntular var, yerlərdən mənə şikayətlər gəlir. Keçən il də quraqlıq olub, bu il də quraqlıqdır və biz sudan böyük qənaətlə istifadə etməliyik. Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün mənim Sərəncamımla xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır. Ona görə siz bu sahədə bütün vəziyyəti təhlil edin. Əlbəttə, mərkəzi icra orqanları bu məsələ ilə məşğuldurlar və komissiyanın tərkibində nazirlər təmsil olunur. Amma yerlərdə siz bu işlərə ciddi fikir verin, təftiş aparın və məlumat verin. Çünki biz əgər ancaq bu itkiləri azaltsaq, kənd təsərrüfatında daha böyük irəliləyişə nail ola bilərik. Eyni zamanda, suyun ədalətli bölüşdürülməsi məsələsi də çox aktualdır. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır".
banner

Oxşar Xəbərlər