• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

Prezident İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışını etdi

20.04.15 09:09 1183
Prezident İlham Əliyev Bakı Su İdmanı Sarayının açılışını etdi
Aprelin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub. Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış oldular.
Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Sonra Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Sarayda inşaat işlərinin gedişi ilə bir neçə dəfə tanış olan, tikintinin keyfiyyətlə aparılmasını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bu nəhəng idman qurğusunun arxitekturası müasir üslubu və gözəlliyi ilə seçilir, şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.
Su İdmanı Sarayında üç hovuz yaradılıb. Yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.
Diqqətə çatdırıldı ki, binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.
Bakı Su İdmanı Sarayında yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı Sarayının inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər