• cümə, 29 Mart, 06:00
  • Baku Bakı 5°C

Prezident İlham Əliyevin daxili və xarici siyasətinə vətəndaş baxışı

11.04.19 18:44 2485
Prezident İlham Əliyevin daxili və xarici siyasətinə vətəndaş baxışı
Fransanın "Opinion Way” şirkəti Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. Rəy sorğusunda iştirak edən ölkə vətəndaşları müxtəlif istiqamətlər üzrə fikirlərini bildiriblər. Xüsusilə, rəyi öyrənilən ölkə vətəndaşları Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini ifadə ediblər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, beynəlxalq müstəvidə bir-birinin ardınca kataklizmlər baş verir: "Belə bir dövrdə və mürəkkəb regionda sabitlik yaratmaq o qədər də asan məsələ deyil. Bütövlükdə, vətəndaşlar dövlət başçısının fəaliyyətinin müsbət qiymətləndirməsi ilə öz fərdi baxışlarını ortaya qoyublar. Ekspert rəyi ilə qiymətləndirmə aparılsaydı, bu, daha yüksək faizlə özünü göstərmiş olardı. Ölkənin, cəmiyyətin, dövlətin maraqları baxımından cənab Prezidentin fəaliyyəti qiymətləndirilsəydi, bu göstərici 99 faizə qədər artardı. Çünki biz dərk edirik ki, hansı dövrdə yaşayırıq. Belə bir regionda ölkəni əmin-amanlıq adası kimi saxlamaq fövqəladə bacarıq, güc, zəhmət, eyni zamanda da, dövlətinə, millətinə sevgi tələb edir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan sabitliyə nail olub. Sabitlik olmadan əmin-amanlıq, iqtisadi inkişaf ola bilməz. Ona görə də, respondentlər tərəfindən birinci olaraq bunun qiymətləndirilməsi təbiidir. Bu, insanların öz həyatlarında hiss etdiklərinin inikasıdır”.
S.Alıyev qeyd etdi ki, respondentlərin Prezident İlham Əliyevin xarici siyasətini müsbət qiymətləndirməsi gözlənilən idi: "Bir faktı diqqətə çatdırım ki, məhz dövlət başçısının siyasəti nəticəsində ötən il Azərbaycanın Avrasiyanın nəqliyyat dəhlizlərindən birinə çevrilməsinin şahidi olduq. Vaxtı ilə bu layihələrə qarşı çıxanlar sonradan burada yer aldılar. Bunun özü az məsələ deyil. Eləcə də,son dərəcə mürəkkəb olan Xəzərin hüququ statusu məsələsi də 2018-ci ildə öz həllini tapdı. Məhz Azərbaycanın irəli sürdüyü bir sıra məsələlər diqqət mərkəzində oldu. Eyni zamanda hər kəsə bəllidir ki, biz hansı dünyada yaşayırıq. Bir məqama da diqqət yetirmək lazımdır ki, bu ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında strateji prioritetlər haqqında sənəd imzalanacaq. O sənədin birinci bəndində Dağlıq Qarabağ məsələsinin Azərbaycanın sərhədləri daxilində həllini tapması məsələsi yer alıb. Təbii ki, bunları da hər kəs görür və yüksək də qiymətləndirir”.

Millət vəkili Sevinc Fətəliyeva bildirdi ki, hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır: "Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımız tam təmin edilib. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın yeganə qlobal təşkilatı olan BMT-nin ən nüfuzlu orqanına - Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyini qazanaraq qeyri-daimi üzv olub. Bu da ölkəmizin milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Məlumdur ki, 2019-2022-ci illərdə Azərbaycan dünyada ikinci mötəbər, böyük təşkilat olan, 120 ölkəni öz ətrafında birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu ilin payızında bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Onu qeyd edim ki, ötən il Xəzərin hüquqi statusu ilə əlaqədar sənədin imzalanması Azərbaycanın dünyada regional və beynəlxalq səviyyədə ticarət əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaradıb, ölkəmizin qitələr və sivilizasiyalar arasındakı əhəmiyyətini daha da möhkəmləndirib ”.
Millət vəkili vurğuladı ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
S.Fətəliyeva Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də mühüm məqam kimi diqqətə çatdırıb. Onun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri bunlara misal göstərmək olar: "Prezident İlham Əliyevin fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu reallığı, keçirilən rəy sorğuları da təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın "Opinion Way” şirkəti tərəfindən də geniş rəy sorğusu keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndiriblər. Respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirib. Bu fakt, xalqımızın, dövlət başçısının fəaliyyətini, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəklədiyini göstərir. Beləliklə, ötən bir il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər