• cümə axşamı, 28 mart, 20:58
  • Baku Bakı 13°C

Prezident: Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır

25.12.19 19:43 795
Prezident: Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır
Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə nitq söyləyərkən deyib.
Dövlət başçısı bildirib:
"Biz hər ilin sonunda idman nailiyyətlərinə yekun vururuq, idmançıları, idman mütəxəssislərini, veteranları mükafatlandırırıq. Bu il də istisna deyil. İlin sonunda bir daha görüşürük, eyni zamanda, gələcək planlar haqqında danışırıq, fikirlərimizi bölüşürük və beləliklə, Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alır.
Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər.
Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar.
İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatı dəyişdirilmiş, o binalar özəlləşdirilmiş, orada ticarət obyektləri açılmışdır. Əlbəttə ki, bu, ovaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra şahmat məktəblərinin yenidən açılması prosesi başlamışdır və son illərdə bu proses geniş vüsət almışdır. Mənim göstərişimlə rayonlarda yaradılmış gözəl şahmat məktəbləri fəaliyyət göstərir və beləliklə, gənc şahmatçılar yetişir.
Əlbəttə, şahmat çox məşhur, populyar idman növüdür, o idman növüdür ki, insanların, uşaqların intellektual potensialını gücləndirir. Məhz mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Ona görə gənclər fiziki cəhətdən güclü olmalıdırlar. Onların intellektual potensialı yüksək səviyyədə olmalıdır. Onlar milli dəyərlərə, Vətənə bağlı olmalıdırlar. İdman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır. Hər bir idman qələbəsi, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var. Məhz buna görə son illər ərzində idmana çox böyük diqqət göstərilir. Mən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi 1997-ci ildə bu vəzifəyə ilk dəfə seçiləndən sonra Azərbaycanda idmanın inkişafı, idmanda kütləviliyin təmin edilməsi istiqamətində addımlar atmışam və bu addımlar bu gün özünü göstərir".
banner

Oxşar Xəbərlər