• cümə, 29 Mart, 08:39
  • Baku Bakı 5°C

Portos – bu, həyatımın ən böyük parçasıdır

21.06.14 10:26 3327
Portos – bu, həyatımın ən böyük parçasıdır
Valentin Smirnitskinin 70 yaşının olmasına heç kim inanmır. Aktyor da özünü heç o yaşda hiss etmir. Sevimli «muşketyor» yubileyi ərəfəsində yaşantıları barədə «Komsomolka»ya danışıb.
Ulduz xəstəliyi - bu, psixi xəstəlikdir
- Yubileyə hazırlıq tam proqram üzrə gedir?
- Mən yubileyə hazırlaşmıram – bu rəqəmlərdə sevincli heç nə yoxdur. Ancaq “70 il” imtina edə bilmədiyim reallıqdır. Baxmayaraq ki, daxilən özünü cavan hiss edirsən. Mən 60 yaşımı axırıncı dəfə Moskvada təntənəli surətdə qeyd etmişəm. Bununla da yubileyləri qeyd etməyə son qoymuşam. Adətən, həmin vaxt gələndə mən çıxıb gedirəm.
- Bunun üçün İspaniyada gizlənirsiniz?
- Kiminsə Moskva ətrafında bağı var, mənimki də İspaniyadadır. Ancaq mən orada tək deyiləm. Qardaşım da tez-tez ora qonaq gəlir.
- 50 ildən çoxdur ki, səhnədə və kinodasınız. Hiss edirsinizmi, artıq karyeranız yarım əsrdən çoxdur?
- Deyirlər ki, çoxdur... Mən heç vaxt işimi kəmiyyətə görə ölçmürəm, heç bir statistika aparmıram.
- Sizə teatr, yoxsa kinematoqraf çox yaxındır?
- Demək olar ki, eynidir. Kinoda sayca rollarımın çox olmasına baxmayaraq, teatrda daha çox uğurlu rollarım var.
- Bəs Portos? Yəqin ki, bu sizi bezdirib – ondan gizlənə bilmirsiniz?
- Bir çox aktyorları tanıdan rollar var ki, onları bütün ömürləri boyu izləyir. Nə etmək olar? Mən bu rolu çox sevirəm, baxmayaraq ki, zəhləmi töküb. Yeri gəlmişkən, biz Dümanın muşketyorlara aid olan bütün əsərlərində çəkildik. Düzdür, növbəti işlər o qədər də uğurlu olmadı, bununla belə, bunlar mənim həyatımın böyük parçasıdır. Bu, məni fərəhləndirmir, qıcıqlandırmır. Şükür Allaha, gör neçə illərdir ki, immunitetimi qaldırır. Düma ilə məni 30 illik vaxt bağlayır. Bu, çox ciddi rəqəmdir.
- Bəs ulduz xəstəliyi, siz bunu keçmisinizmi?
- Başa düşmürəm, bu nə deməkdir. Bu cür adamları görəndə onlara hörmət edə bilmirəm. Bu, bizim peşəmizdə çox dəhşətli bir şeydir. Xüsusən gənc və seriallara çəkilən aktyorların xəstəliyidir. Bu, ani şöhrətdir. Ancaq əsl şöhrəti saxlamaq və tamaşaçını inandırmaq lazımdır. Həyat çox uzundur. Başlanğıcda sənin arxanca pərəstişkarların qaçır, sənə gül-çiçəklər verirlər. Əgər inkişaf eləmirsənsə, bir ildən sonra unudurlar. Bu, sadəcə bizim sənətimizə ictimai maraqdır. Ancaq ulduz xəstəliyi - bu, psixi xəstəlikdir. Bu, insanı dəli edə bilər.
- Sovet dövründə də seriallar çəkilirdi. O zaman da onlar bu cür müzakirə mövzuları olurdumu?
