AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan tarixi hadisə

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan tarixi hadisə

Cəmiyyət
13 İyul 2020, 13:15 158
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi ölkəmizə beynəlxalq aləmdə olan böyük etimadın və hörmətin bariz nümunəsi olmaqla yanaşı, dövlət başçımızın qlobal liderlik qabiliyyətinin daha bir göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Azərbaycan ilk gündən koronavirus pandemiyasına qarşı təkcə yerli və regional səviyyədə deyil, o cümlədən qlobal miqyasda fəal mübarizə aparır.

Deputat bildirib ki, bu gün dünyada koronavirusa qarşı effektiv mübarizənin qlobal həmrəylik sayəsində mümkün olmasının vacibliyi qeyd olunur: "Cənab Prezident İlham Əliyev ilk gündən məhz bu prinsipi əsas götürərək qlobal həmrəyliyin təmin olunması istiqamətində ciddi addımlar atıb və mühüm təşəbbüslərlə çıxış edib.

Pandemiyaya qarşı birgə mübarizənin vacibliyini önə çəkərək ilk dəfə məhz Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və mühüm nəticələr əldə olundu.

Bunun ardınca isə Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə 2-ci yerdə dayanan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü baş tutdu.

Hər iki toplantı bu qlobal təhlükəyə qarşı mübarizədə dünya dövlətlərinin həmrəyliyinin və əməkdaşlığının möhkəmlənməsi istiqamətində mühüm addım oldu.

Bütün bunlarla kifayətlənməyərək, cənab Prezident daha möhkəm qlobal həmrəyliyin təmin olunması məqsədilə BMT-nın xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və dünya dövlətlərinin böyük dəstəyini qazandı.

Bildiyiniz kimi BMT tarixində 30 xüsusi sessiya keçirilib və 31-ci xüsusi sessiya məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Bu çox mühüm tarixi və qürurverici bir hadisədir. Bu hadisə BMT tarixində Azərbaycanın adını əbədiləşdirəcək və daim ölkəmiz xüsusi olaraq qeyd ediləcək”.

Deputat vurğulayıb ki, eyni zamanda ölkəmiz pandemiya dövründə ayrı-ayrı ölkələrə humanitar yardımlar edib: "Azərbaycan koronavirusla mübarizə çərçivəsində 30-dan artıq ölkəyə humanitar yardım edib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə verib. Bütün bunlar ölkəmizin beynəlxalq həmrəyliyə və təhlüksəziliyə verdiyi mühüm töhfə olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir”.