AZE | RUS | ENG |

Prezident Azərbaycan xalqının Novruz bayramını təbrik edib

Prezident Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzərTAc xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayıram.

Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir.

Bahar bayramı keçmişimizin ən çətin dövrlərində belə zehinlərdən silinməyib gələcəyə inamımızı sarsılmağa qoymamışdır. Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik ideallarının gerçəkləşməsini təmin edən mühüm amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir.

Yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir. Bizimlə birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda qarşılayırlar. Həmrəyliyimizin rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin.

Hamınızın əziz Novruz bayramınız mübarək olsun!"

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000