• cümə axşamı, 28 mart, 22:15
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: Azərbaycan öz hərbi qüdrətini artırır və artıracaq

09.10.18 21:32 492
Prezident İlham Əliyev: Azərbaycan öz hərbi qüdrətini artırır və artıracaq
Azərbaycan öz hərbi qüdrətini artırır və artıracaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir:
"Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik".
Prezident qeyd edib ki, Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur: "Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.
banner

Oxşar Xəbərlər