• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Polşada Bakının küləyi üçün darıxan azərbaycanlı- Xaricdə təhsil

26.10.18 14:00 1948
Polşada Bakının küləyi üçün darıxan azərbaycanlı- Xaricdə təhsil
"Bizdə el qınağı çox güclüdür. Amma polyaklar belə şeylərə əhəmiyyət vermirlər. Polşada tələbələrə nəqliyyatda, kafe və restoranlarda endirimlər olur. Amma milli mətbəxlərinə öyrəşmək heç də asan deyil. Yeməkləri həddən artıq acılı olur. Buna görə də çalışıram ki, yeməyimi özüm bişirim”.

Bu sözləri bizimlə söhbətində Toğrul Cəbrayılov söylədi. Qeyd edim ki, həmsöhbətim, Azərbaycan Dövlət Dəniz Akademiyasında nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Hal-hazırda isə o, "University of Wroclaw”da iqtisadiyyat menecerliyi ixtisası üzrə magistr təhsili alır.

- Necə düşünürsünüz, gənclərin həyatında təhsilin rolu və önəmi nədən ibarətdir?

- Bu sualın cavabı hansı ölkədə yaşamaqdan asılı olaraq dəyişir. Mənim fikrimcə, Azərbaycanda təhsil önəmli bir faktordur. Sirr deyil ki, bizim ölkədə hətta fəhlənin də təhsilli olmasına üstünlük verirlər. Amma başqa ölkələrdə insanları, nəzəri biliklərindən daha çox, təcrübi biliklərinə görə dəyərləndirirlər. Bizdə ali təhsil müəssisələrində daha çox nəzəri dərslərə üstünlük verilir. Mən təhsil almaq istəyini və tələbini iki qrupa ayırardım. Birincisi, pul qazanmaq naminə alınan təhsil, ikincisi, elm öyrənmək naminə alınan təhsil. Çox təəssüf ki, ikinci qrupa daxil olan gənclərimiz çox azdı. Bunun səbəbini isə qəbul imtahanı zamanı toplanan bala görə universitet və ya ixtisas seçimində görürəm. Xatırlayıram ki, əvvəllər bu, əksinə idi. O zaman gənclər maraqları olan ixtisası seçirdi. Və öz ixtisaslarına sahib olurdular. Amma indiki zamanda isə bir çox gənc sevmədiyi sahə üzrə ixtisas alır. Əgər tək məqsədimiz pul qazanmaqdırsa, universitet diplomunun olması şərt deyil. Gənclərimiz universitetə qəbul olmağı yaşadıqları rayon və ya kənd yerlərindən "qaçış şansı” kimi görür. Bunun qarşısını almaq üçün rayonlara marağı artırmaq lazımdı. Əgər sevdiyimiz sahə ali təhsil tələb edirsə, o zaman tələb olunan balı toplamalıyıq. Bizdə yüksək bal daha çox bilik anlamına gəlir. Amma bal toplayıb universitetə qəbul olmaq həll variantı deyil. Önəmli olan, ixtisasa yiyələnmək və daha çox inkişaf üçün daha çox praktika toplamaqdır.

- Qeyd etdiniz ki, bəzi hallarda ailələr gənclərin seçiminə məhdudiyyət qoyur. Sizin ailəniz necə?

- Mən bir çox ailədə gənclərin özünün yox, valideynlərinin istədiyi sahə üzrə yönəlməsinə şahid olmuşam. Mənim fikrimcə, ailədə valideynlər övladının hansı sahəyə marağı varsa, ora yönəltməlidir. Bu, gələcəkdə sevdiyi sahə üzrə həvəslə işləmək, özünü inkişaf etdirmək baxımından çox vacibdir. Ailəmin, istədiyim sahə üzrə oxumağım üçün lazımi maddi vəsaiti yox idi. Nəticədə başqa sahə seçmək məcburiyyəti qarşısında qaldım. Amma zamanla seçdiyim sahəni çox sevdim.
- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz Polşa?
- Xaricdə təhsil almaq haqqında hələ akademiyada oxuduğum müddətdə düşünürdüm. Çünki, mənim bakalavr təhsilimin inkişafı üçün bu, lazımi amillərdən biri idi. Amma xaricdə təhsil almaq, xarici təhsil təcrübəsindən yararlanmaq sənə daha çox üstünlük qazandırır. Məqsədim Amerikada təhsil almaq idi. Hətta Nyu-Yorkdakı "Adelphi” Universitetindən təqaüdlü təhsil almaq şansı da qazanmışdım. Çox təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi səbəblərə görə, viza verməkdən imtina etdi. Daha sonra Avropa ölkələrindən təhsil almağıma uyğun olan ölkə olaraq Polşanı seçdim və bu universitetə qəbul oldum.

- Polşada təhsil sistemi necədir? Azərbaycanın təhsil sistemi ilə müqayisədə hansı fərqli xüsusiyyətlər müşahidə edibsiniz?

- Əvvəlcə qeyd edim ki, mənim Polşada yalnız magistr təhsil pilləsi üzrə məlumatım var. Burada nəzəri biliklər ikinci plandadır. Daha çox təcrübi təhsilə önəm verilir. "Boloniya sistemi” burada tam tətbiq olunur. Amma bizim yerli ali məktəblərdə "Boloniya sistemində” bir çox dəyişikliklərin şahidiyəm. Mənim oxuduğum universitetdə siniflərin lazımi qaydada işıqlandırılması, parta və oturacaqların tələbə üçün uyğunluğuna, sinif otaqlarının ümumi görünüş və formasına diqqət edilir. Bunlar bizə adi görünsə də, tələbənin dərsi dinləməsində və fikrini toplamasında böyük rol oynayır. Həmçinin siniflər lazımi texnologiya ilə təmin olunur. Etiraf edim ki, Azərbaycanda bəzi ali təhsil məktəbləri Avropanın ali məktəblərindən çox irəlidədir. Ümid edirəm ki, yaxın gələcəkdə bu tendensiya daha da artacaq.

- Təhsil aldığınız ölkədə sizi təəccübləndirən nə olub?

- Burada nəqliyyat ucuzdur. Tələbələr üçün isə 50% endirim var. Həmçinin, tələbələr üçün restoran və başqa yerlərdə də buna bənzər başqa endirimlər mövcuddur. Bu da tələbələrə göstərilən diqqət və qayğıdır. Və ən böyük təəccübüm, şəhərin tamamilə dümdüz olmasıdır. Ətrafda heç bir yüksəklik görünmür. Həmçinin Polşada marketlərdə plastik torbalar pulla satılır. Bu da, ətraf mühitin təmizliyini qoruyur. İnsanlar plastik torbaya pul verməyi artıq bildiyi üçün, marketə dəfələrlə istifadə oluna biləcək parça torbalarla gəlirlər.

- İki ölkə arasında hansı fərqli xüsusiyyətlər var?

- Mənim təhsil aldığım şəhər Almaniyaya yaxındı. Almaniyada insanların küçə təmizliyinə necə diqqət etdiyi məlum məsələdir. Bu, mənim yaşadığım şəhərə də təsir edib. Bizim millətdə "el qınağı” var, amma, polyaklar bu sərhədi aşıblar. Ona görə də, insanlar bir-birindən asılılıq duymadan rahat davranırlar. Mədəni, təmiz və xoşniyyətli insanlardılar. Ölkənin nəqliyyat sistemindən çox razıyam. Bura gəldiyim gündən bir dəfə də yollarda tıxacla rastlaşmamışam. Narazılığım isə qida rasionundandır. Bizim milli yeməklərin dadını heç nə əvəz edə bilməz.

- Xaricdə yaşamaq heç də asan deyil. Bəs siz təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?

- Polşada iş imkanları çoxdur. Aylıq yaşayış xərclərini ödəmək üçün minimum gəlir artıqlaması ilə kifayət edir. Mənim təhsil və yaşayış xərcimi ailəm qarşılayır. Hələ ki, işləmək məcburiyyətində deyiləm.

- Sosial şəbəkələrdə oranın yeməklərindən narazılıq edirsiniz. Ümumiyyətlə, yemək problemini necə həll edirsiniz?

- Qeyd etdiyim kimi, bizim milli yeməklərimizi heç nə əvəz edə bilməz. Buranın yeməkləri çox acılı olur. Həmçinin donuz ətinə çox üstünlük verilir. Meyvə və tərəvəz məhsulları demək olar ki, eynidir. Çörək və un məhsullarından az istifadə edirlər və çörəyin qiyməti bir az bahadır. Buna görə də yeməyi özüm bişirməyə üstünlük verirəm. Çox vaxt internetdən milli yemək reseptlərinə uyğun ərzaq alıram və bişirirəm. Çətin məqamlarda anam köməyimə çatır. Telefon vasitəsilə nəyi necə etməli olduğumu izah edir. Artıq bir çox milli yeməkləri hazırlaya bilirəm. Əlbəttə, anamın bişirdiyi yeməkləri qədər dadlı alınmır.
- Qürbət eldə darıxırsınızmı? Ən çox nə üçün?

- Öz dilimdə danışmaq üçün darıxıram. Həmçinin Bakının küləyi üçün darıxıram. Bakıda almaq istədiyimiz şeylərin hamısını bir marketdən ala bilirik. Amma burda marketlərin bir çoxu satdıqları məhsul üzrə təsriflənib. Bu səbəbdən Bakının rahatlığı üçün darıxmamaq mümkün deyil.

- Polşada Azərbaycanı tanıyırlarmı?

- Nəinki Polşada, Azərbaycan artıq bütün dünyada tanınır. Son illərdə keçirilən beynəlxalq festival, tədbir və oyunlar Azərbaycanı bütün dünyaya tanıdıb. Avropada Azərbaycanı ilk Avropa Oyunlarına görə daha çox tanıyırlar.

- Polşada qalmaq istəyirsiniz, yoxsa təhsili bitirib vətənə qayıdacaqsınız?

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Bura təhsil almaq üçün gəlmişəm. Təhsilimi bitirib burda iş təcrübəsi qazandıqdan sonra geri qayıdacağam. Burda qazandığım bilik və təcrübəni öz vətənimə gətirmək istəyirəm.
- Gələcək planlarınız haqda....

Gələcəyə dair çox geniş planlar qurmaq istəmirəm. Çünki nəyin necə olacağı, hansı yöndə gedəcəyi bəlli deyil. Məncə, vətəndən kənarda təhsil alan hər kəsin məqsədi, öz dövlətinin inkişafına pay vermək olmalıdır.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər