• cümə, 29 Mart, 15:22
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Naxçıvana səfərə gedib

07.04.14 18:03 1488
Prezident İlham Əliyev Naxçıvana səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Əvvəlcə İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.
Dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak etmişdir. Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdilər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilmişdir. Burada işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılmışdır.
Diqqətə çatdırıldı ki, aerovağzal binasının yenidən qurulması və bərpasında sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaqdır. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji yükünü daha artıracaqdır. Binanın istifadəyə verilməsi Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında özünəməxsus yeri ilə seçilir.
Prezident Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.
Azərbaycan Prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış oldu. Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi vardır.
Diqqətə çatdırıldı ki, uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artmışdır. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları sərgilənir. Prezident Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxdı. Bildirildi ki, 2010-cu ilin yanvarında istifadəyə verilən zavod müasir dizaynlı “Nazlifan” markalı avtomobillər istehsal edir. İndiyədək burada 3 min avtomobil istehsal olunmuşdur. Birnövbəli iş rejimi ilə zavodun illik istehsal gücü 5 min avtomobil təşkil edir. Hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur. Modifikasiyalar ilbəil yenilənir.
Diqqətə çatdırıldı ki, son on ildə 954 istehsal və xidmət müəssisəsi yaradılmışdır. Görülən mühüm tədbirlər muxtar respublikanın sosial-iqtisadi gücünü artırmaqla yanaşı, həm də yeni iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, 2003-2013-cü illərdə 58 min 460 yeni iş yeri açılmış, bununla da işsizliyin səviyyəsi sıfıra enmişdir.
Aprelin 7-də Azərbaycan Prezidenti yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur. Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır.
Kompleksin muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.
İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Gənclər Mərkəzində kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, kompyuterlərin hər birinin internetə çıxışı təmin olunmuşdur. Mərkəzdə xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir.
Ali Baş Komandan İlham Əliyev aprelin 7-də “N” saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxmışdır. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verdi. Bildirildi ki, Naxçıvanda peşəkar ordunun yaradılması Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, həm də dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlıdır. Bu tədbirlər Azərbaycanın hərbi qüdrətinin artmasını başlıca məqsəd kimi qarşıya qoyan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ölkənin müdafiəsinə göstərdiyi diqqət və qayğı ilə bağlıdır.
Daha sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak etmişdir. Vasif Talıbov məlumat verdi ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin qayğısı sayəsində bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.
Aprelin 7-də Azərbaycan Prezidenti Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak etmişdir. Məlumat verildi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılmışdır. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Prezident İlham Əliyev aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Bildirildi ki, Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdur. O dövrün tələblərinə uyğun qurulan və uzun müddət istismar edilən sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcəkdir. Qeyd edildi ki, kompleksdə ən müasir avadanlıq quraşdırılmışdır. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlandı. Məlumat verildi ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilmiş, 19 minə yaxın mənzilə su verilmişdir. Tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur.
Ddövlət başçısı Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Yeni bina ilə tanışlıq zamanı məlumat verildi ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılmışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə fərqlənir. Kompleksə stasionar və poliklinika şöbələri, üç bölmə daxildir. Diqqətə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xəstəxanada 95 nəfərdən ibarət tibb heyəti çalışacaqdır.
Prezident İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak etmişdir.
Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır.
Əvvəlcə “Arpaçay-2” Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır.
Dövlətimizin başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasını işə saldı.
Sonra Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilmişdir. Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaqdır.
Sonra dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşdü, xatirə şəkli çəkdirildi.
banner

Oxşar Xəbərlər