• cümə, 29 Mart, 04:53
  • Baku Bakı 7°C

Prezident İlham Əliyevin təşəbbüsləri dünya miqyasında təqdir edilir

16.05.20 21:15 684
Prezident İlham Əliyevin təşəbbüsləri dünya miqyasında təqdir edilir
Azərbaycan Prezidenti İlham Əliyev dünyada baş verən hadisələrlə bağlı da qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq dövlət başçısının təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub iki dövlət arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yeni inkişaf mərhələsinə keçdiyinin göstəricisi kimi dəyərləndirilir. Donald Trampın məktubunda da koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olduğu vurğulanır. Eyni zamanda, məktubda vurğulanır ki, Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək, həmçinin iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Həmçinin Donald Tramp ABŞ-ın regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in Minsk qrupunun həmsədri kimi bu vasitəçilik prosesində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.
Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfransda xüsusi qeyd edildi ki, dövlət başçısının təşəbbüsləri təkcə regionda deyil, dünya miqyasında da yüksək dəyərləndirilir. CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer bu təşəbbüsləri yaxşı və xoş təəssürat bağışlayan hal kimi dəyərləndirdi. O, bu işlərə rəhbərlik etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi: "COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz”. Bununla yanaşı, xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan Prezidenti kimi liderin texnologiyaya belə açıq olması, eyni zamanda, onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır və dövlət başçısı İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında da texnologiyaya dəstək verən liderlərdəndir.
CISCO şirkətinin vitse-prezidenti Qay Ditrix isə Azərbaycanda icra olunan birgə layihələrin çox gözəl nəticələr verdiyini bildirdi. O, Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi və əlaqələrin təcrübə qazanmaq baxımından əhəmiyyətini vurğuladı.
Prezidenti İlham Əliyev 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumunda iştirakı zamanı çıxışında qeyd edib ki, XXI əsrdə XX əsrin baxışı ilə uğur qazanmaq olmaz. Eyni zamanda, ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən islahatlar dünyanın aparıcı dövlətləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır və yüksək qiymətləndirirlər.
banner

Oxşar Xəbərlər