• çərşənbə axşamı, 19 mart, 14:51
  • Baku Bakı 8°C

Potensial imkanları geniş olan dördlü format

17.03.18 10:13 762
Potensial imkanları geniş olan dördlü format
Bir neçə günə əvvəl Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin iştirakı ilə birinci dördtərəfli görüş keçirilib. Görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bundan əvvəl Azərbaycanın təşəbbüsü ilə ikitərəfli və üçtərəfli formatlarda görüşlər keçirilib. İlk dəfə dördtərəfli formatda keçirilən bu görüşün əsas məqsədinin nədən ibarət olması diqqət çəkən məqamlardandır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, dördlü formatın potensial imkanları çox böyükdür: "Çünki Azərbaycan, Türkiyə, Gürcüstan və İran şərq-qərb, şimal-cənub, cənub-qərb dəhlizlərində çox mühüm yer tutur. Bunlar transsərhəd ölkələridir, ümumi maraqları, proqramları var. Eyni zamanda hər 4 dövlət ikitərəfli və üçtərəfli formatda biri-birinə bağlıdır. Burada 4 dövlətin bir yerə yığışması, onların yeni imkanlar bazasının yaradılması ilk olaraq Avrasiyada geniş imkanlı vəziyyət yaradır. Digər tərəfdən, tək bu dörd ölkənin özü üçün yox, həm də Çindən Avropaya qədər bütün dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. Çünki biz bilirik ki, Çin iqtisadiyyatına görə dünyada ikinci yerdədir və əbəs yerə başqa ölkələr ona ümidlə baxmırlar. Həmçinin bu ölkənin daxilində böyük potensial, o cümlədən istehsal qüvvəsi var və getdikcə dünyada rolu artır. Çindən qərb istiqamətində yüklər, texnoloji avadanlıqlar göndərilir. Yəni, tranzit daşımalarının həcmi durmadan artır. Eləcə də Çin və onun yaxın qonşuları Avropadan yükdaşımaları həyata keçirir. Ona görə də bütün bu ölkələrin hamısının ümumi marağı ondan ibarətdir ki, yük daşımalarında, tranzitdə gəliş-gedişdə, istər resurslar, istər insanlar, istərsə də kapital və xammal üçün maneələr olmasın. Bu dörd ölkənin nümayəndələri çalışırlar ki, onların sərhədlərinin perimetri çərçivəsində çox çevik və sabit şərait formalaşsın. Bax, bu mənada həmin ölkələr arasında yaxından əməkdaşlığa böyük tələbat var. Burada əsas ümidverici məqam ondan ibarətdir ki, hər dörd dövlətin siyasi elitası, rəhbərliyi bu bölgədə qarşılıqlı anlaşma şəraitinin olmasında, münasibətlərdə olan boşluqların aradan qaldırılmasında maraqlıdır. Çünki belə olarsa, iqtisadi zəmindəki qarşılıqlı əməkdaşlıq, təmaslar daha məhsuldar olar. Bu baxımdan da Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakıdakı görüşü və birgə bəyanatları ondan xəbər verir ki, bu format çərçivəsində tam anlaşma şəraiti bərqərardır. Xarici işlər nazirləri, həmçinin özlərinin nəcib məramı haqqında da bütün dünyaya mesaj verirlər ki, bu dördlüyə digər subyektlər, koalisiyaların nümayəndələri qoşulmaqla münasibətlərini daha da genişləndirə bilərlər”.
T.Abbasov vurğuladı ki, Azərbaycan, Türkiyə, Gürcüstan və İranın dördtərəfli formatında da Ermənistanın oyundan kənar vəziyyətdə qalmasının şahidi olduq: "Halbuki Ermənistan adekvat, normal, gözləntilərə uyğun bir siyasət yürütsəydi, təbii ki, o da bu dövlətlərin sırasında ola bilərdi və biz beşlik formatından danışardıq. Həmin bu dörd ölkə Ermənistanla bağlı bir söz belə demir. Yəni, onu ona görə bu sırada görmürlər ki, Ermənistanın istehsal etdiyi bir şey varsa, o da təhdidlərdir. Ümumilikdə isə, bu dördlüyün gələcəyi var. Hesab edirəm ki, bundan sonrakı qitələrarası yükdaşımalarının, ticari əməliyyatların həcminin artmasında bu dördlüyün xüsusi yeri və rolu olacaq”.
Politoloq Vasif Əfəndiyev bildirdi ki, 2017-ci ilin son ayında Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra növbəti tədbirin dördlük formatında Gürcüstanın iştirakı ilə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, region dövlətlərinin intensiv görüşləri normal bir hal kimi dəyərləndirilməklə yanaşı, həm iqtisadi, həm də böyük siyasi əhəmiyyəti var: "Görüş ərəfəsində Türkiyə baş nazirinin Bakıda olması da təsadüfi deyil. Dekabr görüşü zamanı əldə olunan razılaşmaların mərhələli həyata keçməsi planlı şəkildə davam edir. Görüşün əsas ana xətti iqtisadi əməkdaşlığı ən yüksək səviyyəyə gətirməkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Astara-Rəşt yolunun tikintisinin başa çatdırılması ilə "Şərq-Qərb”, "Cənub-Şərq” və "Şimal-Cənub” istiqamətində əlaqələrin qurulmasının tamamlanması yekunlaşacaqdır”.
V.Əfəndiyev qeyd etdi ki, bu ölkələri birləşdirən ümumi maraqlardan biri də terrorizmlə birgə mübarizədir: "Türkiyə, Azərbaycan və Gürcüstan terrorizmə məruz qalan ölkələrdəndir. İran digər 3 ölkədən fərqli olaraq vəziyyətə nəzarət edir kimi görünsə də, istənilən an bu ölkədə eyni hadisələrin təkrarlanması mümkündür. Ona görə də görüş zamanı etnik qarşıdurma, separatizm və terrorizmi dəstəkləyən qüvvələrə qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsi də müzakirə predmeti oldu”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər