• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

Postmodernizm – astarı üzə geyilmiş paltar?!

24.10.16 11:12 2114
Postmodernizm – astarı üzə geyilmiş paltar?!
Postmodernizm haqda XX əsrin 70-80-ci illərindən başlayaraq, Qərbi Avropa və Amerikada geniş müzakirələr aparılmaqda, bu cərəyanın özündə nəyi ehtiva etməsindən ardıcıl şəkildə danışılmaqda, mülahizələr bildirilməkdə, onun tarixi, nəzəri, praktik məsələlərinə toxunulmaqdadır. Problemin Qərbdə və Amerikada geniş təhlil olunduğunu nəzərə alıb, onları burada bir daha incələmək barədə düşünmürük. Bu cərəyana Azərbaycanda hansı rakurslardan baxılması bizi daha çox maraqlandırdığı üçün onun bizim – yerli sənətdə, estetik çevrədə nəyə işarə etdiyini və nəyi bildirdiyini nəzərdən keçirməyi qərara almışıq.
Əvvəlcə bundan başlayaq ki, həm praktik düşüncə, yazı tərzi, həm də nəzəri-metodoloji baxış kimi postmodernist təfəkkür və ifadə üslubu bizdə özünü 90-cı illərin ikinci yarısından, bəlkə də əsasən 2000-ci illərin əvvəllərindən göstərməyə başlayıb. Maraqlı burasıdır ki, Eyvaz Taha postmodernizm haqda ilk nəzəri yazılardan birini hələ 1997-ci ildə "Cahan” dərgisində ortaya çıxarmışdı. Onun fikrincə bədii əsərlərinə yenilikçilik gətirmək istəyən gənc yazıçılar yaşlı nəsli "sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basıblar”. Bununla belə bu əsərlər postmodern estetikanın tələblərindən yetərincə kənarda idilər. E.Taha belə natamam əsərlər sırasına H.Herisçinin "Nekroloq” romanını da əlavə edir. E.Taha belə bir fikri də vurğulayır ki, postmodernizmi "yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaq” olardı. Eyni zamanda o, həm də bu istiqamətdə gənc Azərbaycan yazarlarının əsərlərini "arxadan atılan daş” kimi səciyyələndirir.
Niyazi Mehdi postmodernizmi plüralizmin sonucu adlandırır. Onun fikrincə bu elə sonucdur ki, plüralizm olub gəlişən yerdə qaçılmaz olaraq ortaya çıxmalı olur. Plüralizmi sezdirən yazıçılardan danışdıqda o, H.Herisçinin andeqraundundan söhbət açmaqla onun əsərinə kimlərinsə postmodernist əsər deməsini məqbul hesab etmir. Çünki, onun fikrincə, belə dəyərləndirmə özünü heç nəylə təsdiqləmir.
Nəzəriyyəçilər, filosoflar, estetlər daim postmodernizmin zühur etməsini inkişaf etmiş ədəbiyyatlarda XX əsrin 60-cı illərinin sonlarından götürürlər və bu kontekstə Azərbaycan ədəbiyyatını da qoyurlar (Postmodernizm müasir dövrün intellektual və emosional ifadəsi. "525-ci qəzet”, 2013). Postmodernizmin bir qeyri-realist cərəyan kimi ortaya çıxmasının dövrün siyasi-iqtisadi və mədəni-mənəvi irəliləyişləri ilə bağlı olduğu qeyd olunub, tarixi şərait düzgün göstərilirsə və bu irəliləyişlərin mütləq yeni bədii-estetik ifadə formaları araması ağlabatandırsa, Azərbaycanda göstərilən dövr (iqtisadiyyatda, xüsusən, staqnasiya dövrü kimi xarakterizə olunur. Çünki həmin dövrlərdə "pripiska hərəkatı” kifayət qədər sistemli və ardıcıl xarakterli idi) həm də iqtisadi-siyasi və mədəni-mənəvi baxımdan ağır tənəzzül illəri idi. Azad söz, fikir, bədii-estetik düşüncə hücumlara daha çox məruz qalırdı. Burada bir şeyi də qeyd etməliyk ki, həmin dövrlərdə və ondan xeyli əvvəllər modernist düşüncə sənətə, ədəbiyyata, memarlığa, rəssamlığa, heykəltaraşlığa yeni biçimdə fikri ifadə etmək imkanı