• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Prezident İlham Əliyevin fikirləri Türkiyə mətbuatının diqqətində

15.07.15 11:17 1171
Prezident İlham Əliyevin fikirləri Türkiyə mətbuatının diqqətində
Nazirlər Kabinetinin son iclasında çıxış edən Prezidentin Avropanı sərt tənqid etməsi haqqında məqalələr dərc olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 13-də keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Türkiyə mətbuatında da işıqlandırılıb.
Qardaş ölkənin nüfuzlu “Cihan” xəbər agentliyində Prezident İlham Əliyevin sədrliyi altında Nazirlər Kabinetinin iclasının keçirildiyi haqqında məlumat verilib: “Azərbaycan Nazirlər Kabinetinin iclası Prezident İlham Əliyevin sədrliyi ilə toplanıb. İclasda bu ilin birinci yarısının sosial-iqtisadi yekunları ilə bağlı mövzular gündəmdə olub. Toplantıda, həmçinin gələcəkdə həyata keçiriləcək layihələr haqqında da danışılıb. Nazirlər Kabinetinin iclasında maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov da çıxış edib”.
Türkiyənin məşhur “Pusuluhaber.com.tr” saytında da Nazirlər Kabinetinin son iclası, həmçinin Azərbaycan Prezidentinin çıxışı haqqında məlumat verilib. Məqalədə bildirilir ki, Prezident İlham Əliyev Avropada Azərbaycan əleyhinə qəbul edilən qətnamələrin heç bir önəm daşımadığını və heç bir ölkənin Azərbaycana diktə edə bilməyəcəyini deyib. Yazıda prezidentin digər fikirlərinə də yer verilib.
İlham Əliyev Nazirlər Kabinetinin toplantısında dünyanın bir çox bölgələrində xoş olmayan proseslərin getdiyini, Yaxın Şərqdə qanlı münaqişələrin baş verdiyini və Avropa ölkələrinin dərin iqtisadi və siyasi böhran içində olduğunu bildirib: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”.
Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi və Ermənistan baş verən son proseslər haqqında da danışıb: “Hazırda bu münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Ermənistanın hazırkı hakimiyyəti müzakirələri baykot edir və danışıqları uzatmağa çalışır. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir”.
İlham Əliyev Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi qətnaməni də tənqid edib: “Bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə də yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.
Azərbaycan Prezidenti, həmçinin heç bir ölkənin Azərbaycana diktə edə bilməyəcəyini vurğulayıb: “Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə də, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Biz öz yerimizdə dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər, onu onlar yaxşı düşünsünlər”.
Nazirlər Kabinetinin son toplantısı haqqında həmçinin “Bugün” qəzeti və “Anadolu” xəbər agentliyi daxil olmaqla, bir çox nəşrlərdə məlumatlar verilib.
Sənan Əhliman

banner

Oxşar Xəbərlər