Polşanın “Exo” qəzeti BSU-dan yazdı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında çıxışı zamanı milli dəyərlərimizi,
maddi-mənəvi sərvətlərimizi dünyada tanıtmağın vacibliyini xüsusi vurğulamışdır. O,
Azərbaycanın nailiyyət və uğurlarını dünyada təbliğ etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd
etmişdir.
Ölkə
Prezidentinin göstərişlərini rəhbər tutan Bakı Slavyan Universiteti hazırda Şərqi
Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında Azərbaycan dilinin, mədəniyyətinin, elminin,
təhsilinin, iqtisadi yüksəlişinin təbliği
sahəsində əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində
BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi
tələbələrə öyrədilməsi artıq ənənəyə çevrilmişdir. Həmin mərkəzlərdə eyni
zamanda Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi
modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət
olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat
obyektinə çevrilir.
Bu
günlərdə BSU-nun əməkdaşları xaricdən daha xoş bir xəbər alıblar. Polşanın məşhur nəşriyyat evinin sahibi, professor Adam Marşalekin
təsisçi olduğu "EXO” qəzeti 231-ci sayında BSU, onun rektoru, professor Nurlana Əliyeva,
univesitetdəki tədris prosesi və s. haqqında geniş yazı dərc etmişdir.
Yazıda BSU-nun 2000-ci ildə Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı
İnstitunun bazasında yaradılması və onun keçdiyi tarixi yol barədə ətraflı məlumat
verilib. Müəllif hazırda universitetdə beş fakültənin və on bir mərkəzin, o
cümlədən Polşa Tədris Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirir. O,
professor N.Əliyevanın universitetə rektor təyin edildiyi qısa müddət ərzində
BSU-da ciddi dəyişikliklərin baş verdiyini, univesitetin xarici əlaqələrinin,
maddi-texniki bazasının xeyli genişləndiyini bildirir.
Yazıda həmçinin polşalı professor
Yoanna Marşalekin BSU-dakı fəaliyyətinə toxunulub. Qeyd edək ki, Yoanna Marşalek Polşa Siyasi Sistem üzrə Departamentinin
müdiri, Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının
direktorudur. O, ötən il BSU-da müxtəlif mövzularda silsilə mühazirələr
oxumuşdur. Bakı Slavyan Universitetinin Avropanın ən yaxşı ali təhsil ocaqları
ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek yazıda Polşadan gəlmiş professor Danuta Pleçko ilə
görüşlərinə də toxunub. Qəzetdə BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii
proqramlardan şəkillər və reportajlar da yer almışdır.
Adam Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində
danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir
şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və
multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını da
vurğulamışdır. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin
yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin bərqərar olduğunu
bildirir. Bakıda olarkən tələbələrdən
bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edən naşir yazır: "Onların arasında bir çox
azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr
arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən
dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.