Polşada Kaçinskinin partiyası parlament seçkilərində üstünlüyü ələ alıb

Polşada Kaçinskinin partiyası parlament seçkilərində üstünlüyü ələ alıb

Təfsilat
14 Oktyabr 2019, 13:00 91
Polşada 2015-ci ildən bəri hakimiyyətdə olan Yaroslav Kaçinskinin "Qanun və Ədalət” partiyası bazar günü respublikada keçirilən parlament seçkilərində qalib gəlib və exit-poll nəticələrinə görə, Seymdə (parlamentin aşağı palatası) üstünlüyü qoruyub.
APA "TASS” agentliyinə istinadən xəbər verir ki, sosioloqların hesablamaları onun partiyasının 43,6% səs topladığını və Seymdə 460 kürsüdən 239 yeri tuta biləcəyini göstərir. Bu hesablamalar təsdiqlənərsə, Kaçinskinin komandası heç bir koalisiyaya qoşulmadan təkbaşına qanunlar qəbul edərək öz proqramlarını həyata keçirməyə qadir olacaq.
Seçkilərdə "Vətəndaş Platforması”, "Yaşıllar”, "Novoçesna” və "Polşa təşəbbüsü” partiyalarının daxil olduğu ən böyük müxalifət qüvvəsi "Vətəndaş Koalisiyası”, ilkin məlumatlara görə, 27.4% səslə və 130 yer əldə edib.

Bildirilir ki, 4 illik fasilədən sonra solçular parlamentə qayıdır. "Solçular” birliyi altında cəmləşən partiyalar 11.9% səs və ya 43 mandat qazana bilib.
Polşa Kəndli Partiyası və "Kukiz-15” partiyasından ibarət "Polşa Koalisiyası” parlamentdə dördüncü yerdədir. Onların ilkin nəticəsi 9.6% və 34 mandatdır. 6.4% ilə beşinci yeri "Konfederasiya" adı altında sağçı radikal qüvvələrin birliyi tutub. Exit-poll nəticələri təsdiqlənərsə, onlar yeni Seymdə 13 yer qazanacaqlar.