• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev: Son 15 ildə əhalinin 1,7 milyon nəfər artımı bizim gücümüzü, ölkəmizin qüdrətini artırır

09.04.19 13:35 357
Prezident İlham Əliyev: Son 15 ildə əhalinin 1,7 milyon nəfər artımı bizim gücümüzü, ölkəmizin qüdrətini artırır
Son 15 ildə əhalinin 1,7 milyon nəfər artımı bizim gücümüzü, ölkəmizin qüdrətini artırır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, aprelin 6-da uşağın valideynlərinin həyatında, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş verib: "Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Prezident İlham Əliyev əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğunu vurğulayıb: "Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır".
Dövlət başçısı qeyd edib ki, bu hadisəni bütün xalqımız bayram edir.
Azərbaycan Prezidenti onu da bildirib ki, bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir: "Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var".
İlham Əliyev uşağın valideynlərinə sertifikat və mənzilin çıxarışını təqdim edib: "Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm. Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır. Gözəl balanızın hesabına vəsait də köçürülür. Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir".
banner

Oxşar Xəbərlər