- Onların keyfiyyəti fərqli idi. Gözəl və nifrətdoğuran seriallar var. Müəyyən bir dövr olub ki, mənim kimi bir çox aktyorlar pul qazanmaq üçün seriallara çəkilmişik. 90-cı illər bizim üçün çox çətin idi. Ya seriala çəkilməli, ya da ac qalmalı idin. Əlbəttə, bunu tamaşaçıya aydınlaşdırmaq çətindir. Ancaq bu bizim yaşamağa məcbur olduğumuz həqiqətdir.
- İndi siz daha çox polis işçilərinin rolunu oynayırsınız. Paqonlu insanların obrazını yaratmaq xoşunuza gəlir?
- Əgər material yaxşıdırsa, əlbəttə, xoşuma gəlir. Bundan əlavə, forma mənə yaraşır. Hazırki polislər bilmirəm, nədənsə mənə gizli bir hörmətlə yanaşırlar. Mənim onlarla heç vaxt münaqişəm olmayıb.
Arıq, gülməli oğlan
- Siz institutda oxuyanda ətrafınızda tanınmış insanlar olub. İndi onlarla əlaqələriniz necədir?
- Mənimlə eyni vaxtda Andrey Mironov və Vertinskaya bacıları, Valya Malyavina, İnna Qulaya və Nikita Mixalkov oxuyurdu. Mixalkov məndən kiçik idi. Düzdür, onu pis davranışına görə qovdular. Sonra o, ÜİKM-ya daxil oldu və rejissor oldu. Ümumiyyətlə, ətrafımda kifayət qədər istedadlar vardı. Amma bizim kursumuz o qədər də uğurlu deyildi. Çoxları ixtisasını davam etdirmədi. Kursumuzun ən məşhur aktyorlarından biri Aleksandr Kolyaqin idi. Axı, bizim pedaqoqlar əfsanəvi şəxsiyyətlər idilər. Təsəvvür edin, Vaxtanqov Teatrının əsasını qoyan Rusinova, Mansurova, Andreyeva, Rapoport, Lvov, Etuş... Həmçinin Etuş o zaman cavan pedaqoq idi. İndi isə o, rektordur.
- Siz elə məktəbə ilk gəlişinizdə daxil oldunuz?
- Heç də o qədər asan olmadı. Məktəbdən məni dram dərnəyinə cəlb etdilər. Mən orada Xlestokov rolunu çox uğurla debüt etdim və öz-özümdə sual yarandı: “Mən aktyor ola bilərəmmi?” Mən yarıözfəaliyyət studiyasında məşğul olmağa başladım. “İnstituta sənəd versəm dərhal daxil olacağam” –deyə məndə elə bir əhval-ruhiyyə yarandı. Amma o zaman yaradıcı ali məktəblərdə böyük müsabiqə vardı – az qala min adama bir yer düşürdü. Mən arıq, gülməli oğlan idim. Komissiyanın qarşısında duranda onların istehzalı baxışlarını hiss etdim. Mən nəsri oxudum, Krılovdan təmsil söylədim. Müəllimlərin baxışlarının ciddiləşdiyini hiss etdim.
- Təhsilinizin ilk illərində çəkilməyə müvəffəq oldunuz?
- Yox, bu mənə yalnız sonunda bəxş olundu. Bizim təqaüdümüz çox cüzi idi. Ona görə də biz hər yerdə işləyirdik. Ya teatrda kütləvi səhnələrə çıxır, ya da kinoda kütləvi səhnələrə çəkilirdik. Nə etmək olardı? Yaşamaq lazım idi.
- Nikita Mixalkov o zaman tanışlığa görə sizə rol təklif etdi?
- Dotsluğa görə. Mən artıq aktyor idim. Bir vaxtlar mən onunla çox sıx münasibətdə idim. Buna görə də o, mənə, Lev Durova və bir sıra başqa gənc aktyorlara özünün diplom işi olan «Mühariəbənin sonuncu günü» filmində çəkilməyi təklif etdi. Hamımız məmnuniyyətlə razılaşdıq və ona qoşulub Oka çayı üzərində Voznesenski kəndinə ekspedisiyaya getdik.
- Bu gün onun filmlərində çəkilmək istərdinizmi?
- Böyük məmnuniyyətlə. O, öz məktəbini yaradıb, öz aktyorları var. O, çox güclü, istedadlı, hamıdan fərqlənən, öz prinsiplərini həyata keçirən insandır. Ümumiyyətlə, məncə o, gözəl rejissor və aktyordur.
Xoşagələn yekəpər
- «Üç muşketyor»un 1978-ci ildə Lvovda keçirilən çəkilişləri haqqında o vaxtdan bəri əfsanələr dolaşır. Həqiqətən orda hədsiz dərəcədə “muşketyorluq” ab-havası hökm sürürdü?
- Bu ab-havanı özümüz yaratmışdıq. Bizim dostluğumuz o vaxtdan bəri qorunub saxlanılır. Bizim qarşılıqlı şən münasibətimiz avtomatik olaraq ekrana köçmüşdü. Heç şübhəsiz, bu tamaşaçıya da təsir edirdi. Çünki filmə reaksiyalar məlum idi.
- O zaman Yunqvald – Hilkeviç sizə Portos olmağı təklif edəndə təəccüblənmədinizmi?
- Təəccübləndim. Mən bunu gözləmirdim. O zaman mənə Odessadan zəng vurub təcili gəlməyi söyləsələr də, konkret nə üçün çağırdıqlarını demədilər. Mən o vaxt ayağımı sındırmışdım və iki aylıq bülletendəydim, mən heç nə edə bilməzdim. Baxmayaraq ki, o zaman «Riqa» kinostudiyası ilə müqaviləm var idi və rejissor Aloiz Brenç iki serialı maraqlı dedektiv çəkməyə hazırlaşırdı. Çəkilişlər də Almaniyada və Polşada keçiriləcəkdi. Ancaq mən birdən məmnuniyyətlə Odessaya uçdum. Orada məlum oldu ki, Yunqvald – Hilkeviç məni Portos rolunda sınağa çəkir. Mən təəccübləndim və buna o qədər də ciddi yanaşmadım. «Görürsünüz mən hansı vəziyyətdəyəm?» - deyəndə rejissor «eybi yoxdur, sağalarsan» dedi. Onun özünün hansısa rejissor arqumentləri vardı. Qəribədir ki, sonra məni ən yüksək səviyyədə inandırdılar ki, bu, ən yüksək ideoloji televiziya səviyyəsində – dövlət teleradionun sifarişi ilə çəkilir və mən Brençlə muqaviləmdən imtina etməli oldum. Bu filmdə çəkilməyə başladım, heç nəyə də heyfslənmədim. Zaman hər şeyi öz yerinə qoydu. Film o zamandan bəri məşhurdur. Bunun heç bir müzakirəyə ehtiyacı yoxdur.
- Uşaqlıqda filmlə bağlı kitabı oxuyanda özünüzü kimin simasında görürdünüz?
- İlk növbədə Dartanyanın, o da olmasa Atosun və yaxud Aramisin. Amma Aramis bir qədər bezdirici idi. Portos rolunda isə özümü heç təsəvvür eləmirdim.
- Bəs xoşagələn yekəpər necə yarandı?
- Mənim görkəmimi dəyişdilər. Ümumiyyətlə, çətin idi. İlk dəfə idi ki, mənə kinoda xarakter rol yaratmaq lazım idi. Mən həmişə teatrda qrimin hesabına bunu yaradırdım. Ancaq bu, kinoda həmişə təhlükəlidir. Əgər inandırıcı oynamasan, özünü ifşa edə bilərsən və sənin qrimin, örtüyün də bunu ört-basdır edə bilməz.
- Tamaşaçılar o vaxtdan bəri sizi Portos kimi görürlər, bu, sizi narahat etmir?
- Nə etmək olar? Bu, təkcə mənim taleyim deyil. Bir çox yaxşı aktyorlar serialların populyarlığının məngənəsi altına düşürlər. Dahi artist Boris İvanoviç Baboçkin bütün ömrü boyu Çapayev kimi gəzdi. O, ciddi aktyor, görkəmli pedaqoq idi. Bu məsələyə fəlsəfi yanaşmaq lazımdır.
