• çərşənbə, 17 Aprel, 01:35
  • Baku Bakı 14°C

Pozitivliyi həyat tərzinə çevirmək lazımdır - Gör-götür

06.10.17 10:30 8038
Pozitivliyi həyat tərzinə çevirmək lazımdır - Gör-götür
Alpinist kimi dağları çox sevir. Yamaclardan gətirdiyi gillə müxtəlif dulusçuluq məmulatları hazırlayır. Peyntbol oynamaq və uzun məsafələrə velosiped sürmək hobbiləri sırasındadır. Paraşütlə tullanma, bungee jumping və deltaplan ekstremal idman növlərində də özünü sınamağı planlaşdırır. Deyir ki, insanın işdən əlavə fərqli vərdişlərinin olmasının müsbət tərəfləri çoxdur, ən əsası insanın aqressivliyinin qarşısını alır.

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri, hüquqşünas Nadir Adilovdur.

Qeyd edək ki, N.Adilov ölkəmizdə və xaricdə nəşr edilən 50-dən çox elmi məqalənin, 2 elmi əsərin müəllifidir. Eyni zamanda, Peyntbol Federasiyasının vitse-prezidenti, Azərbaycan Hüquqşünasları Konfederasiyası sədrinin müavindir.
- 40 yaşınız tamam olanda mətbuatda "40 yaşlı qocadan gənclərə 40 məsləhət” adlı yazınız yayımlandı. Söhbətə 40 yaşlı adamın özünü qoca adlandırmasından başlayaq, yoxsa məsləhətlərdən?
- Düzü, 40 yaşımda özümü necə hiss etməyimlə bağlı çox sual verirdilər. Gəncləri inandırmaq olmur ki, insan neçə yaşda olsa da, özünü gənclik dövründəki kimi hiss edir. İndi özümü bir-ikinci kursdakı ampluada hiss edirəm. Ona görə də bu yazını sosial şəbəkədə özünü gənc hesab edən hər kəs üçün yazdım. Amma belə populyarlaşacağını gözləməzdim. Ümumiyyətlə, yaşından asılı olmayaraq bütün dostlarıma "gənc” deyə xitab edirəm. Hansından istəyirsiniz, başlayaq.

- Yaşdan danışdınız, məsləhətlərə keçək…
- Məsləhət yox, təcrübədən gəldiyim qənaəti gənclərlə bölüşmək deyək. Gənclik dövründə etmədiklərimiz, etmək arzusunda olduqlarımız və s. Asan Xidmətdə gənclərlə çox ünsiyyətdə oluram. Bizim dövrümüzlə müqayisədə indiki gənclər daha stabil, informasiya əlçatanlığı yüksək, seçim imkanları daha çox olan bir cəmiyyətdə yaşayırlar. Biz yaşı, dövrü müqayisələndirib məsləhət veririk. Məsələn, orda könüllü olmaqla bağlı yazmışdım. Bütün gənclər fəaliyyətlərinə hansısa formada könüllülükdən başlasınlar. Ölkə başçısı könüllülüyü dəstəkləyir, könüllülüyün təşviqi ilə bağlı öz tapşırıqlarını verir. Bizim könüllü olduğumuz dövrdə bu qədər imkan yoxuydu, könüllü kimi çalışmaq istədiyimiz qapılardan "uşaqdır” deyib, sözün yaxşı mənasında qovurdular. Təhqir etmirdilər, amma "əl-ayağa dolaşarsan”, "işə mane olarsan” kimi yanaşmalar olurdu. O baxımdan, gənclərin bugünkü imkanlardan yararlanması üçün məsləhət verməli oluruq.

- 40 məsləhətin içində indiyə qədər edə bilmədiyiniz, amma gənclərə məsləhət gördüyünüz nələr var?
- Hələ paraşütdən tullanmaq qalıb, amma gənclərə özlərini sınamağı tövsiyə edərdim. Fikir versəniz, görərsiniz ki, qeyd etdiklərimin çoxu idmanla bağlıdır. Gənclərimizdən razıyam, inkişafa meyillidirlər. Amma gənclərin vətənpərvərliklə bağlı müzakirələri isti havada kondisionerli zallarda, soyuqda isti otaqlarda etməsinin tərəfdarı deyiləm. Bu, daha çox təbiətdə olmalıdır. Dağlıq Qarabağın coğrafi quruluşuna baxsaq, dağlıq ərazidir. Sabah döyüş olsa, bizdən müzakirə yox, fiziki hazırlıq tələb olunacaq. Həvəskar alpinist kimi deyim ki, dağlara çıxmaq güclü iradə istəyir, dağa çıxanda adamın səbri, iradəsi formalaşır. Məsləhətlərin kökündə həm də sətiraltı nəsə fikir var. At sürmək milli adət-ənənələrimizdə var, yaxud turniklə bağlı məsləhətlər vermişdim. Bu gün heç bir gəncimiz lazım olsa vətən üçün döyüşə getməyəcəyini deməz. Lakin gənclərin daima fiziki hazırlıqlı olması çox vacibdir. Özünü turnikdə qaldıra bilməyən gənc, əsgər yükünü də qaldıra bilməz. O vaxt bizim edə bilmədiklərimiz də varıydı… İnternetin olmadığı zaman idi, axtarışlarımız çətin idi, təhsillə bağlı planları yerinə yetirə bilmirdik, kitab tapılmırdı və s. Vaxtın bölünməsi məsələsi bir intizamdır. Gəncliyimizdə vaxtımızı boşuna keçirdiyimizi deyə bilmərəm, amma indi baxanda görürəm ki, bəzən səmərəli istifadə etməmişik. Bizim dövrümüzdə prosesləri sürətləndirən indiki imkanlar yoxuydu. Müharibə şəraiti, qarışıq dövr idi, adam toparlana bilmirdi. İndi sabit dövrdür, ən azı 4 illik bir plan qurmaq olar. Sizin "Gənclik” əlavəsində gənclərin müsahibələrinə baxanda görürəm ki, gənclərimiz arasında hədəfləri olanlar çoxdur.

- Vaxtı istədiyiniz kimi bölə bilirsiniz? "Vaxtım yoxdur” deyirsinizmi heç?
- Hər şeyə vaxt çatdırıram. İşlərimi də görürəm, dostlara da vaxt ayırıram. Amma vaxt çatdırmadığım zamanlar da olur. "Vaxtım yoxdur” yanaşması sadəcə vaxtın düzgün idarə edilməməsindən də irəli gəlir. Vaxt çatışmazlığının motivində tənbəllik durur. Vaxtın bölgüsü hamının vəzifə öhdəliklərindən, gündəlik işlərindən irəli gəlir. Vəzifələrin səndən nə tələb edirsə, onlara vaxt ayırmalısan.
- Bir tanışınızın yanında adınızı təsadüfən çəkdim, başladı dostluğunuzdan danışmağa. Dedi uzun müddətdir əlaqəmiz yoxdur, amma bilirəm ki, nə zaman işim düşsə, o adam mütləq kömək edəcək. Sosial şəbəkə səhifənizə baxanda dostlarınızın çox olduğunu görürük. Bu dostları necə qazanmısınız?
- Dostlarımın çoxu eyni vərdişləri bölüşdüyüm şəxslərdir. Eyni vərdişləri bölüşə bilmədiyim dostlarım çox azdır. Elə dostum var, onunla dağa çıxırıq, idman edirik, eləsi var başqa bir iş bizi ortaq nöqtəyə gətirib. Sosial şəbəkələrə gəldikdə… Mən "ASAN”da sədrin ictimai əlaqələr üzrə müşaviriyəm. Buna görə ictimaiyyətlə daha sıx və yaxından işləməliyəm. Buna həm vəzifə öhdəliyim, həm vətəndaş, həm də vicdan öhdəliyi kimi baxıram. İnbox-da bütün məsələlərə çevik reaksiya verən adamam. Vəzifə öhdəliyindən əmələ gələn ictimai münasibətlər görünür, həm də yaxşı dostluqlar yaradır.

- Optimist insansınız. Cəmiyyətdə bu qədər aqressivik olan dövrdə necə belə qala bilirsiniz?
- Pozitivliyi həyat tərzinə çevirmək lazımdır. Aqressiyanın kökündə vərdişlərin olmaması durur. Yaxın vaxtlarda bir kitabım çap olunacaq. Orda söhbət nəzəri hissənin təcrübə ilə əlaqəsindən gedir. Gənclərin çoxu həftə sonlarını səmərəli keçirmir. Bunun hökumətlə, dövlətlə heç bir əlaqəsi yoxdur. İstənilən insan hansısa dağa çıxa, tennis oynaya bilər. İnsanların şəxsi, əmək vərdişləri olmadığından bu kimi aqressivlik çoxalır. Vərdişləri olmayan insan hər gün neqativ dolu yük daşıyır və onu boşaltmır, hər gün hamıdan hər şeydən şikayətlənir. Mən həm də dulusçuluqla məşğulam. Adamın saatlarla vaxtını aparır. Xüsusilə axşamlar məşğul oluram. Gil bütün mənfi emosiyanı adamdan götürür. Yaxud velosiped sürürəm. Adam ingilis dilini öyrənmək istəyirsə, amma buna vaxt ayırmırsa, nəticədə iş üçün müraciət edəndə İELTS imtahanından keçə bilmirsə, aqressivləşəcək. Bunun günahını cəmiyyətdə axtaran da çoxdur. Amma halbuki günah şəxsin özündədir. Aqressiyanın bir səbəbi də ciddi intizamsızlıqdır. Tələbələrin həyatını götürək. Məsələn, 14-00-a qədər dərsdir, ondan sonra neyləyirlər? Söhbət ədəbiyyat oxumaqdan getmir. Əgər o vaxt dolmursa, aqressiya başlayır, neqativ düşüncələr baş qaldırır. Bir müsbət cəhət də var ki, əvvəllər tələbələr müəyyən yerlərdə işləməyə çəkinirdilər, amma indi fəxrlə işlədiklərini deyirlər. Bu, onların gələcək uğur hekayələrinin tərkib hissəsidir, eyni zamanda, aqressiyanı aradan qaldırır. Neqativliyin, aqessiyanın səbəbləri bekarçılıqdır.

- Könüllü olmağı gənclərə məsləhət görürsünüz. Bəs sizin könüllü fəaliyyətiniz olubmu, hazırda varmı?
- Könülü də olmuşam, fiziki və zehni işlə də məşğul olmuşam. Birinci kursun birinci semestrindən sonra ailədən pul almamışam. Çətinliyimə görəndə nə ailəmi, nə dövləti ittiham etməmişəm. Hesab etmişəm ki, çörək alıb yeməliyəmsə, onu özüm qazanmalıyam. Komfort iş yeri də axtarmamışam. İlk işim ağır olub, hətta tələbə yoldaşlarım mənə gülürdü. Amma zamanla çalışdığım o işlər mənim indiki mövqedə olmağıma səbəb olub.

- Harada çalışırdınız ki?
- O dövrün bir çox həmyaşıd tələbə dostlarım kimi, daha çox gələcək hüquqşünas kimi ixtisasıma uyğun müəssisələrdə təcrübəçi, könüllü kimi çalışmışam. Amma qardaşımla tikintidə gecə növbəsində də işləyirdik. O da hüquq fakültəsində oxuyurdu. Bəzən qonşuların evini təmir edib dolanışığımız, kirayə pulumuz üçün pul çıxarıdıq. Qəzet çıxarmaq, suvaq, boya vurmaq, çörək sexində müxtəlif işlər, bazarda yük boşaltmaq kimi bütün ağır işləri keçmişik. Onları keçən bir adam kimi tam məsuliyyətimlə deyə bilərəm ki, bu gün uğur qazanmayan gənc günahı başqasında axtarmasın. Hətta təhsil haqqını ödəmək imkanım olmadığı üçün dəfələrlə universitetdən qovulmaq həddinə də çatmışam. Amma universiteti qınamamışam, indi də universitetlə dostluq əlaqələrim var. İnsanlar məsələləri daha çox mənəvi tərəfə bağlayanda, ummağa başlayanda aqressiya yaranır. Bir dəfə məzun gününə məni də dəvət etmişdilər, orda tələbələrə dedim ki, bu universitetdən qovulmağa ən şanslı tələbə mən olmuşam.

- Niyə qovulurduz?
- Təhsil haqqımı özüm vermək, xərclərimi özüm qarşılamaq istəyirdim. Gecələr işləyirdim, bəzən çox yorulurdum, bəzən dərslərə gecikirdim, kitab almağa pulum olmurdu, mühazirələri götürürdüm nüsxəsini çıxarmağa pulum çatmırdı, dərslərə yaxşı hazırlaşa bilmirdm. Və yaxud da təhsil haqqı borcuma görə smestrdən smesterə və ya kursdan kursa keçməyim əngələ dönürdü. Yaxud elə vaxt olurdu ki, ayaqqabım olmadığı üçün dərsdən qalırdım. Daha doğrusu, ayaqqabım olurdu, amma buna ayaqqabı demək olarsa. Havanın günəşli vaxtında geymək olurdu, amma qarlı-çovğunlu vaxtda bu ayaqqabı ilə dərsə gedə bilmirdim. Universitetə qədər gedə bilərdim, amma fikirləşirdim ki, dərsdə gəzəndə yaş ayaqqabım səs edəcək. Tələbə yoldaşlarımın hamısı imkanlı uşaqlarıydılar, ona görə də bəzən komplekslər yaranırdı, çox gənc idim. Amma dostlarım, tələbə yoldaşlarım da bilir ki, mən heç kəsi ittiham etməmişəm.

Könüllü kimi əlbəttə çalışmışam. Könüllü fəaliyətimə Beynəlxalq Avrasiya Mətbuat Fondunda başlamışam. Ordan çox insan tanıdım, çox tədbirlər etdik. Daha sonra ictimai sektorda yavaş-yavaş müstəqil addımlarımızı atdıq. 70-ə yaxın xarici səfərdə olmuşam, heç birində valideynlərdən pul almamışam. Bütün mümkün şansları dəyərləndirirdik. Bu nöqtədən geriyə baxanda heç nə asan olmayıb. İşsiz vaxtlarımda işlə bağlı yüzlərlə imtinalar almışam. Ola bilsin təcrübəm qane etməyib, ola bilsin bilik və bacarıqlarım çatmayıb. Amma valideynlərimə "uşağın diplomu var, kompüteri də bilir, iş tapmır” deməyə imkan da verməmişəm.

- Dağlara gedirsiniz, dulusçuluqla məşğul olursunuz… Maraq dairənizdə başqa nələr var?
- Dağlara məni bir dostum aparmışdı. Fürsətdən istifadə edib ona təşəkkür edirəm dağları bizə sevdirdi. Sonra mən öz dostlarımı apardım. Yolda çoxu mənimlə dalaşırdı ki, bizi işə saldın və s. Amma indi onlar dağlara məndən çox gedirlər. Üzürəm, tennis oynayıram, gənclər, tələbələr üçün motivasiya və şəxsi inkişaf kitabları yazıram.

Aygün Asimqızı










banner

Oxşar Xəbərlər