• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

19.11.18 20:44 449
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşündə deyib.
Dövlət başçısı bildirib: "Hörmətli Aleksandr Qriqoryeviç, ilk növbədə, dəvətə görə Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. Bizim münasibətlərimiz ölkələrimiz arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir. Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk.
Beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir. Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.
Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.
Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.
Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq. Sağ olun".
banner

Oxşar Xəbərlər