• şənbə, 20 Aprel, 11:26
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin fikirləri dünyanın diqqətində

20.05.15 07:43 1177
Prezident İlham Əliyevin fikirləri dünyanın diqqətində
May ayının 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub. Bu tədbir haqqında Rusiya və Türkiyə mətbuatında da məqalələr dərc olunub. Şimal qonşumuzun nüfuzlu “İnterfaks” agentliyi, həmçinin “Nezavisimaya qazeta” qəzetində bu haqda yazılar dərc olunub.
“Nezavisimaya qazeta”da tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə yer verilib: “Multikulturalizm ideyası bütün dövlətlərin birgə səyi nəticəsində önə çəkilməlidir”.
Məqalədə Prezidentin çıxışı zamanı dediyi digər fikirlərə də diqqət yetirilib: “Multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.
İlham Əliyev qeyd edib ki, biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq: “Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin müzakirə edildiyi məkandır”. Məqalədə həmçinin UNESCO-nun baş direktoru İrina Bokovanın da çıxışı haqqında yazılıb.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Türkiyə mətbuatının da diqqət mərkəzində olub. Qardaş ölkənin nüfuzlu “Hürriyət”, “Bu Gun”, “Sabah” qəzetlərində, həmçinin “Trtturk” saytında bu haqda məqalələr dərc olunub.
“Trtturk” saytında “Dünya gücünü birləşdirməlidir” başlıqlı yazıda bildirilir ki, Azərbaycanda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib: “Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən forumda İlham Əliyev ilə bərabər bir çox dövlətlərin liderləri iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev dünyada neofaşist hərəkatı kimi təhlükəli meyillərin yarandığına diqqət çəkib. Prezident bildirib ki, dünya birliyi bu məsələyə diqqətli yanaşmalıdır. Onun sözlərinə görə, bu müharibəni yalnız güc birliyi ilə qazanmaq mümkündür”.
Məqalədə Prezident İlham Əliyevin multikulturalizm haqqında olan digər fikirlərinə də yer verilib: “Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər