AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident İlham Əliyev tutarlı çıxışı ilə Azərbaycanın haqq səsini bir daha dünyaya çatdırmış oldu

Prezident İlham Əliyev tutarlı çıxışı ilə Azərbaycanın haqq səsini bir daha dünyaya çatdırmış oldu

Təfsilat
16 Fevral 2020, 19:30 1261
Azərbaycan Prezidenti İlham Əliyevin ətraflı bir şəkildə tarixi həqiqətlərə söykənərək Dağlıq Qarabağ münaqişənin səbəb və nəticələrini izah etməsi, Ermənistan hökumət başçısının saxtakarlıqla "tarixi faktlar” düzəltmək cəhdləri kimin haqlı, kimin haqsız olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin nəticəsini şərh edən siyasi araşdırmaçı Elnur İsmayıl ifadə edib.
Prezident İlham Əliyevin, sadəcə, tarixi faktlarla deyil, mövcud vəziyyəti də rəvan bir şəkildə izah etməsinə qarşılıq olaraq, Paşinyanın yalana köklənən tutarsız bəyanatları bu münaqişədə haqlı tərəfin Azərbaycan olduğunu bir daha ortaya qoyduğunu vurğulayan Elnur İsmayıl deyib: "Paşinyanın Dağlıq Qarabağı Ermənistandan kənarda "müstəqil” bir dövlət olaraq göstərməsi, daha sonra isə öz oğlunun Dağlıq Qarabağ torpaqlarında hərbi qulluq etdiyini ifadə etməsi erməni yalan və riyakarlığının bir nümunəsidir. Prezident İlham Əliyev isə münaqişə ilə bağlı mərhələli həll prinsipinin ən münasib yol olduğunu bir daha bəyan etməsi Azərbaycanın vahid, qətiyyətli və məntiqli bir xarici siyasət yürütdüyünü ortaya qoydu. Müzakirələr Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin də, dünya görüşünün də Paşinyandan qat-qat üstün olduğunu göstərdi. Prezident İlham Əliyev bu görüşlə Ermənistan daxilindəki onsuz da kritik həddə olan ictimai-siyasi gərginliyi daha da dərinləşdirməyə nail oldu. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə isə xarici və müdafiə siyasəti sahəsində daha da uğurlu inkişaf yolu tuta biləcəyinə inam artmaqdadır. Proseslər göstərir ki, Ermənistanın sülhə məcbur ediləcəyi gün uzaqda deyil. Amma Azərbaycan dünya siyasətində mövcud olan "sülh istəyirsənsə, müharibəyə hazır ol!” prinsipi ilə yaşaması onun gücünü artırmaqda davam edir”.
Elnur İsmayıl diqqətə çatdırıb ki, paneldə müzakirələr bitdikdən dərhal sonra sosial mediada, eləcə də Ermənistanın daxilində və xaricində Paşinyan sərt tənqid olunur. Erməni lobbisi qəti şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdar deyil. Bu münaqişə adı altında ianə toplamaq, yardım dilənmək Ermənistan dövlətinin və erməni lobbiçilərinin başlıca amalıdır. Onları erməni toplumunun maraq və mənafeləri maraqlandırmır.