• şənbə, 20 Aprel, 02:12
  • Baku Bakı 15°C

“Prezident həqiqətləri konkret faktlarla və sadə dildə çatdırdı”

18.11.16 11:47 1455
“Prezident həqiqətləri konkret faktlarla və sadə dildə çatdırdı”
Noyabrın 16-da Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya vəSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki təşkilatda yüksək səviyyəli dəstəyə malikdir: "Dünyada ilk dəfə 2008-ci ildə məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib. Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat "Bakı prosesi” adı alıb və biz bununla fəxr edirik. Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir. Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmişkən, bu il ölkəmizdə "Mültikulturalizm ili” elan edilib. Bu, bizim dövlət siyasətimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir. Biz çoxsaylı beynəlxalq tədbirlər təşkil edirik. Onların sırasında hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da var”.
Azərbaycan bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdi. Bu ilin oktyabr ayında Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin Azərbaycana səfəri baş tutdu və o, çıxışında multikulturalizm və nailiyyətlərimiz haqqında müsbət fikirlər söylədi. O, burada Katolik Kilsəsini, Azərbaycan məscidini ziyarət etdi, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ilə görüş keçirdi və Bakıdan dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri ilə bağlı mesaj verdi. Prezident qeyd edib ki, biz bunu xüsusilə də bugünkü dünyada etnik və dini zəmində qarşıdurmaların mövcud olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik: "Biz faciələrin, milli və ya dini mənsubiyyətinə görə insanların əzabının şahidi oluruq. Bunlar dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir. Multikulturalizm iflasa uğramayıb və hesab edirəm ki, Azərbaycan nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Bunlar müsbət meyillərdir. Bu baxımdan, bizim rolumuz əsasən ənənələrimiz və ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik, qonşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun”.

Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən CASCFEN sədri Azər Həsrət düşünür ki, doğrudan da Azərbaycan multikultural ölkədir və bütün inanclara hörmətlə yanaşılır: "Cənab prezidentin o tədbirdə olması, çıxış etməsi faktının özü bizim üçün faydalıdır. Ona görə ki, dünyanın ən aparıcı informasiya agentliklərinin rəhbərləri və rəhbərliyində təmsil olunanlar həmin tədbirdə iştirak edirdilər. Onların bir xeylisinin Azərbaycanla bağlı dərin bilgiləri yox idi. Elələri vardı ki, ölkəmizə ilk gəlişləri idi. Bir qismi isə Azərbaycan haqda mənfi fikirlərlə yüklənmişdilər. Onları bilgiləndirmək lazım idi. Bu baxımdan, düşünürəm ki, prezident kifayət qədər informasiyalı, kifayət qədər sərbəst, həmçinin aydın çıxış etdi. Təxminən yarım saat çəkən bu çıxışda Azərbaycanın sosial-iqtisadi məsələlərindən tutmuş, başımıza gələn bəlalar, xüsusən torpaqlarımızın işğalda qalması kimi məsələlərə toxunuldu. Həmçinin ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə təmin edilməsi diqqətə çatdırıldı. Qeyd edildi ki, Bakının mərkəzində erməni kilsəsi təmir olunur, amma ermənilər işğal etdikləri Dağlıq Qarabağ ərazisində Azərbaycan məscidlərini dağıdıblar. Sağlam bir müqəddəs yer belə, qalmayıb”.

A.Həsrət prezidentin Azərbaycanda media azadlığı məsələləri barədə fikirlərini də müsbət qiymətləndirdi: "Doğrudan da Azərbaycanda bu gün media azadlığında ciddi problem yoxdur. Media azadlığından sui-istifadə halları var. İstər dövlət, istərsə də cəmiyyət tərəfindən belə halların qarşısı alınmalıdır. Azərbaycan tənqid olunur ki, guya bizdə söz azadlığı məhdudlaşdırılır. Prezident nəzərə çatdırdı ki, ölkədə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Əksəriyyət Facebook-dan, bir qisim isə Tvitter-dən istifadə edir. Orada yazılan rəylərə dövlət müdaxilə etmir. Buna görə də Azərbaycanda söz azadlığının olmadığını iddia etmək düzgün deyil. Prezident qeyd etdi ki, Azərbaycanda bu cür tədbirin keçirilməsi də böyük əhəmiyyət daşıyır. Yəni Azərbaycana yeni adamlar cəlb olunur, onlar isə buradan getdikdən sonra öz ictimai rəylərinə təsir edəcək yazılar yazır, çıxışlar edirlər. Düşünürəm ki, orada iştirak edənlər Azərbaycandan qayıtdıqdan sonra ölkəmizlə bağlı xoş sözləri ölkələrində deyəcəklər. Tədbirdə oturub ətrafı seyr etmək imkanı olan biri kimi deyirəm ki, prezidentin çıxışı çox diqqətlə dinlənildi. Bəzən elə hallar olur ki, danışana qulaq asmırlar. Böyük tədbirlərdə belə hallar yaşanır. Amma prezidentin çıxışı çox diqqətlə dinlənilirdi. Mən ətrafa göz gəzdirirdim. Əcnəbi qonaqların üzündə məmnunluq görürdüm. Bu, onunla bağlıdır ki, prezident çıxışını boş sözlər üzərində qurmamışdı. O, konkret faktlarla və sadə dildə, hamının başa düşəcəyi şəkildə danışırdı. Ölkəmizlə bağlı gerçəkləri qonaqların diqqətinə çatdırırdı. Düşünürəm ki, bunun faydasını yaxınlarda görəcəyik”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər