• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Postmodernizm

07.11.16 11:14 2053
Postmodernizm
Postmodernizm və postmodernist düşüncə ilə bağlı çox yazılıb, çox deyilib. Postmodernist sənətlə bağlı bu yazının ortaya çıxması isə əsasən Elçinin 2015-ci ilin payızında Azərbaycan ictimaiyyətinə təqdim etdiyi "Baş” romanı ilə bağlıdır. Düzdür, biz "Baş” romanına qədər K.Abdullanın "Yarımçıq əlyazm” romanı və onun mifoloji hekayələri ilə bağlı tənqidi fikirlər söyləyərkən, qeyri-adi postmodernist düşüncəyə fərqli tərəfdən yanaşıb, bu əsərləri dəyərləndirmişdik də.
Bəri başdan deyək ki, postmodernizm kimi mürəkkəb birmənalı qarşılanmayan və qəbul edilməyən ədəbi-estetik sənət hadisəsi indi az qala yarıməsrlik yaşına çatsa da, onu hələ də qeyri-adi, insanı özündən kənarlaşdıran, kifayət qədər dərk olunmayan hadisə kimi nəzərdən keçirməkdədirlər və fikrimizcə, haqlıdırlar. Bununla belə iqtisadi-siyasi və mədəni-ictimai proseslər getdikcə və dərinləşdikcə, həm də sənətdə yeni tendensiyaların gündəmə gəlməsi problemi aktuallaşdırır. Əgər əvvəlki dövrlərdə sənətkarlar gözümüz önündə dəyişən aləmin konstruktiv üsullar əsasında getdiyini nəzərə alırdısa, bu gün destruktiv üsulların da belə bir dəyişmələri edə biləcəyini vurğulamaqdadırlar. Avanqardaistlər bəşəriyyətin harasa getdiyinə inanırdılarsa, postavanqardistlər bəşəriyyətin eyni zamanda müxtəlif istiqamətlərdə hərəkət etdiyini duymaqda, hiss etməkdədirlər.
Postmodernizm Qərb yarımkürəsi və Amerika qitəsində yetərincə maraq doğuran olsa da, Şərqi Avropa, Şərq ölkələri, Rusiya, Yaponiya, Çin, Orta Asiya, İran, Azərbaycan, Türkiyə və s. regionlarda ona müəyyən mənada neqativ münasibət bu gün də qalmaqdadır. Heç kim üçün sirr deyil ki, postmodernizm Qərbdə və Amerikada sadaladığımız bu regionlardan daha tez baş qaldırmışdır. Heç uzağa getməyək: Bu günün özündə Azərbaycanda postmodernizmi tənqid etmək onu təqdir etməkdən daha önəmli mövqedə dayanır. Bunu biz həm də müəyyən dərəcədə Şərq və türk mühafizəkarlığı ilə əlaqələndirsək də, postmodernizm doğrudan da kənardan gətirilməklə, Şərq mənəviyyatı, ənənəvi milli bədii söz sənətinin ifadəçisi kimi ortada durub quruculuqdan daha çox dağıdıcılığa xidmət etməkdədir. Bu gün postmodernizm Azərbaycan, Türkiyə, İran, Orta Asiya və, ümumiyyətlə, Şərq ədəbiyyatlarında ayaq açsa da, bəzi tənqidçi-estetlər onun bu ədəbiyyatlarda doğulub yaşaya bilməyəcəyində israrlıdırlar. Şərqşünas olmayanlar isə postmodernist əsərlərin yaranmsında hansı Şərq, yaxud Qərb kontekstinə (müstəvisinə) üstünlük verilməsi haqda daha çox düşünməkdədirlər. Burada əsasən iki aparıcı nəzər nöqtəsi ortaya çıxır:
Birinci – Deniel Bellin söylədiklərinə söykənən V.Bıçkov, V.Kuritsın, N.Mankovskaya və İ.Skoropanovanın fikirlərini özündə əks etdirən ədəbi postmodernizmin postsənaye cəmiyyətlərində Avropa və Şimali Amerikada 1950-ci illərin sonu - 1960-cı illərdə ortaya çıxdığı söylənildiyi halda, ikinci –postmodern mərhələnin mədəni məhsulu olmaqla Şərqdə (eyni zamanda Şərqi Avropa və bütün Latın Amerikasında) 1970-ci illərin sonu – 1980-ci illərdə dövrün müjdəçisi kimi, insanların düşüncəsini ümumdünya mədəniyyətinin böhrana uğradığı bir şəkildə yeni mövcudluq modelinə kökləyən dünyanı dərkin yeni mənəvi əsaslarını ortaya qoymağa istiqamətləndirmədir.
Kulturoloq M.Epşteyn isə fərqli bir nəzər nöqtəsi ifadə etməklə hesab edir ki, postmodernizm mədəni hadisə olaraq Qərbdən daha tez Şərqdə yetişməklə (buraya o, Rusiyanı da daxil edir) Yeni dövrdən başlamışdır. M.Epşteynə görə Qərb mədəniyyəti işarələri süni olaraq daha "yuxarı”dan "hökmran təfəkkürdən” digər bir mühitə (Şərq) düşməklə özünün ehtiva etdiklərindən məhrum olmaqla, özü özlüyündə bağlı (qapalı) qarşılıqlı referens sistem yaradaraq reallıq planına çıxmaqdan kənarda qalıb simulyakra çevrildi. Epşteynin fikrincə elə buna görə də Şərq ölkələri ədəbiyyatlarında postmodernist əsərlərin (postsənaye) cəmiyyət mərhələsinə yetişməməsinin qanunauyğun hadisə olmasını başa düşmək gərəkdir. Şərqdə postmodernizmin gəlişməsi ilə bağlı Orxan Pamukun ideyası da bu rus kulturoloqunun baxışları ilə, demək olar ki, üst-üstə düşür ki, bu da Pamukun romanlarında "daxildə partlayış yaratmaqla” Avropalaşmış asiyalının "görünüş-fasad”ında özünü əks etdirir.
Tanınmış rus filosofu N.Mankovskaya postmoder­nizmi yeni postsivilizasiyanın yaranması kimi nəzərdən keçirməklə onu "postmo­der­nizm mədəniyyəti”, "bədii estetik postmodernizm”, filosof-sənətşünas V.Bıç­kov "postmədəniyyət” anlayışından istifadə edərək, ənənəvi dəyərlərin devalva­siyası, antimənəvi və s. adlandırmaqla mənəviyyatdan kənarlıq, M.Epşteyn isə onu çoxəsrlik mədəni mərhələdə "postmodernlik” kimi nəzərdən keçirməklə, yeni mərhələdə informasiyalı cəmiyyətin yaranmasının ən mühüm, həm də eyni zamanda qorxunc hadisəsi olmaqla, informasiya çoxluğunun əqlin yaradıcı imkanlarını məhdudlaş­dırdığını (çünki təfəkkür informasiyalarla yox, ideyalarla hərəkətə gəlir) söyləyir. Bununla belə M.Epşteyn həm də o, rus alimlərindəndir ki, postmodernizmdə modernizmi XX əsrin vahid mədəni paradiqması kimi götürür ki, bu da onun tərəfindən "hiper” (yəni "həddən artıq çox”) anlayış kimi istifadə olunur. Və "hiper”i o, iki müstəviyə «super» və "yalançı”ya bölür. Onun fikrincə, modernizm elə "super” taktika demək olub, mədəniyyətin arxasındakı işarə və sistemlərdən o tərəfdə olan sırf reallıq, əsl reallıq axtarışıdır. Lakin bu super reallıq ortaya çıxdıqda da müəyyən olunur ki, bu "super”in özü də boşluq, postmodernist simulyakrdır (nüsxədir, yalandır). Postmodernist dialektika (əgər belə bir anlayışdan istifadə etmək mümkün olsaydı) tezisin anti-tezisə çevrilməsini nəzərdə tutardı ki, bu da daim özü özlüyündə ironiyalı başqasını axtarmağa meyllilik kimi ortada dayanardı.
V.Kuritsın XX əsrin sonlarına yaxın mədəniyyətdəki dəyişmə hallarını ya "müasir vəziyyət”, ya da "postmodernizm situasiyası” adlandırır ki, bu da özünü insanın mədəni fəaliyyətinin ən müxtəlif sahələrində büruzə verir (məsələn, linqvistikada (poststrukturalizm), fəlsəfədə (dekonstruktivizm), təsviri sənətdə (konseptualizm), ədəbiyyatda, kinematoqrafda və iqtisadiyyatda reklamın maldan – əmtəədən, nümunədən, örnəkdən daha üstün mövqedə durmasını «postmodern mədəniyyət» kimi nəzərdən keçirir ki, burada ironiyadolu mətnlərarasılıq, eklektiklik və hipotetiklik də erudisiya, parodiya və ədəbi məişət kontekstində bir-birini tamamlayır.
Postmodernizmin bir mədəni kontekstdən çıxıb digəri ilə əvəzlənməsi, həm də mədəni kodların və dəyər sistemlərinin dəyişməsi, əvəzlənməsidir. J.F.Liotarda görə postmodernizm modernizmdən sonra olsa da, burada "post” prefeksi ona qarşı dayanıb durmur. Umberto Ekonun fikrincə isə hər mərhələ öz post–modernizmi ilə "nəfəs” almaqdadır. Bununla belə modernizmlə postmodernizm heç də bir-birinə identik olmasa da, aralarında konsepsiyalı şəkildə əlaqələrin olduğunu da tam şəkildə inkar etmək düzgün olmazdı. Çünki onlardan hər biri müasir mədəni kontekstin başlıca xüsusiyyətlərini özündə daşımaqdadır. Postmodernizm nəinki müasir mədəniyyətin çoxşaxəli strukturunu əks etdirir, həm də bu, rəngarəngliyin müsbət mədəni hadisə olduğunu göstərməkdədir. Buna görə də postmodernizmi insan fəaliyyətinin elə bir spontan şəkli kimi götürmək olar ki, həyat məkanın formalaşmasına tuşlanmış xüsusi bir dünya­ – baxış tipi yaratmağa meyillidir. Eyni zamanda bu, XX əsrin ortalarından sonra yaranmış mərhələnin fəlsəfi paradiqması kimi də götürülə bilər. Postmodernizm yeni mədəniyyət situasiyasının yaranmasını əks etdirsə də, onun hələ də aydın paradiqmatik təyini ortaya qoyulmamışdır. Eyni zamanda postmodernizm real mövcud olan obyektin məntiq anlayışı kimi də dərk olunmamalıdır...
Nizami Tağısoy
banner

Oxşar Xəbərlər