Prezident İlham Əliyevdən sosial sahədə yeni inqilabi addım
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il
tarixli Sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların
davamıdır.
Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının
məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250
manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin
yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950
minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350
mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət
büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245
milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250
manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif
Cədvəli ilə müəyyən edilmiş
aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40
faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Yeni "Minimum aylıq əməkhaqqının artırılması
haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham
Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir
daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial
paketin reallaşdırıldığını göstərir.
Belə ki, bundan əvvəl dövlət başçısının cari il
fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180
manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Göründüyü kimi,
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində
minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250
manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura
nail olmağa imkan verib.
Artımdan sonra Azərbaycan
Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə
görə (PPP) 2-ci yerdə qərarlaşacaqdır.