Praqada kitab qalası
Çexiyanın paytaxtı Praqanın Bələdiyyə
kitabxanasında möhtəşəm bir sənət əsəri sərgilənib. Slovak əsilli çex incəsənət
xadimi Matej Kren həm heykəltəraşlığa, həm rəssamlığa, həm də ədəbiyyata böyük
bir hədiyyə bəxş edib. "İdiom” adı verilmiş memarlıq və ədəbiyyat nümunəsi olan
bu qala kitablardan inşa edilib. "Guardian”-da yer alan xəbərə görə, kitabxana
istifadəçilərindən böyük maraq görmüş və nümayiş günü Çexiyada sosial
şəbəkələrdə ən çox danışılan mövzuya çevrilmiş qala yüzlərlə kitabın ölçü, rəng
uyğunluğu əsasında qurulub. Kitab qalanın qarşı tərəfdən qoca ağac təsiri
bağışlayan oyuğu var. Qalanın tavanına və döşəməsinə diametri ölçüsündə
güzgülər yerləşdirilib. Bu isə oyuqdan boylananların gözündə sonsuz bir tunel
görüntüsü yaradır.
Kitab qalası fikri ilk dəfə 1995-ci ildə "Sao Paulo
İnternational Bienal” festivalında səslənib. Slovak sənətçi isə məhz həmin
ideyadan yola çıxaraq, ərsəyə gətirdiyi kitab qalasına silindrik forma verib.
Kitabların düzülüşündə rəng uyğunluğuna diqqət verildiyi üçün qalanın kənardan
görünüşü göy qurşağını xatırladır. Qala bir ay sərgilənəcək. Sonra isə qala
söküləcək və kitablar öz yerlərinə yığılacaq.
Kitablara sonsuzluq görüntüsü verərək, onların
bəşər tarixində və insan həyatındakı rolunu böyük bədii ustalıq və məna ilə
çatdıran Krenin əl işinə tamaşa etməyə gələnlər növbə yaradıb. Xadim bu nümunə
ilə sonsuz bilgi bazasının rifah bir gələcəyin qaynağı olduğuna və bu bazanın
durmadan yenilənməsinə diqqət çəkib.