• çərşənbə axşamı, 19 mart, 10:57
  • Baku Bakı 8°C

Biz gərək gəncləri irəli çəkək ki, onlar da yetişsinlər, inkişafımız uzunmüddətli olsun

23.10.19 20:49 1295
Biz gərək gəncləri irəli çəkək ki, onlar da yetişsinlər, inkişafımız uzunmüddətli olsun
Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edərkən deyib.
Prezident İlham Əliyev deyib: "Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.
Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.
Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.
Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin bu ordeni sizə təqdim edim".
banner

Oxşar Xəbərlər