verirdisə, postmodernist düşüncə təkcə modernizmin davamı anlamına gəlmirdi, həm də ondan xeyli fərqli məsələləri diqqət mərkəzinə çəkirdi. Biz rus Azərbaycan, özbək, gürcü, ukrayna, belarus və bir sıra digər ədəbiyyatlarda 60-cılar nəslinin ədəbiyyata, sənətə, estetik fikrə, bədii düşüncəyə nə verdiyini bilirik. Elə buna görə də 60-cıların bu kontekstdə ədəbiyyatımıza verdiklərinin dəyərini də qətiyyən azaltmırıq. Lakin bununla belə biz heç də deyə bilmərik ki, belə bir avtoritar mühitdə 60-cı illər Azərbaycan ədəbiyyatı, sənəti postmodernist nümunələri diqqət mərkəzinə çəkməyə nail oldu. Çünki həmin dövrdə avtoritarlıq baş alıb getdiyindən sənətkarların belə bir istəyi də açıq şəkildə ifadə oluna bilmirdi. Düşüncədə oturan tamamilə başqa yaradıcı vəzifələr idi. İsmayıl Şıxlının, İsa Hüseynovun, Sabir Əhmədlinin, İlyas Əfən­diyevin, Anarın, Elçinin, İsi Məlikzadə, Yusif Səmədoğlunun, Mövlud Süleymanlının bədii məqsədləri bir qədər başqa idi. Həyat həqiqətlərini daha aydın boyalarla oxucuya çatdırmaq onlar üçün bu dövrdə mühüm prioritet təşkil edirdi. Buna görə də 60-cı illərdə Azərbaycanda postmodernist düşüncənin gəlişindən söhbət belə gedə bilməz. Əgər totalitar sistem ədəbi-fəlsəfi düşüncəni məngənədə saxlamağı qarşı məqsəd qoymuşdusa, həmin dövrdə ədəbi məhsulun astarının üzə çıxarılmasından, çevrilməsindən danışmağa belə dəyərdimi?! Totalitar düşüncəni, avtoritar siyasəti özünün aparıcı konsepsiyası kimi görən və ona xidmət edən Sovet rəhbərliyi, Kommunist partiyası və ideoloji institutları belə sərbəstliklərə getməyə də razı olmazdı. Buna görə də, fikrimizcə, bəzi Azərbaycan müəlliflərinin bizim ədəbiyyatda postmodernizmin 60-cı illərdən gəlişməsi fikri tamamilə istisna edilməlidir. Çünki belə fikirlərin nə tarixi, nə nəzəri, nə də praktik dayaqları mövcud deyil.
Nəzərə almalıyıq ki, postmodernist əsər nə tarixi fakt və hadisələrin özəlliyinə, nə oradakı obrazlara, nə etnik-milli düşüncə tərzinə, nə psixologiyaya, nə epik-müdrik qəhrəmanlara, sakral mətnlərə və mənbələrə təsvir etdiyi dövrün həqiqətlərinə sayğı və qayğı ilə yanaşmır. Yəni bizim posmodernizmdə məlum həqiqətlərə, obrazlara, örnəklərə elə divan tutula bilir ki, oradakı belə yozum az-çox əvvəlki əsərdə (yaxud əsərlərdə) təsvir olunanlar onları qıcıqlandırardı.
Postmodernistlərin tarixi artıq bitmiş hesab edib metatarix yarada biləcəkləri də bizdə şübhə doğurmaqdadır və bu, yalnız onların öz düşüncəsindən gələn baxış olduğu kimi görünəcəkdir. Bütün bunlara görə Azərbaycanda postmodernizmin bir qeyri-realist cərəyan kimi formalaşması hələ ki, fikrimizcə, tarixi, ictimai, siyasi, kulturoloji proseslərin necə gedəcəyindən asılı olacaqdır. Buna görə də, fikrimizcə, Niyazi Mehdi söylədiyi kimi, Azərbaycanda "postmodernist üslubda yaradıcılıqla məşğul olan gənc yazıçı yoxdur” fikri ilə razılaşmaq daha doğru olardı. Ümumiyyətlə, Azərbaycanda gənc yazıçıların özlərini postmodernist adlandır­maları da bizi bir qədər şübhəyə salır. Çünki biz məsələyə münasibətimizi təsdiqləyici şəkildə ortaya qoymaq üçün yenə də bu gün sitat gətirilməsi dəbdə olmayan klassiklərdən birinin K.Marksın Marqaret Qarknesə yazdığı məktubundakı "Sənətkar göstərir, alim sübut edir” fikrini onların diqqətinə çatdırmaq istəyirik. Bədii-ədəbi, fəlsəfi-estetik cərəyanın nəyi ehtiva etmə mərhələlərini, heç şübhəsiz ki, nəzəriyyəçilər, filosoflar, ədəbiyyatşünaslar müəyyənləşdirirlər. Düzdür, bəzən elə yazıçılar var ki, onların praktik əsərləri ilə nəzəri yanaşmaları bir-birini tamamlaya bilir. Məsələn, Umberto Eko, Xose Luis Borxes, Yuri Polyakov və başqa bu kimilərin fəaliyyəti, nəzər nöqtələri bu kontekstdə təqdirəlayiq hesab oluna bilər. Çünki onlar sənətin nəzəri, metodoloji və praktik qanunlarını yetərincə yaxşı bilib mənimsəyənlərdəndirlər. Buna görə də gənc yazarların özlərini hansısa konkret ədəbi-estetik cərəyanın nümayəndəsi kimi təqdim etmələri haradasa elmi çevrədən kənara çıxır. Gənc yazarların özlərindən əvvəl olan örnəkləri inkar etmələri onların həmin nümunələrlə, oradakı ideyalarla yaxından tanış olmamasından irəli gəlir. Əvvəli inkar etməksə, fikrimizcə, yeni sənətin uğuru hesab edilə bilməz. Bu tipli tendensiyalar əvvəllər də baş qaldırmışdı (məsələn, XX əsrin ilk onilliyində illərində proletkultçular yeni sosialist mədəniyyəti yaratmaq uğrunda mübarizə apararkən əvvəl olanları inkar etməyə çağırırdılar). Bəs nəticə nə oldu?! Xəbəriniz varmı?! Onların belə yanaşması özünə tərəfdaş toplaya bilmədi. Müxtəlif mədəniyyətlərdə futurizm, akmeizm, dekadans, simvolizm və s. kimi cərəyanlar mövcud olsa da, onlar da uzunömürlü ola bilməyiblər. Çünki romantizmdəki və realizmdəki ifadə imkanları onlarda mövcud deyildir. Bununla belə onu da vurğulamalıyıq ki, ədəbi-fəlsəfi-estetik cərəyanların gəlişməsini sənətkarlar, rəssamlar, heykəltaraşlar, memarlar, yazıçılar sözlə yox, nümunələrlə yaradırlar. Tarixi, siyasi, sosial, ictimai, iqtisadi, mədəni-kulturoloji proseslər isə onlara rəvac verir. Buna görə də postmodernizmi fəlsəfi-estetik cərəyanların sonuncusu kimi görən müəlliflər də bir qədər qeyri-dəqiqliyə yol verirlər. Sonuncunun nə zaman gələcəyi yetərincə dumanlıdır. Düzdür, bu gün Mişel Fukonun "Müəllif nədir?” sualının Rolan Bartda "müəllifin ölümü”nə transformasiyası filosoflar, ədəbiyyatşünaslar, nəzəriyyəçilər və estetlər qarşısında köklü suallar qoymaqdadır. Bu, tarixi mərhələnin ortaya atdığı məsələdir. Əvvəllərdə də, elə indinin özündə də Dünyanın xronotopları bir-biri ilə Məkan-Zaman əlaqələrində qalmaqdadır. Çünki biz mifoloji Məkan və Zamanda yox, XXI əsrin həqiqətləri içində yaşayrıq., V.Xlebnikov futuristlərlə bir cəbhədə idi. Onun "Zangezi”si vaxtı ilə ədəbi janrların heç birinin içinə qoyulmur, daxil edilmirdi. Buna görə də bu əsər nə hekayə, nə povest, nə də roman idi. O povestkənar idi. Müəllifin özü onu belə adlandırmışdı.. Bizə gəldikdə isə ehtimallardan daha çox praqmatikliyə (düzdür, postmodernist düşüncə praqmatizmi rədd edir) üstünlük verməliyik ki, iki paralel xətt sonsuzluqda görüşə bilər. Ümumi nisbilik nəzəriyyəsində dördüncü məkan-zaman koordinatlarının mövcudluğundan və koordinat məkanının əyilmə dərəcə­sindən, əyilmiş məkanda iki düz bir-birinə paralel xətlərin qovuş­ma­sından danışmışlar. Lakin sənət bu qanunlarla yaşamır. Onun öz qanunları vardır. Buna görə də bu mövcudluqda doğrudan da rasionalizm aparıcı rol oynayır. Və elə buna görə də hələ bundan sonra həyatı, sənəti, sənətkarı nə gözlədiyini də tarixin özü bilir...
Nizami Tağısoy
banner

Oxşar Xəbərlər