• cümə axşamı, 28 mart, 13:58
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki...

18.02.20 17:11 2094
Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki...
Ekspertlər Münxen debatını Ermənistanın və havadarlarının sifətinə vurulan sillə kimi xarakterizə edirlər

Ötən həftə Prezident İlham Əliyev 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olub. Konfrans çərçivəsində keçirilən çoxsaylı görüşlər fonunda ölkəmiz üçün ən önəmli hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Bu görüşün ardınca Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələr keçirilib. Selest Volenderin moderatorluğu ilə baş tutan müzakirədə Prezident İlham Əliyev münaqişənin yaranma tarixinə nəzər salıb, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb, bunun tarixi həqiqət olmaqla yanaşı, beynəlxalq hüququn normalarına əsaslandığını dilə gətirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında çaşqın duruma düşən baş nazir N.Paşinyan vəziyyətdən çıxmaq üçün müxtəlif yalanlar səsləndirib. Bu isə onu gülüş hədəfinə çevirib. Beləliklə, Prezident İlham Əliyev erməni baş nazir N.Paşinyanı beynəlxalq ictimaiyyətin gözü qarşısında darmadağın edib, onun timsalında Ermənistanı bir daha ifşa edib. Bununla da o, növbəti dəfə məğlubiyyətin acısını dadmalı olub.


Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasınınkatibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Münxendə keçirilən debatda Ermənistanın baş naziri N.Paşinyan heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdləri ilə gülüş doğurub. Onun sözlərinə görə, müzakirənin gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb: "Bu konfransda səslənən fikirlər müəyyən vaxtdan sonra həyata keçirilə biləcək layihələr üçün sanki bir anons olur. Burada böyük dövlətləri təmsil edənlərin səsləndirdiyi fikirlər əslində həmin ölkələrin təhlükəsizlik aspektində nə edəcəklərinin bir növ reklamı olur. Bu nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyətin bu konfransa və orada müzakirə olunan məsələlərə çox böyük diqqəti olur. Məsələyə bu məntiqlə yanaşdıqda, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr olunmuş bir panelin keçirilməsi şübhəsiz ki, həm KİV-nin, həm də bütünlükdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisəyə çevrilib”.


E.Nəsirov deyib ki, Münxendə keçirilən debatda Prezident İlham Əliyev Ermənistanın Baş nazirinə tarix, siyasət, hüquq dərsi keçib və özünün nə qədər mahir diplomat olduğunu ortaya qoyub. Onun sözlərinə görə, bunun qarşılığında Paşinyanın hazırlıqsızlığı, həmçinin tarix, hüquq, siyasi biliklərinin sıfır səviyyəsində olduğu üzə çıxıb: "Məlum oldu ki, Paşinyan yalnız inqilab etmək üçün bəyanatlar verməyi bacarır. Amma reallıqda olduqca zəif bir siyasətçidir. O paneldəki müzakirələrə baxan hər bir insan bu qənaətə gəlir. Ermənistan ictimaiyyəti də artıq bu qənaətdədir. Halbuki, ermənilər öz baş nazirlərinin hazırlıqsız, bacarıqsız və Azərbaycan Prezidentinin qarşısında bu qədər sönük vəziyyətdə olduğunu əvvəllər təsəvvür belə etməzdilər. Lakin indi bu barədə bütün Ermənistan mətbuatı yazır. Münxendəki müzakirələrdə Azərbaycan prezidenti Paşinyana tarix dərsi keçdi və ilk növbədə faktlarla, arqumentlərlə sübut etdi ki, Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Hesab edirəm ki, bu fikirlərin Münxendə - beynəlxalq aləmin diqqət mərkəzində olan bir konfransda səslənməsi, dünyanın aparıcı KİV-lərində geniş şəkildə yayılması Azərbaycanın informasiya cəbhəsində qazandığı çox böyük uğurdur. Bu uğuru Prezident İlham Əliyev qazandırdı, həyata keçirdi. Bu gün Azərbaycan ictimaiyyəti növbəti dəfə öz Prezidentinə minnətdarlığını bildirir ki, o, həm "Valday”da və Aşqabadda, həm də Münxendə Ermənistanın baş nazirini çox çıxılmaz vəziyyətə salıb, onu təkzibedilməz arqumentlərlə, faktlarla tamamilə tərksilah edib. Müzakirələrdə Azərbaycan Prezidentinin məntiqə, faktlara, arqumentlərə söykənən prinsipial və qətiyyətli mövqeyi qarşısında Ermənistan Baş naziri silsilə xarakterli səhvlərə yol verməyə başlayıb. Məhz buna görə də Ermənistan ictimaiyyəti Paşinyanı ciddi qınaq obyektinə çevirib. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyevin debatdakı çıxışı Azərbaycanın böyük diplomatik qələbəsidir”.