- Sonradan da sizə muşketyorsayağı rollar təklif olundumu?
- Təklif olundu, amma mən imtina etdim. Rejissorlar məni öz gözləri ilə görüb inanandan sonra məyus olurdular. Mən kinolentdə onları aldatmışdım.
- İndi Portosu başqacür oynayırlar...
- Əlbəttə, mən də onu gənclik illərimdə başqa cür oynayırdım. İndiki yaşımda isə mən onu fərqli interpretasiya edərdim. Qısası, Depardye məhz «Dəmir maska» filmində məhz bunu etməyə çalışıb. Mən bu yaxınlarda həmin rolu dublyaj eləmişəm.
- O zaman Mixail Boyarskinin muşketyorların ardını çəkmək ideyası vardımı?
- Yeri gəlmişkən, bu ideyanın təşəbbüskarlarından biri mən idim. Bu sirri gizlətməyəcəyəm. İdeya ümumiyyətlə, yaxşı idi. Biz süjeti elə götürdük ki, Düma bütün muşketyorları öldürür – Aramisdən başqa. Bundan sonra isə tarixi materiallar idi. Təəssüf ki, maliyyə tənəzzülü 90-cı illərdə bizə də toxundu. Ancaq bizim yaxşı perspektivlərimiz vardı.
- İndi necə, ümid varmı?
- Bilmirəm. Mişa hər şeyi öz üzərinə götürüb. Biz axı, insanıq. Bu məsələyə bir qədər yaradıcı yanaşmaq və bununla məşğul olmaq lazımdır. Bu işlə ciddi məşğul olan prodüser olmalıdır. Mişa isə yaradıcı adamdır, onun kifayət qədər işi, öz teatrı, konsertləri, filmləri var.
- Muşketyorların bir yerə yığışması mümkündürmü? Məsələn, Smexov, deyirlər indi Amerikada yaşayır.
- Hə, o, əsasən xaricdə yaşayır. Almaniyaya, Avropaya səyahət edir, dərs deyir. Tələbələri ilə öz tamaşalarını qoyur. Ancaq onunla da belə bir söhbət olub.
- Doğrudurmu, ikinci filmdən sonra rejissorla aranızda narazılıqlar yaranıb və demisniz ki, bir daha onunla işləməyəcəksiniz?
- Aramızda münaqişələr olsa da, belə bir fikir olmayıb. Məgər çəkiliş proseslərində azmı qalmaqallar olur? Bu, yaradıcılıq prosesidir. Biz filmdən sonra Hilkeviçlə görüşdük, söhbət etdik. Hətta, onun uğursuz bir filmində də çəkildim.
- Demək yenidən Hilkeviçlə işləyəcəksiniz?
- Demək çətindir, ancaq Mişa onu istəyir. Bizlərdən kimsə başqasını. Axı Hilkeviç o zaman şərt qoymuşdu: “mənim öz qəhrəmanlarıma yazığım gəlir, onların öldürülməsi barədə kino çəkə bilmərəm”. Onun belə bir parinsipial mövqeyi vardı.
- Bir çox aktyorlar obrazları canlı yaratmaq üçün alkoholun və ya narkotikin köməyinə qaçırlar- bu fikir həqiqətdirmi?
- Yox, onlar bununla stress atırlar. Mənim də alkoholla problemim olmuşdu, ancaq buna qalib gəlməyi bacardım. Düzdür, bu vasitələr müəyyən qədər kömək edir. Məsələn, qərbdə məşhur artistlər – narkomanlardır. Onlar beləcə stress atırlar. Bəs sonra?
- Boş vaxtlarınızda kinodan başqa nə ilə məşğul olursunuz?
- Futbolu sevirəm. Braziliyada keçirilən dünya çempionatı başlayıb – oyunları izləyirəm. Üzməyi, piyada gəzməyi və maşın sürməyi xoşlayıram. Çoxlu kitab oxuyuram. Son vaxtlar tarixi, avtobioqrafik, ədəbi, memuarlar mütaliə edirəm.
Tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər