• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

“Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin konturlarını müəyyən etdi”

16.07.15 10:27 1532
“Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin konturlarını müəyyən etdi”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı Rusiya mətbuatında da işıqlandırılıb. Rusiyanın nüfuzlu “Komsomolskaya Pravda” qəzetində bu haqda yazar İvan Qraçovun “Azərbaycan daha Avropanı istəmir” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Ukraynanın Avropa İttifaqına üzv olmaq, Yunanıstanın isə qurumdan çıxmaq istədiyi bir vaxtda Azərbaycandan bu haqda sərt mövqe ortaya qoydu: “Belə ki, Bakı Kiyev, Tbilisi, Kişinyov, Yerevan və Minsklə birlikdə keçmiş SSRİ-yə daxil olan ölkələri Rusiyadan ayıracaq Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirdi. Lakin hardasa yanlış işlər oldu. Yox, xoşbəxtlikdən Bakıda “Maydan” və vətəndaş müharibəsi baş vermədi. Belə ki ölkə rəhbərliyi bu vəziyyətdə daha müdrik idi. Ya da ki, ABŞ Dövlət Departamenti Ukrayna və Ermənistandakı vəziyyətlə daha çox maraqlandığı üçün Azərbaycanı nəzərdən qaçırdı”.
Yazar Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında Avropa İttifaqını sərt tənqid etdiyini qeyd edir və onun fikirlərinə öz məqaləsində yer verir: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. Azərbaycan Avropa İttifaqının təklif etdiyi Assosiasiya Sazişinə qoşulmayacaq. Belə ki, bu bizim maraqlarımıza uyğun deyil”.
Məqalədə vurğulanır ki, İlham Əliyev Assosiasiya Sazişinin bərabərhüquqlu olmadığını və yalnız göstərişlərdən ibarət bir sənəd olduğunu bildirib: “Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk. Ona görə də biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər.
Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil”.
Yazar Prezident İlham Əliyevin Avropa Şurası haqqında dediyi fikirlərə də yer verib: “Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. Yaşamışıq və ölməmişik.
Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət.
Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çıxış “Nezavisimaya” qəzetində də işıqlandırılıb. Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycan ilə diktat dilində danışmağın mümkün olmadığını qeyd edib: “Bu mesaj son dövrlərdə Bakının istədiyi kimi əlaqələrin olmadığı Qərb dövlətlərinə ünvanlanıb. Azərbaycan Prezidentinin sədrliyi ilə keçən iclas digərlərindən fərqlənirdi və əhali arasında geniş müzakirə olunub. Belə ki, toplantıda bir neçə nazirliyi və dövlət şirkətlərini tənqid edən prezident Azərbaycanın xarici siyasətinin konturlarını müəyyən etdi. Prezident İlham Əliyev ilk öncə anti-Azərbaycan mövqeyində olan Avropa Parlamentinin sədri Martin Şultsu, onun müavini Ulrik Lunaçeki və digərlərini tənqid edib”.
Məqalədə o da vurğulanır ki, ölkə rəhbəri bütün dünyaya yalnız Azərbaycanın maraqlarına uyğun siyasət yürütdüyünü göstərdi: “Lazım gəlsə, Azərbaycan onu bərabərhüquqlu qəbul edən başqa təşkilata qoşula bilər. Qərb dövlətlərinin anti-Azərbaycan siyasəti yürütdüyü bir vaxtda bu ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər qurması maraqla qarşılanıb. Lakin bütün bunlar Azərbaycanın tamamilə Qərbdən üz döndərəcəyini göstərmir. Bu haqda Prezident İlham Əliyev danışarkən qeyd edib ki, Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq formatında problemləri mövcud deyil”.
Sənan Əhliman

banner

Oxşar Xəbərlər