Millət vəkili Hikmət Babaoğlu ilk dəfə olaraq Münxendə Dağlıq Qarabağ probleminə dair açıq debat keçirildiyini, bütün qlobal informasiya resurslarının diqqətinin məhz bu panel müzakirələrinə fokuslandığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dil qabiliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay edib: "Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı olaraq qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır. Bu keyfiyyətlər əsl siyasi lider keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər”.


H.Babaoğlu deyib ki, müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi: "Bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki, istər tarixi və istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana aiddir. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurula siyasi sillə idi. Bunlardan birincisi - "Erməni xalq öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox! İkinci isə - "Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq". Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik”.


Deputat Nəsib Məhəməliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirədə Prezident İlham Əliyevin faktlara əsaslanan giriş nitqi söyləməsinə, son 30 ildə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini ardıcıllıqla sadalamasına diqqət çəkib. Bildirib ki, bunun qarşılığında erməni baş nazir Paşinyan rabitəsiz, primitiv cümlələrlə özünü düşdüyü çətin durumdan çıxarmağa çalışıb: "Paşinyanın verdiyi cavablar heç bir normal tənqidə dözmür. Həmin an erməni baş nazir, imtahana hazır olmayan, bileti çəkəndən sonra konkret suallara cavab verə bilməyərək, sual ətrafında boşboğazlıq edən tələbəni xatırlatdı. Paşinyan artıq dünyanın bir çox xalqlarının lağ-lağı mövzusuna çevrilmiş mifik "böyük Ermənistan” xəstəliyindən, özünün icad etdiyi inqilablardan danışdı. Xocalı soyqırımını törətdikləri haqda öz sələflərinin etiraflarını unudaraq, hansısa ermənipərəst qəzet yazısını fakt kimi göstərməyə çalışdı. Bununla da onun nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Paşinyan kimi əsl daşnak xislətli iddialarına, Azərbaycan Prezidenti soyuqqanlı şəkildə, tutarlı, lakonik və konkret cavablar verdi. Bununla da erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü. Bir daha əmin oldum ki, Ermənistanda ciddi kadr problemləri mövcuddur. Nə qədər ki, xalq olaraq zəhərlənmiş erməni xəstəliyindən qurtarmayıblar, o ölkənin gələcəyi yoxdur. Bugünkü reallıq bundan ibarətdir. Düşmən ölkə çox gözəl başa düşür ki, ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, super güclərin regiondakı maraqları olmasa, qısa bir zamanda Azərbaycan ordusu tarixi həqiqətləri bərpa etmək iqtidarındadır. Ordumuz 2016-cı ilin aprel döyüşləri zamanı cəmi 40 dəqiqə ərzində Lələtəpə kimi yüksəkliyi işğaldan azad etməklə bunu sübut etdi. Hesab edirəm ki, Münxendəki debatdan sonra hər bir azərbaycanlı nümayiş etdirdiyi ən yüksək diplomatik keyfiyyətlərinə, xalqımızı ləyaqətlə təmsil etdiyinə görə öz Prezidenti ilə bir daha qürur hissi keçirtdi”.


Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov da bildirib ki, Münxendə keçirilən panel müzakirələri zamanı Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarında əsassız olduğunu bir daha erməni baş nazir Paşinyanın və dünya ictimaiyyətinin diqqətinə çatdırıb. O, bu zamana qədər iki ölkə rəhbərinin münaqişə ilə bağlı ictimai müzakirələrdə çıxış etmədiyini xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi bütün Azərbaycan gəncliyi üçün nümunəvi olub: "Cənab İlham Əliyevin davranışı, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi bu görüşə tam hazırlıqlı gəldiyinin sübutu idi. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız - "münaqişənin həlli hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağın maraqlarına cavab verməlidir”, - tezisindən başqa heç nə deyə bilmədi. Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri ilə bağlı materiallar dərc edib, Ermənistanın baş nazirinin görüşdə gülünc vəziyyətə düşdüyündən yazıb. Dünya ictimaiyyətinin gözü önündə Prezident İlham Əliyevin "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib” – kimi, qəti şəkildə səsləndirdiyi fikirlər Ermənistanın işğalçı siyasətini bir daha ifşa edib”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər