• çərşənbə, 08 Yanvar, 09:52
  • Baku Bakı 7°C

Postsovet məkanında “dil müharibəsi”

29.01.21 17:45 770
Postsovet məkanında “dil müharibəsi”
Kiyev və Kişinyov rus dilinə qarşı genişmiqyaslı kampaniya başlayıb


Keçmiş Sovet İttifaqında rus dilinin necə hegemon rola malik olduğunu, yəqin ki, hər kəs xatırlayır. İllər uzunu sovet rəhbərliyi bütün respublikalarda rus dilinin inkişafı üçün hər cür təbliğat vasitələrindən istifadə etməklə ciddi uğurlar əldə etdi. Əksər sovet respublikalarında rus dili əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, dövlət qurumlarında yazışmalar, sənədləşmə işləri, əsasən rus dilində aparılırdı. Bu qayda 70 il hökm sürdü. İmperiyanın çökməsindən sonra müstəqil dövlətlər sürətlə bundan yaxa qurtarmağa çalışsalar da, Rusiyanın nəzarəti altında olan respublikalarda rus dilinin təsiri qalmaqda davam etdi. Lakin bu tendensiya da azalmağa doğru gedir. Son vaxtlar rus dili ilə bağlı postsovet məkanının bir çox respublikalarında maraqlı proseslər yaşanır. Bir vaxtlar Rusiyaya ən yaxın dövlətlər hesab edilən Ukrayna və Moldovada rus dilinin işlənməsinə qarşı kampaniya başlayıb. Bəllidir ki, kampaniyanın arxasında heç də rus dilinə olan nifrət dayanmır və məsələnin mahiyyəti tamam başqadır. Problemi Rusiya hakimiyyətində, onun yürütdüyü siyasətdə axtarmaq gərəkdir. Götürək elə Ukraynanı. İki ölkə arasında münasibətlər 2014-cü ildə Rusiyanın Ukrayna ərazisində başlatdığı müharibə ilə kəsildi. Krımın, ardınca Ukraynanın şərq vilayətlərinin işğalı münasibətlərin kəsilməsinə gətirib çıxardı. Rusiya mediasında dərc olunan məqalələrdə də artıq Ukraynada qəti şəkildə rus dilindən imtina edilməsi ətrafında ciddi narahatlıq ifadə olunur. Moldovaya gəldikdə, bu ölkənin yeni prezidenti Mayya Sandu da rus dilinə qarşı bəzi qadağalar tətbiq etmək barədə qərar qəbul edib. Nəzərə alaq ki, Ukrayna və Moldova liderləri – Vladimir Zelenski və Mayya Sandu bu günlərdə Kiyevdə görüşüb və Rusiyanın nəzarəti altında olan separatçı bölgələrin azad olunması istiqamətində fəaliyyət göstərmək qərarına gəliblər. Mübarizəyə isə görünür, rus dilindən başlamaq qərarına gəliblər.

Ukraynanın sərt qadağaları nədən xəbər verir?

Beləliklə, Ukraynada nə baş verir? Bir neçə gün bundan öncə Ukrayna rus dilinə qarşı müvafiq qanun layihəsi qəbul edib. Ölkədə başqa dildə, o cümlədən rusca danışmaq qadağan olunub. "Ukrayna Dövlət Dili haqqında” qanuna görə, bundan sonra bütün xidmət sahələri müştərilərlə yalnız dövlət dilində münasibət qurmalıdır. Dil qanunvericiliyinin yeni qadağası supermarketlər, internet mağazaları, restoranlar, kafelər, banklar, yanacaqdoldurma məntəqələri, klinika, kitabxanalar və idman salonlarına şamil edilir. Qanunu pozan şəxsləri 224 dollar məbləğində cərimə gözləyir. Sözügedən qanunun, ilk növbədə rus dilini ümumişlək durumdan çıxarmaq üçün qəbul edildiyi açıqlanıb. Çünki Ukraynada rusdilli insanların sayı çoxdur. Qeyd edək ki, Ukraynada əhalinin ən azı 1/3-ü rusdur. Qanun da, əslində rus dilinin ümumişlək vəziyyətdən çıxarılması üçün qəbul olunub.Ukraynada rus dili ilə bağlı vəziyyət əvvəldən qəribə olub. Belə ki, ölkənin şərq vilayətlərində illər uzunu rus, qərb vilayətlərində isə Ukrayna dilində danışıblar. Odessa, Nikolayev və Xarkovda rus məktəbləri bağlansa da, rus dilində danışırlar. Və qərb vilayətlərində Rusiyanın imperiya siyasətinə nifrət pik həddə olub.

Moldovanı Dnestryanı bölgə ilə hədələyirlər

Moldovaya gəldikdə, burada ötən ilin dekabr ayında parlament, o zaman prezident, indi isə Sosialist Partiyasının lideri İqor Dodonun təşəbbüsü ilə rus dilinə millətlərarası statusu qaytararaq, ölkə ərazisində Rusiya telekanallarının yayımını bərpa edib. Dodon Audiovizual Xidmətlər Məcəlləsinə düzəliş haqqında qanunu da imzaladığını bildirib: "Bundan sonra telekanallarda senzura ləğv edilir. Tezliklə, Rusiya televiziyalarının xəbər buraxılışları Moldova telekanallarına qayıdacaq”. Qeyd edək ki, bir müddət öncə keçirilən prezident seçkisində Maya Sandu Moldova prezidenti seçilib. O, dekabrın 24-də prezident vəzifəsinin icrasına başlayıb. Lakin müxalifət iki dəfə Konstitusiya Məhkəməsinə müraciət edərək rus dili üçün güzəştlərin ləğvini tələb edib. Məhkəmə də iki dəfə bunu etməkdən imtina edib. Rus dili ilə bağlı məhkəməyə müraciət edənlərdən biri prezident Mayya Sandunun partiyası olub. Bu da onu deməyə əsas verir ki, onun prezidentliyi dövründə bu məsələ prioritet təşkil edəcək. Rusiyanın reaksiyasına gəldikdə, Kreml Moldova rəhbərliyində sağlam düşüncənin qalib gələcəyinə və rus dili ilə bağlı vəziyyətin nizamlanacağına ümid edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, dil zəminində daxili siyasi vəziyyətin gərginləşdirməyə lüzum yoxdur. Bununla yanaşı, Moldova Sosialist Partiyası artıq yaz sessiyasında dillərin funksiyalaşdırılması haqqında yeni qanun işləyib hazırlamaq niyyətindədir.
Bir məsələ var ki, Moldovada rus dili separatçı bölgə olan Dnestryanı bölgədə hakim mövqeyə malikdir. Qaqauziyada da əsas dil məhz rus dilidir. Burada məktəblərdə rus dili tədris olunur. Rusiya həyəcan təbili çalır ki, ölkənin başqa yerlərində rus dilinin bütün sahələrdən sıxışdırılması prosesi gedir. "Dil müharibəsi” Moldovada praktiki olaraq hər zaman aparılıb. Konkret olaraq Dnestryanı bölgənin yalnız Moldova dilində danışmağa məcbur edilməsi ötən əsrin 90-cı illərinin əvvəlində etiraz aksiyalarına gətirib çıxarmışdı. 1992-ci ildə bu aksiyalar silahlı münaqişəyə səbəb oldu. Ardınca da Rusiya münaqişəyə müdaxilə etdi və nəticə də göz qabağındadır.

Avropanın Moldovadan tələbi var

Yeni prezident Mayya Sandu bəyan edib ki, Avropa İttifaqı Moldovaya hər hansı bir kömək göstərməkdən imtina edib. Səbəb də Sosialistlər Partiyasının parlamentdə qəbul etdiyi qeyri-standart qanunlardır. Onların arasında rus dilinə millətlərarası statusun verilməsi əsas məsələdir. Konstitusiya Məhkəməsi də onu qeyri-konstitusion hesab edib. Məhkəmə önündə də rus dilinin müdafiəçiləri ilə əleyhdarları arasında etiraz aksiyaları keçirilib. Bu fonda da rus dilinin müdafiə edən sol partiyalar birləşmək və parlament seçkilərinə vahid cəbhədə getmək barədə qərar qəbul ediblər. Prezident bildirib ki, Moldovaya ən müxtəlif istiqamətlər üzrə yardımlar göstərilməsi barədə öhdəliklər var. Məsələn, 15 mln. dollar davamlı inkişaf, 21 mln. dollar isə polis sistemində islahatlar üçün nəzərdə tutulub. OMNİBUS çərçivəsində isə 50 mln. avro ayrılması nəzərə alınıb.
Beləliklə, ölkədə dil ilə bağlı ehtiraslar 1992-ci ildə olduğu kimi yenidən qızışıb. O zaman bu ehtiraslar silahlı münaqişəyə gətirib çıxarmışdı. İndi də bu səbəbdən Sandunun ünvanına sərt ittihamlar səslənməyə başlayıb. "Moldova uğrunda” parlament fraksiyasının deputatı Sergey Sırbu bildirib ki, Sandu seçkiqabağı verdiyi vədləri yerinə yetirməlidir. Əks təqdirdə, onun rusdilli əhali arasında reytinqi aşağı düşəcək.

Postsovet məkanında vəziyyət xaotikdir

Hazırda MDB məkanında beş ölkədə rus dilinin rəsmi statusu var. Belarusda milli dil ilə yanaşı, rus dili dövlət statusuna malikdir. Lakin son vaxtlar rus dilinə olan münasibət dəyişməyə doğru start götürüb. Belarus dilinin fəaliyyət sferasının rus dili hesabına dəyişilməsinin təşəbbüskarı elə hakimiyyət orqanları olub. Prezident Aleksandr Lukaşenko, ümumiyyətlə, Rusiya telekanallarını bağlamaq və ana dilində təhsil verən məktəblərin sayının artırılmasını təklif edib. Lakin buna baxmayaraq valideynlər öz uşaqlarını yenə də rus məktəblərinə qoymaqda davam edirlər. Keçirilən etiraz aksiyalarında isə gələcəkdə rus dilinin dövlət statusunun dəyişməsinə nail olmağa çalışırlar. Səbəb də odur ki, Belarus sürətlə Qərbə doğru istiqamət götürməkdədir. Başqa bir postsovet ölkəsi Qazaxıstanda da rus dili güclü mövqeyə malikdir. Rusiya hakimiyyətinə sıx bağlı olan "Nezavisimaya qazeta” yazır ki, rəsmi statusa malik rus dili millətlərarası ünsiyyət vasitəsi kimi qalmaqdadır. Lakin nəşr məqsədyönlü şəkildə rus dilinin dövlət dili kimi sıxışdırılıb çıxarılması siyasətinin aparıldığını qeyd edir. 2007-ci ildə Qazaxıstanda dövlət səviyyəsində "dillərin üç birliyi” – rus, ingilis və qazax adı altında mədəni layihə qəbul edilib. Nəzərə alaq ki, keçmiş prezident Nursultan Nazarbayev vaxtilə rus təsirini azaltmaq üçün hətta paytaxtı Almatıdan Nursultan (o zaman Astana adlanırdı) köçürmüşdü. Bundan əlavə, qazax dilinin kiril əlifbasından mərhələli şəkildə latın əlifbasına keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncam, həmçinin latın əlifbası əsasında yeni əlifbanı da təsdiqləyib. Latın qrafikasına keçid 2025-ci ilə qədər tamamlanmalıdır. Bunun üçün hökumətdə xüsusi komissiya yaradılacaq. Sənədə latın qrafikası əsasında hazırlanan 32 hərfdən ibarətyeni əlifbada əlavə edilib.
Başqa bir respublika - Qırğızıstanda da rus dili rəsmi statusa malikdir. Düzdür, rus dili problemi respublikada sərt formada qoyulmayıb. Lakin ziddiyyətlər üçün potensial var. Qırğızıstanda hesab edirlər ki, Birləşmiş Ştatlar, Türkiyə və ərəb ölkələri tərəfindən mədəni hücum hiss olunur. Vəziyyət yalnız Avrasiya İqtisadi İttifaqı yarandıqdan və Qırğızıstanın bu quruma üzv olmasından sonra dəyişdi. Ermənistana gəldikdə isə bu ölkədə rus dili xarici dil statusuna malikdir.
"Nezavisimaya qazeta” yazır ki, rus məktəbləri, faktiki olaraq ölkədə mövcud deyil. Azərbaycana gəldikdə isə ölkəmizdə 327 rus məktəbinin olduğu və orada 90 min uşağın təhsil aldığı vurğulanır. 450 min məktəbli isə rus dilini ikinci əcnəbi dil kimi öyrənir. Özbəkistanda isə artıq rus dilini yaddan çıxarmağa başlayıblar. Milli məktəblərdə həftədə iki dəfə tədris olunur. Tacikistanda isə rus dili millətlərarası ünsiyyət vasitəsi kimi nəzərdən keçirilir. Rus dili məktəblərdə nəinki məcburi fənn kimi tədris , eyni zamanda Rusiyaya iş üçün gedənlərə əlavə təhsil verilir.
Beləliklə, rus dilinin MDB məkanında funksiyalaşdırılmasının mənzərəsi göstərir ki, bu dil yalnız Rusiyanın iqtisadi maraqları olan ölkələrdə yaşamaq hüququna malikdir. Bu da Rusiyanın yaxın xaricdə nüfuzunu genişləndirə biləcək, görünür, yeganə arqumentdir. Digər mühüm bir nəticə ondan ibarətdir ki, insanlar imperiya siyasətinə qəzəblərini məhz rus dilindən imtina etməklə göstərirlər ki, bu da mənfi nəticələrə gətirib çıxara bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər