• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

Prezident Ermənistana xəbərdarlıq etdi

24.09.18 19:58 604
Prezident Ermənistana xəbərdarlıq etdi
Azərbaycan hər zaman ən yüksək kürsülərdə, beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti barədə dünya ictimaiyyətini məlumatlandırıb. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi tələbini edib. Lakin indiyədək ayrı-ayrı ölkələrin siyasi hakimiyyətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağö münaqişəsinin həllinə ikili standartlarla yanaşıb və işğalçı Ermənistana qarşı susqunluq nümayiş etdirir.
Ötən həftə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə keçirilən təntənəli iclasda prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Dövlət başçısı əslində bu fikirləri ilə bir daha Ermənistanın işğalçılıq siyasətini ayrı-ayrı ölkələrin parlamentarilərinin diqqətinə çatdırdı.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı Milli Məclisdə keçirilən təntənəli iclasda proqram xarakterli çıxış edib: "Bu çıxışda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti diqqətdə saxladı. Dövlət başçısı xüsusilə vurğuladı ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan çox məcburi köçkün və qaçqınımız var. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin tamamilə qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi qoyulub. Eyni zamanda, oxşar sənədləri ATƏT, AŞ PA, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İƏT, NATO PA və digər beynəlxalq qurumlar da qəbul edib. Lakin Ermənistan bunlara məhəl qoymur və bu ölkədə arxayınçılıq sindromu formalaşıb. Ona görə də belə vəziyyətdə ən düzgün yol Ermənistana qarşı müxtəlif təsir mexanizmlərinin işə salınmasıdır. Bu ölkəyə sanksiyalar tətbiq edilməlidir. Bunlar olmadığı təqdirdə Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və bu isə nəticə etibarı ilə regionda çox ciddi təhlükə mənbəyinə çevrilir. Prezident eyni zamanda onu vurğuladı ki, sanksiyalar tətbiq edilmirsə, deməli, beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlar həyata keçirirlər. Dövlət başçısı onu da qeyd etdi ki, Ermənistanın bugünkü rəhbərliyi öz siyasi opponentlərinə qarşı təzyiq, təhdid dili ilə danışır, onların həbsini həyata keçirir. Xüsusilə, bu gün Ermənistanda azad sözə, mətbuata qarşı çox ciddi təhdidlər tüğyan etməkdədir. Çox təəssüf ki, bu məsələlərə cavabdehlik daşıyan beynəlxalq qurumlar müəmmalı şəkildə sükut nümayiş etdirirlər, kənardan prosesləri izləməklə kifayətlənirlər. Amma heç bir haqq səslərini ucaltmırlar. Maraqlıdır ki, həmin təşkilatlar Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər, Ermənistana münasibətdə isə susurlar. Cənab prezident açıq şəkildə qeyd etdi ki, əgər Ermənistana qarşı mexanizm işə salınmayacaqsa, onda bu beynəlxalq təşkilatlar işğalçı dövlətlə əlbirdirlər”.
E.Nəsirov qeyd etdi ki, bu cür davam edərsə, münaqişənin həlli bir az uzanacaq: "Bu isə yaxşı heç nə vəd etmir və bu prosesdə ən arzuolunmaz ssenarinin inkişafını sürətləndirə bilər. Prezident İlham Əliyev bu məsələlərlə bağlı çox açıq və aydın şəkildə öz mövqeyini ifadə etdi. O, ilk növbədə faktlarla, arqumentlərlə əsaslandıraraq bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü vurğuladı. Nəzərə alaq ki, bu tədbirə dünyanın 44 ölkəsindən parlament spikerləri, onların müavinləri, komitə sədrləri də daxil olmaqla çoxlu sayda qonaq gəlmişdi. Azərbaycanın məruz qaldığı işğal faktoru ilə bağlı yüksək səviyyəli qonaqların məlumatlandırılması heç şübhəsiz ki, bizim ideoloji işimizin çox mühüm tərkib hissədir. Dövlət başçısı həmişə olduğu kimi bu dəfə də yaranmış imkandan maksimum faydalanaraq Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Azərbaycan dəfələrlə bütün kürsülərdən Ermənistanın işğalçılıq siyasəti haqqında bəyanatlar verir: "Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişdi, amma görünən odur ki, siyasi hakimiyyətin fikirlərində Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa dəyişiklik yoxdur. Yəni, Ermənistanda əvvəllər olduğu kimi, indi də faşist rejimi, qonşu ölkələrin torpaqların göz dikmə ideyası, "böyük Ermənistan” ideologiyası davam etdiyindən Azərbaycan da bu ölkənin yeni hakimiyyətinə bəyan edir ki, öz işğalçılıq siyasətindən çəkilməlidir”.
Z.Məmmədovun sözlərinə görə, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu, eləcə də dünya ölkələrinin dövlətimizin ərazi bütövlüyünü tanıdığı bir vaxtda Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun nüfuzuna, iqtisadi və sosial cəhətdən geriləməsinə səbəb olur: "Yaxşı olardı ki, ermənilər danışıqlar masasında özlərini konstruktiv aparsınlar və Azərbaycanın xoş niyyətini başa düşsünlər. Ermənistan Azərbaycanın xoş niyyətini başa düşməzsə, yaxın vaxtlar ərzində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atılacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər