• cümə axşamı, 25 aprel, 02:13
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev AŞ PA-ya yanlış yoldan dönmək üçün son şansı vermiş oldu

07.02.20 13:00 999
Prezident İlham Əliyev AŞ PA-ya yanlış yoldan dönmək üçün son şansı vermiş oldu
AŞ PA üzv ölkələrdə insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı zaman-zaman ayrıseçkilik və ikili standart mövqeyindən çıxış etməklə özünün beynəlxalq nüfuzunu sarsıdır və məlum səbəblər üzündən yaşadığı deqradasiyanı dərinləşdirir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, üzv ölkələrin xalqları və hökumətləri Avropa Şurası strukturlarından obyektiv münasibət və əməli dəstək gözlədikləri halda, xüsusilə AŞ PA özünün bəyan etdiyi prinsip və dəyərlərindən sürətlə uzaqlaşır: "AŞ PA son həftələrdə Azərbaycanda media azadlığı və çoxdan qapanmış hesab edilən siyasi məhbuslar mövzusunu yenidən süni və qərəzli şəkildə gündəmə gətirməklə, dəyərlərə söykənən ilkin simasını nə qədər itirdiyini bir daha nümayiş etdirdi.
AŞ PA-nın xüsusilə Azərbaycan və Türkiyəyə münasibətdə qeyri-obyektiv qərarlar çıxarması bu təşkilatın hansı qüvvələr tərəfindən idarə edildiyinə dair asanlıqla nəticə çıxarmağa əsas verir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun AŞ PA-nın məlum siyasəti barədə müzakirələri bu təşkilat barədə neqativ rəylərin artıq beynəlxalq xarakter daşımağa başladığını əyani şəkildə göstərdi. İlham Əliyevlə Çavuşoğlunun eyni mövqe nümayiş etdirməsi AŞ PA-nın ikili standartlarının tək bir dövlətin yox, artıq müxtəlif dövlətlərin platformasına çevrildiyini göstərir. Hesab etmək olar ki, artıq AŞ PA daxilində onun ikili siyasətinə qarşı vahid dövlətlər platforması formalaşır. Azərbaycan və Türkiyə kimi Avropa üçün müstəsna vacib ölkələrin AŞ PA-nın siyasətinə əks mövqelər göstərməsi əsaslıdır, arqumentlidir və təsirlidir. Azərbaycanda siyasi məhbus mübahisələrinin qapanması bir sıra mötəbər instansiyalar tərəfindən təsdiqlənən fakt olsa da, AŞ PA-nın bu fakta başqa cür yanaşması onun doğru yolda olmadığını göstərir.
Azərbaycanla müqayisədə AŞ PA-nın Gürcüstan, Ermənistan, Ukrayna və Moldovaya münasibətində ayrıseçkiliyi özünü daha qabarıq biruzə verir. Ermənistanda alternativ siyasətlə məşğul olduqlarına görə sabiq dövlət xadimlərinin həbsinə, hətta siyasətçi və jurnalistin həbsdə ölməyinə göz yummağı AŞ PA-nın, həqiqətən, öz prinsiplərinə dönük çıxmış qurum olduğunu göstərir. AŞ PA bu günədək Gürcüstanın sabiq prezidenti və Qərb prinsiplərinin tərəfdarı kimi tanınan Saakaşvilinin ölkədən məhz siyasi səbəblərə görə qaçqın salınmasına heç bir münasibət bildirməyib. Ukraynanın sabiq prezidenti qərbpərəst Poroşenkoya qarşı yenə də siyasi motivlərlə cinayət işinin açılması sırf siyasi təqib nümunəsidir".
Baş redaktor bildirib ki, AŞ PA-nın tək Azərbaycanla Türkiyəni hədəfə alması onun digər ölkələrin problemlərini ört-basdır etmək niyyətlərinin əlamətləridir: "Azərbaycan cəmiyyətində AŞ PA-nın siyasətinə əks mövqenin güclənməsi tam əsaslı prosesdir. AŞ PA bir tərəfdən Azərbaycanı siyasi sifarişlə bəzi göstərilən ölkələrdən aşağı tutur, digər tərəfdən Azərbaycan xalqı qarşısında hələ 2001-ci ildə öz üzərinə götürdüyü öhdəlikləri nümayişkaranə şəkildə pozur və icra etmir. AŞ PA-nın Ermənistan kimi təcavüzkar ölkə qarşısında Azərbaycanı sifarişli siyasət qurbanına çevirməsi heç bir ədalətə və normativ prinsiplərə cavab vermir. AŞ PA-nın hazırkı yanaşması Azərbaycana böhtan atmaqdan başqa cür təhlil edilə bilməz.
Rusiyanın AŞ PA-dan çıxarılması və yenidən üzrxahlıqla qaytarılması bir daha göstərdi ki, bu təşkilat onun taleyini düşünən yox, başqa ölkələrdən qisas almaq istəyən qərəzli qüvvələrin təsiri altındadır. Azərbaycana qərəzli yanaşma da AŞ PA-nın məhz həmin siyasətinin təzahürüdür. Prezidentimiz üzv ölkələrə ayrıseçkiliklə yanaşan AŞ PA ilə bağlı Azərbaycanın yeni strategiyasını müəyyənləşdirdi və bu cəmiyyətimiz tərəfindən tam anlayışla qarşılanır.
Azərbaycan xalqı AŞ PA-nın onu üzvlükdə qalıb-qalmamaqla bağlı ciddi seçim qarşısında qoyduğuna indi həmişəkindən çox əmindir. Prezident İlham Əliyev AŞ PA-nın ikili standart siyasəti barədə əslində Azərbaycan xalqının daşıdığı ictimai rəyi ifadə etdi. Azərbaycan xalqının AŞ PA-dan üz döndərməsi bu təşkilatın beynəlxalq imicinə ən sarsıdıcı son zərbələrdən biri ola bilər. Əslində Prezident İlham Əliyev və Mövlud Çavuşoğlu iki xalqın ümumi rəyini açıq ifadə etməklə AŞ PA-ya yanlış yoldan dönmək üçün son şansı vermiş oldular".

banner

Oxşar Xəbərlər