• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

Pomidor və “Türk axını”

24.10.17 10:00 2470
Pomidor və “Türk axını”
Noyabrın 1-dən Rusiyaya türk pomidorunun ixracına başlanıla bilər. Ankara da rusların bu "səxavət”ini cavabsız qoymayaraq "Qazprom”un "Türk axını” layihəsinin dənizətrafı hissəsində inşa işlərinə başlanılması ilə bağlı hesabatına müsbət ekoloji rəy verib. İlk baxışdan belə bir təəssürat yaranır ki, iki ölkə arasında artıq iqtisadi barışıq dövrü başlayıb. Lakin gəlinən rəy belədir ki, məsələ hələ sona kimi həlini tapmayıb. Rusiyanın "Nezasimaya qazeta” nəşri yazır ki, bir çox qərarlar hələ müzakirə mərhələsindədir. Məsələn, Rusiya hökuməti ilin sonuna kimi "Türk axını” layihəsinin ikinci xəttinin qurudan keçəcək hissəsinin inşası ilə bağlı protokolun imzalanmasına yalnız ümid edir. Bunun reallaşmasına tək Ankaranın inadkarlığı və gözlənilməz münasibəti yox, həm də Tehranın ambisiyaları mane ola bilər. Qəzet yazır ki, Tehran "Türk axını” üzrə "məxfi danışıqların” əhəmiyyətli iştirakçısıdır.
Analitiklərin qənaətincə, ötən həftənin sonu Rusiya ilə Türkiyə arasında münasibətlərin mülayimləşməsi baxımından bir çox xəbərlərlə yadda qalıb. Kazanda Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində tədbirlər keçirilib. İlk baxışdan əsas mübahisə mövzusu olan məsələlər - kənd təsərrüfatı məhsullarının nəqli və Ukraynadan yan keçməklə qaz kəmərinin inşasının həllini tapacağı görünüb. Rusiyanın energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Aleksandr Novak bildirib ki, iclas çərçivəsində Türkiyədən Rusiyaya 50 min ton pomidor ixracı ilə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlar razılıq əldə ediblər. Lakin əlavə edib ki, bu qərarın tez bir zamanda qəbulu bürokratik baryerlər üzündən baş tutmaya bilər. Nazir əlavə edib ki, Rusiya Türkiyədən mal və quş ətinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsləhətləşmələri davam etdirir. Artıq oktyabrın 30-dan etibarən Türkiyədən nar və badımcan idxalına icazə veriləcək. Bunu Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçev də təsdiq edib. Nazir noyabr-dekabr aylarında Türkiyədən pomidorun da idxalı üçün müvafiq sənədlərin hazırlandığını bildirib: "Kənd Təsərrüfatı Nazirliyi noyabr-dekabr aylarından Türkiyədən pomidor idxalı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və bu məhsulun idxalı üçün hökumətə təqdim edilməsi məqsədilə yeni layihə hazırlayıb”. Türkiyə tərəfi də Rusiyadan ət ixracına imkan vermək istəyir, lakin hələ ki, dəqiq müddət müəyyən olunmayıb.
