• cümə, 29 Mart, 05:42
  • Baku Bakı 7°C

Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

08.08.18 16:47 378
Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev avqustun 8-də Bəhreynin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.
Səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.
Səfir Ebrahim Yusuf Al-Abdulla ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirdi, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd etdi.
Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğuladı ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmkləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.
Ebrahim Yusuf Al-Abdulla qeyd etdi ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrimizin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.
Səfir onu da bildirdi ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.
Dövlətimizin başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini və bunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq, keçən il ölkəmizdə "İslam Həmrəyliyi İli”nin elan olunduğunu və böyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlətimizin başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd etdi.
Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş etdi.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.
Səfir Məhəmməd Şərif Anis fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Şri-Lanka arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə etdi.
İqtisadi sahədə əlaqələrin inkişafının önəmini qeyd edən dövlətimizin başçısı bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə səmərəli görüşlər keçirəcəyinə və qarşılıqlı səfərlərin təşkil olunacağına əminliyini bildirdi.
Məhəmməd Şərif Anis Şri-Lanka Prezidenti Maytripala Sirisenanın və Şri-Lankanın Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin önəminə toxunaraq ticarət və sənaye sahələrində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Azərbaycanın regionda ən gözəl turizm məkanlarından biri olduğunu qeyd edən səfir bu sahədə Şri-Lanka ilə Azərbaycan arasında əməkdaşlığın qurulması üçün geniş imkanların olduğunu bildirdi. Səfir, eyni zamanda, qarşılıqlı investisiya sahəsində imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.
Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanın və Şri-Lanka Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
Səfir Kim Hen Cun fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı gələcək illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransının keçirildiyini və tədbir çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycanın gələn il bu təşkilatın sammitinə ev sahibliyi edəcəyini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.
Səfir Kim Hen Cun ilk növbədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, ikitərəfli münasibətlərimizin əsasının rəhbər Kim İr Sen və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Səfir vurğuladı ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub və bu illərdə əlaqələrimiz inkişaf edib.
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.
banner

Oxşar Xəbərlər