• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

Prezident Gəncəyə səfər edib

21.01.14 17:40 1558
Prezident Gəncəyə səfər edib
Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Dövlət başçısı yanvarın 21-də Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.
Prezident əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Burada Heydər Əliyevin heykəli ucaldılıb. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra prezident Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İ. Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirib. Dövlət başçısı qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Prezident Heydər Əliyev Mərkəzinin həyətində ağac əkib.
Dövlət başçısı Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində də iştirak edib, parkın təməlini qoyub.
Sonra prezident Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışına qatılıb. Dövlət başçısı mərkəzin açılışını bildirən lenti kəsib. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Prezident mərkəzin ətrafını və Məhsəti parkını gəzib.
Daha sonra dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəlib. Prezident əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub. Sonra prezident Mədəniyyət Sarayına gəlib. Dövlət başçısı 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə də baş çəkib. Prezident məhəllənin baş planı ilə də tanış olub. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcək.
Dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış olub. Prezident ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, məcburi köçkünlərə dövlət qayğısı ilbəil gücləndirilir və Gəncədə yaradılan ən böyük məcburi köçkün şəhərciyi bunun növbəti əyani nümunəsidir.
Prezident İ. Əliyev iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən, müsbət demoqrafik vəziyyətə malik Azərbaycanın işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirib. Dövlət başçısı Gəncədə sosial-iqtisadi inkişafla bağlı böyük işlərin görüldüyünü, burada müvəqqəti məskunlaşan məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini deyib.
Daha sonra prezident Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeylə yaxından tanış olub.
Prezident “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində də iştirak edib. Dövlət başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olub. Prezident müəssisənin istehsal sahəsini işə salıb.
Dövlət başçısı Gəncə Qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.
Prezident daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışına qatılıb.
Dövlət başçısı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib ki, Gəncədə “ASAN xidmət” 2013-cü il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə “ASAN xidmət”i Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərəcək. Qeyd edilib ki, fəaliyyətdə olduğu 25 gün ərzində mərkəzə 20 minə yaxın vətəndaş müraciət edib.
Prezident İlham Əliyev “ASAN xidmət”in əməkdaşları ilə görüşüb. Dövlət başçısı bir il ərzində “ASAN xidmət”ə bir milyondan çox vətəndaşın müraciət etdiyini, belə mərkəzlərin digər bölgələrdə də açılacağını bildirib. Qeyd edib ki, dünyanın digər ölkələri də “ASAN xidmət”lə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanır.
Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış olan prezident Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı daha sonra “VEGO” otelinə gəlib, burada yaradılmış şəraitlə yaxından tanış olub.
banner

Oxşar Xəbərlər