Konkret olaraq enerji sahəsindən danışsaq, tərəflər bu ilin sonuna kimi "Türk axını” layihəsi ilə bağlı razılaşmanın zəruriliyini bildiriblər. "Bizim türkiyəli tərəfdaşlarımız vəd etdilər ki, bu işlər aktiv şəkildə aparılacaq və ümid edirik ki, ilin sonuna kimi razılaşdıracağıq”, - deyə Novak bildirib. O əlavə edib ki, türk tərəfdaşlarına minnətdardırlar: "Onlar "Türk axını” layihəsinin ətraf mühitə təsiri ilə bağlı hesabatına müsbət rəy veriblər”.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə əlavə edib ki, ölkələr qarşılıqlı hesablaşmaları milli valyuta ilə həyata keçirmək barədə də razılıq əldə ediblər. Onun sözlərinə görə, bundan əlavə, türk yük daşıyanlar Moskvadan sürücülərə qarşı viza rejiminin ləğvini istəyirlər: "Bu, iki ölkə arasında ticarət mübadiləsinə müsbət təsir edə bilər. Rusiya və Türkiyə müdafiə sənayesi və enerji sahəsində bir sıra strateji layihəni birgə həyata keçirə bilər”. Nazir əlavə edib ki, ölkələr arasında yaxşı münasibətlərin olmasına baxmayaraq, ikitərəfli əməkdaşlığın inkişafına mane olan müəyyən bürokratik məsələlər də var: "Biz irəli hərəkət etməyə icazə verməyən bir sıra sanksiyaları, qadağaları, bürokratik qaydaları dəf etməyə çalışırıq. Bu məsələlərin həllini sürətləndirməliyik. Təəssüflə qeyd edirəm ki, indiyədək bu istiqamətdə məqsədimizə nail ola bilməmişik. Bir neçə il əvvəl baş verən hadisələr hələ də bu qadağaların kənarına çıxmağa imkan vermir”.
Yeri gəlmişkən, KİV-lər "Türk axını” ilə bağlı daha bir intriqanı İrandakı vəziyyətlə bağlı qaldırır. "İran.ru”nun materiallarında bildirilib ki, "İran "Türk axını” ilə bağlı məxfi danışıqların əhəmiyyətli hissəsidir. Türklər "Qazprom”a bu kəmərin qazla doldurulması ilə bağlı monopoliya hüququ vermək istəmirlər. Bu layihənin tam şəkildə qazla dolması üçün ora Qətər və İrandan da qaz gərəkdir. Bu, Ankaranın şərtidir. Bundan irəli gələrək belə bir nəticəyə gəlmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan Moskvanı bu məsələdə təzyiq altında saxlamaq istəyir”.
İran Milli Qaz Kompaniyasının PR departament rəhbəri Məcid Boujarzadeh bildirib ki, İran "Türk axını”nı alqışlayır: "İranın Rusiya ilə gözəl münasibətləri mövcuddur”. M. Boujarzadeh diqqəti ona yönəldib ki, regionda bir çox ölkələrə İran qazı gərəkdir. "Bu səbəbdə biz infrastruktur yaratmalıyıq. Ola bilsin bizim hökumət Türkiyə rəhbərliyi ilə qazın Türkiyə və yaxud oradan da Avropaya nəqli məsələsində razılığa gələcək, lakin istənilən halda, bu məsələ siyasi bölgüdən asılı olacaq”, - deyə o əlavə edib.
Bu mövzu ilə bağlı rəyi soruşulan ekspertlərin fikirləri isə haçalanır. "Heç bir halda "Türk axını” layihəsinin dayandırılması barədə söhbət getmir”, - deyə "Alor Broker” şirkətinin analitiki Kiril Yakovenko bildirib. Onun sözlərinə görə, İran onu bu boru xətti ilə qazı buraxmağa məcbur edən arqumentlər istərdi, lakin hələ ki, bu mövcud deyil”.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə hesab edir ki, kəmərin qoyulacağı ilə bağlı tam əmin olmaq olmaz. Onun sözlərinə görə, Ərdoğanın mövqeyi istənilən an dəyişə bilər və bu, ağla belə gəlməyən faktorlarla bağlıdır. "Türkiyə bizim ən sadə olmayan tərəfdaşımızdır. Hər şey baş verə bilər”, - deyə "İşgüzar Rusiya” şirkətinin vitse-prezidenti Tatyana Mineyeva bildirib.
Xatırladaq ki, "Türk axını” layihəsi iki xətli və ümumi gücü 15,75 mlrd. kub metr olmalıdır. Birinci xəttin 2018-ci ilin martında reallaşması nəzərdə tutulur və bu, türk istehlakçılarının tələbatını ödəmək üçündür. 2019-cu ildə isə ikinci xəttin inşası nəzərdə tutulur. Bu xətt isə Ukraynadan yan keçməklə rus qazının Cənub və Cənub-Şərqi Avropaya nəqlini nəzərdə tutur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər