• cümə axşamı, 25 aprel, 17:38
  • Baku Bakı 23°C

Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdə hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir

18.02.17 22:22 1934
Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdə hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam neçə illərdir ölkəmizdə aparılan hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir.
Bu fikriAZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Hakimlərin Seçki Komitəsinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri Anar Bağırov deyib.
A.Bağırov qeyd edib ki, bütün bu islahatların əsasında duran fundamental sənəd qismində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı, 1998-ci il 18 iyun tarixli Sərəncam əsasında qəbul olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı qeyd etmək olar. Bu sənədlərin qəbul olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu sənədlərin qəbulundan sonra Azərbaycanda 2000-ci illərin əvvəllərindən etibarən beynəlxalq standartlara cavab verən, insan hüquqlarının kompleks müdafiəsini təmin edən sənədlər – Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələri qəbul olundu ki, bu da penitensiar sahənin inkişaf istiqamətlərini müəyyən etdi. Daha sonrakı dövrdə ölkəmizdə Ombudsman İnstitutunun yaradılması da öz növbəsində penitensiar sahədə aparılan uğurlu islahatların təcəssümü kimi qiymətləndirilə bilər.
Təbii ki, başda Azərbaycan Respublikasının Konstitusiyası olmaqla, digər sahəvi beynəlxalq sənədlər məhbusların, barəsində məhkəmə qaydasında cəza təyin olunmuş şəxslərin hüquq və azadlıqlarını ən ali səviyyədə müdafiə edir. Təsadüfi deyil ki, 2012-ci il 22 may tarixli "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü 26 fevral tarixli qərarı penitensiar sahədə tam mənada beynəlxalq standartlara cavab verən normativ qaydaları təsbit edib. Belə ki, adıçəkilən sənədlərdə BMT-nin 1955-ci il tarixli "Məhbuslar ilə davranış haqqında standart minimal qaydalar”ı, Avropa Şurasının "Avropa həbsxana qaydaların dair” 2006-cı il tövsiyələrindən doğan tələblər gözlənilib.
Qeyd olunanlar baxımından, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı inkişaf edən ictimai münasibətlərə, cəmiyyətimizdə bərqərar olmuş demokratik dəyərlərə müsbət mənada təkan verən uğurlu addım kimi dəyərləndirilməlidir.
Adıçəkilən Sərəncamda maraq kəsb edən başlıca məqamlardan biri də iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması məsələsi üzərinə xüsusi vurğunun qoyulmasıdır. Əslində iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminallaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2016-cı il 27 aprel tarixli "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamında da Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə tapşırılıb. Bütün bu faktlar dövlət tərəfindən penitensiar sahədə islahatlara sistematik və ardıcıl yanaşılmasını bir daha sübut edir.
A.Bağırov bildirib ki, ölkəmizdə məhkəmə-hüquq, cəzaların icrası sahəsində islahatlarının aparılmasından doğan zərurətdən başqa, bu Sərəncamı labüd edən bir sıra mühüm hallar da mövcuddur. Belə ki, son dövrlər aparılmış təhlillərin nəticələrinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyətinin təmin olunmasındakı çətinliklər, ictimai işlər cəzasının icrası mərhələsindəki çatışmazlıqlar, o cümlədən cəzaları icra edən müəssisələrdə müasir İKT-nin imkanlarından lazımi səviyyədə istifadə edilməməsi Sərəncamın qəbulunu şərtləndirib. Həmçinin böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi də öz növbəsində məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinin əsas səbəblərindəndir.
Sadalanan bu səbəblərin və onların doğurduğu fəsadların əsaslı şəkildə aradan qaldırılması məqsədilə Sərəncamda çoxsaylı tapşırıq və tövsiyələrlə yanaşı, həll kimi Ədliyyə Nazirliyi nəzdində Probasiya xidmətinin yaradılması qərara alınıb. Probasiya xidmətinin mahiyyəti şərti məhkum etmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasının təmin edilməsidir. Ümumiyyətlə isə, nəzərə almaq lazımdır ki, Avropada Probasiya institutunun tətbiqinin vahid təcrübəsi hələ ki, formalaşmayıb. Bu, Probasiya institutunun hər bir ölkənin cinayət-hüquq və cəzaların icrası sisteminin spesifikliyindən asılılığı ilə bağlıdır. Ona görə də çox güman ki, gələcəkdə bu institutun tətbiqi ilə bağlı cinayət, cinayət prosessual və cəzaların icrası məcəllələrində əlavə və dəyişikliklərin edilməsi qaçılmaz olacaq. Öz növbəsində bu, həm məhkəmələrin iş yükünün və penitensiar müəssisələrin yüklənməsinin azalmasında, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına, son nəticədə isə cəza siyasətinin humanistləşdirilməsinə töhfə vermiş olacaq.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, məlum Sərəncamın tətbiqi prosessual baxımdan təqsirləndirilən şəxslərin, məhkumların hüquqlarının onların müdafiəçiləri, vəkilləri tərəfindən effektiv müdafiəsi üçün də münbit zəmin yaradacaq. Çünki bu gün əslində cinayət prosesi çərçivəsində vəkillərimizin təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi zamanı çətinlikləri onlar barəsində həbs qətimkan tədbirinə alternativ qətimkan tədbirinin seçilməsinə əksər vaxt nail olmamaları ilə bağlıdır. Bu cür hal həm də böyük ictimai təhlükə törətməyən cinayətlərə də aiddir. Bu baxımdan, Sərəncamın tələblərinə riayət olunması cinayət işlərində vəkillik fəaliyyətinin səmərəliliyini artırmış olacaq. Beləliklə, ölkəmizin vəkil korpusu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış bu Sərəncamın qəbuluna müsbət yanaşaraq bu sahədə atılan ardıcıl və mütərəqqi addımları alqışlayır və belə təşəbbüslərin Azərbaycan vəkilliyi üçün müsbət töhfələr verəcəyinə əminliyini bildirir.
banner

Oxşar Xəbərlər