Pomidorun alternativ bazarı həmişə var...

"Həm idxal, həm də ixrac prosesində qrafikin şaxələndirilməsi vacibdir
Dekabrın 10-dan etibarən "Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Bu barədə TASS qurumun rəsmi saytına istinadən məlumat yayıb: "Təkcə 22 oktyabrdan indiyə qədər mütəxəssislər 17 dəfə Avrasiya İqtisadi Birliyi üçün karantin hesab edilən cənubi Amerika pomidor güvəsi və şərq güvəsi aşkar ediblər. Bununla bağlı fitosanitar vəziyyəti mühafizə etmək üçün göstərilən malların dekabrın 10-da Rusiyaya idxalı qadağan olunur”, - deyə qurumdan bildirilib.
Bakıdakı rəsmilər bu məsələyə reaksiya verərək bildiriblər ki, "Rosselxoznadzor”un qərarı Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin davamlı böyüməsinə böyük ümid bağladığımız anda bizim üçün sürpriz oldu: "Digər tərəfdən, bu mallar, xüsusən də pomidorlar rus istehlakçıları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan pomidorları və almaları on illərdir Rusiyaya ixrac olunur və onların qadağan edilməsinə heç vaxt ciddi bir səbəb olmayıb”.
Daha sonra "Rosselxoznadzor” dekabrın 16-dan etibarən Azərbaycanın Xızı bölgəsində "Aqroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya, dekabrın 17-dən etibarən isə Azərbaycanın daha dörd müəssisəsindən pomidor idxalına icazə veriləcəyini açıqlayıb.Pomidor çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib ki, 2020-ci ilin on ayı ərzində Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173 milyon ABŞ dolları) birinci, qızıl (emal olunmamış formalarda - 158,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (94,7 milyon ABŞ dolları) üçüncü olub.
Alternativ bazar...
Göründüyü kimi, pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur. Qeyri-neft ixracatının əsas məhsulunun bir bazardan - Rusiyadan asılılığının yaratdığı belə riskləri nəzərə alaraq, pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır. Yaranmış hazırkı vəziyyət qarşıdakı müddətdə Azərbaycan məhsullarının ixracı üçün alternativ bazar axtarışının sürətləndirilməsini aktuallaşdırır.
"Dünyada alternativ bazar həmişə var”
Məlumat üçün bildirək ki, Azərbaycan 2020-ci ilin birinci yarısında 148,832 min ton pomidor ixrac edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 15,1 faiz çoxdur. İxrac olunmuş pomidorun dəyəri 162 milyon dollardan çox (artım 17,6 faiz) təşkil edir. Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-iyun aylarında Rusiyaya 162,92 min dollar dəyərində 146 min 235,5 ton pomidor (bütün ixracın 98,3 faizi) ixrac olunub. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,2 faiz, dəyər ifadəsində 17,2 faiz artıb. Bundan başqa, hesabat dövründə Ukraynaya 986,52 min dollar dəyərində 2 min 262,55 ton pomidor ixrac edilib. Məhsulun qalan həcmi BƏƏ, Estoniya, Belarus, Qazaxıstan və Gürcüstana ixrac olunub.
İqtisadçı Akif Nəsirli deyir ki, Rusiya bazarına pomidor ixracı Azərbaycana il ərzində 150 milyon ABŞ dollarından çox gəlir gətirir: "Azərbaycan böyük bir bazar itirsə də, alternativ bazarlar var. Bu, Qazaxıstan, Ukrayna kimi ölkələr ola bilər. Ümumiyyətlə, dünyada alternativ bazar həmişə var. Sadəcə olaraq bu bazarları araşdırıb tapmaq lazımdır. Başqa sözlə, həm idxal, həm də ixrac prosesində qrafikin şaxələndirilməsi vacibdir. Tutaq ki, Azərbaycanın Rusiyaya ixrac etdiyi pomidor daha çox, Avropa ölkələrinə ixrac olunan məhsul isə az gəlir gətirir. Gəlir az olsa da, bu istiqamətlərdə də bazara məhsul çıxarmaq lazımdır. Bu, riskləri sığortalamaq üçün vacibdir. Sabah bu bazarlardan biri əldən çıxanda, digər bazarlara məhsul axınını artırmaq mümkün olsun”."Bir xətt üzərində iş qurmaq olduqca təhlükəlidir”
Ekspertin sözlərinə görə, Azərbaycan fermerlərinin bu istiqamətdə fəaliyyətləri qənaətbəxş deyil: "Yəni, ixracda Rusiya daha çox gəlir gətirdiyi üçün ixracı da ancaq bu ölkəyə edirlər, qadağa qoyanda da dayanırlar. Bu, düzgün yanaşma deyil. Gürcüstan nümunəsinə baxsaq görərik ki, onlar həm Azərbaycandan, həm də Rusiyadan mavi yanacaq idxal edir. Bu, idxalın şaxələndirilməsidir. Hər bir idxalçının və ixracatçının alternativ bazarları olmalıdır. Bir xətt üzərində iş qurmaq olduqca təhlükəlidir. İndi dünya çox dinamik inkişaf edir. Ona görə müasir dövrdə iqtisadiyyatın diversifikasiyasını diqqət mərkəzində saxlamaq lazımdır”.
Azərbaycan öz məhsullarını digər ölkələrə ixrac edə bilər
Mütəxəssislər hesab edir ki, Azərbaycan öz kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapa bilməsə və ixracla bağlı Rusiyadan asılılıq davam etsə, bu, fermerlərin işinə əngəl törədəcək. Bu baxımdan, hökumət tezliklə yeni bazarların axtarışına çıxmalıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini Ramil Hüseyn düşünür ki, Rusiya olmazsa, Azərbaycan öz məhsullarını digər ölkələrə ixrac edə bilər: "Son illər Azərbaycandan Almaniya, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Estoniya, Latviya, İraq, Gürcüstan, Macarıstan kimi ölkələrə az miqdarda da olsa pomidor ixracı reallaşdırılıb. Həmçinin ötən il Azərbaycandan Ukrayna, İran, Qazaxıstana, Türkmənistan, Türkiyə, Malayziyaya alma ixrac olunub. Növbəti mərhələdə bu ölkələrə sözügedən məhsulların ixracının artırılması məsələsinə baxmaq lazımdır”Rusiyanın sanksiyaları Türkiyə pomidorlarına yeni bazar açıb
Qeyd edək ki, oxşar vəziyyət bir neçə il əvvəl Türkiyədə müşahidə olunmuşdu. 2017-ci ildə Rusiyanın tətbiq etdiyi qadağalardan sonra Türkiyənin ixrac etdiyi pomidorlar yeni bazarda reallaşmağa başlayıb. "Anadolu” agentliyinin verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb. Belə ki, Rusiyanın qadağaları sayəsində Belarus bazarı liderliyi ələ alıb. Belarus 2017-ci ilin birinci rübündə Türkiyədən 32,4 mln. dollarlıq pomidor alıb. Türkiyə 2017-ci ilin ilk üç ayında 123 mln. dollarlıqdan çox pomidor satıb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 54 faiz çoxdur.
Texnoloji yeniliklər tətbiq olunmalıdır
Azərbaycanda iqtisadçı və bu sahəyə yaxın olan şəxslər dəfələrlə vurğulayıblar ki, ərəb ölkələrinin bazarları da Azərbaycan tərəvəzləri üçün olduqca əlverişlidir. Pomidorlarımız bu bazarlarda yaxşı nəticə verə bilər. Çin bazarına idxal da mümkündür. Çinin əhalisinin sürətlə artdığını və paralel olaraq qidaya güclü tələbatın olduğunu nəzərə alsaq, bu bazar sərfəli ola bilər. Lakin ixrac potensialını qiymətləndirərkən xarici bazarların tələblərini da unutmaq olmaz. Əlavə olaraq, xarici bazarlar su və torpaq analizi nəticələrini istəyir və bu sahədə rəqabəti qazanmaq üçün ciddi texnoloji yeniliklər tətbiq etmək lazımdır.
Aygün ƏZİZ
