• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

“Polşada hər kəs ilk növbədə özünü düşünür” – Əcnəbi

07.06.16 13:47 2020
“Polşada hər kəs ilk növbədə özünü düşünür” – Əcnəbi
"Polşada hər kəs ilk növbədə özünü düşünür, digər insanları nəzərə almırlar. Azərbaycanlıların isə bir-birləri ilə münasibətləri çox yaxın və doğmadır. Polşada insanlar arasında müəyyən məsafələr var. Onlar ancaq öz problemləri ilə məşğul olur, digərlərinə vaxt ayırmırlar”.
Bu sözləri bizimlə söhbətində əcnəbi müəllim Şaver Koşalski dedi. Şaver polşalıdır. 2 ilə yaxındır Bakı Slavyan Universitetində müəllim kimi çalışır.

"İnanmıram kimsə desin ki, Azərbaycanı tanımıram”

Həmsöhbətimiz deyir ki, Bakıya polyak dilini tədris etmək üçün gəlib: "Polşada olarkən Azərbaycan haqqında qısa da olsa məlumatım var idi. Çünki bizim ədəbiyyatda "Bahar öncəsi” adlı bir əsər var ki, bu əsərin baş qəhrəmanı Azərbaycanda doğulub və əsərdə baş verən hadisələr Azərbaycanda vaqe olub. Əsəri oxuyan hər bir polşalı burada neft fontanlarının olmasını, azərbaycanlıların qonaqpərvərliyini, buranın müsəlman ölkəsi olmasını bilir. Əvvəllər burada çoxlu sayda polyak yaşayıb. Gəldikdən sonra da dəqiqləşdirdim ki, polyaklar Azərbaycanda memarlıq işlərinə imza atıb. Bir çox binaların tikintisində öz əməklərindən istifadə ediblər. Son dövrlər Azərbaycan haqqında Polşa mətbuatında qısa məlumatlar verilir. "Avroviziya” və Avropa Oyunlarından sonra ölkəniz daha da məşhurlaşdı. Artıq inanmıram ki, kimsə desin ki, Azərbaycanı tanımıram və heç bir məlumatım yoxdur”.

"İşə velosipedlə gedirdim”
Əcnəbi müsahibimiz ölkəmizi çox sevir. Lakin avtobusların sıxlığı onun əhvalını korlayır: "Azərbaycanda məni təəccübləndirən çox nüans var. Xüsusən İçərişəhər... İnsanı başqa aləmə aparır. Bu yer məndə çox yaxşı təəssüratlar yaradır. O cümlədən Bakı şəhəri çox müasirdir. Amma bəyənmədiyim tək şey avtobuslardır. Avtobuslar Polşadakı avtobuslarla müqayisədə daha sıx olur və istifadə etmək çətindir. Avtobusdakı insanlar isə sıxlıq səbəbindən aqressiv olurlar. Yollarınız çox gözəl və genişdir. Lakin velosipeddən istifadə etmirsiz. Mən Polşada hər gün dərsə velosipedlə gedib gəlirdim”.

"Gənclər mədəni və istiqanlıdır”

Polşalı gənclərlə Azərbaycandakı gənclər arasında fərqlərə gəldikdə, müsahibimiz deyir ki, azərbaycanlı gənclər daha mədəni və istiqanlıdırlar: "Azərbaycanlılarla polşalı gənclər tam fərqli həyat tərzi keçirirlər. Amma təhsil məsələsinə gəldikdə, Polşada təhsil alan gənclər azərbaycanlılardan ən azı iki yaş böyük olur. Azərbaycanlı tələbələr yaş etibarı ilə daha gənc və öyrənməyə istəkli olurlar. Üstəlik, polşalı gənclərlə müqayisədə daha mədəni və istiqanlıdırlar. Deyərdim ki, daha tərbiyəlidirlər. Buna görə gənclər üçün Azərbaycanda böyümək, Azərbaycanda inkişaf etmək daha yaxşıdır”.

"Geyimə qadağa qoyulmayıb”

Müsahibimiz deyir ki, əcnəbi olsa da, bizim ölkədə 2 il müddətində heç bir problemlə rastlaşmayıb: "Özümü doğma vətənimdə olduğum kimi sərbəst və rahat hiss edirəm. Mən bura gəldiyim andan etibarən heç bir problemlə rastlaşmamışam. Əksinə, burada başqa ölkədən gələn qonaqlara fərqli hörmət edilir. İstənilən yer haqqında məlumat verirlər, harasa getmək istəyirsənsə, sənə rahatlıqla izah edirlər. Elə bir şey olmayıb ki, kimdənsə yol soruşanda mənə acı cavab versinlər və ya yol göstərməsinlər. Bacardıqları və imkanları daxilində kömək edirlər. Düşünürəm ki, bu, Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gələn bir şeydir. Geyim tərzimiz fərqli olsa da, bu da mənə maneə yaratmayıb. Çünki burada heç kim heç kimin geyiminə qarışmır. İran kimi və yaxud digər müsəlman ölkələrində olduğu kimi burada hansısa geyimə qadağa qoyulmayıb. Bu hal da məni həqiqətən təəccübləndirir. Çünki ölkəniz çox müasirdir”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər