• cümə axşamı, 28 mart, 19:42
  • Baku Bakı 13°C

Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri

13.04.20 16:31 5732
Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri
Fərid Cəfərli: "Biz ölkədəki 250 min erməniyə qarşı 5 min həmvətənimizin effektli fəaliyyətini qurmağa borcluyuq"

Koronavirusun yayıldığı belə bir dönəmdə Polşada azərbaycanlı gənc öz həmvətənlərinə dəstək nümayiş etdirərək, onların yanında olur, müvəqqəti sığınacaqda tələbələrimizin virusdan qorunması üçün əlindən gələni edir. 32 yaşlı Fərid Cəfərli sərhədlərin açıq olduğu zamanda Polşada yaşayan, sonradan isə valideyni rəhmətə gedən, övladının əməliyyata ehtiyacı olan, viza müddəti bitən, təcili vətənə qayıtmalı olan soydaşlarımıza öz dəstəyini əsirgəməyib. Onların bəzilərinin biletlərini alıb, bəzilərinin isə vətənə dönəməsinin vacib olduğunu səfirliyə çatdırıb. Azərbaycanlıların bir qsiminə isə Polşadakı Azərbaycan Evində müəvəqqəti sığınacaq verdirib.
Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli ilə biz də söhbət etmək imkanı əldə edik. Onunla Polşadakı diasporumuzun fəaliyyətindən və koronavirusun yayıldığı bu dönəmdə atılan addımlardan danışdıq.

- Sizi daha yaxından tanımaq istərdik.

- 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 2005-ci ildə 138 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 2009-cu ildə təhsilimi müvəffəqiyyətlə başa vurmuşam. Ardınca, bir il müddətində Azərbaycan Milli Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşam. 2010-2011-ci illərdə Çexiyanın Praqa şəhərində yerləşən Nyu-York Universitetində (University of New-York) kommersiya hüququ (Commercial Law) ixtisası üzrə magistratura təhsili almışam. 2011-ci ildən Polşada Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvüyəm. 2011-ci il 26 fevralda Polşanın Vrotslav və 2013-cü ildə Varşava şəhərlərində "Xocalıya ədalət” kampaniyasının təşkilatçılığında yaxından iştirak etmişəm. 2018-ci ildə Polşa Azərbaycanlı Gənclər Şurasında sədr müavini, həmçinin 2018-2019-cu illərdə Polşa Azərbaycanlıları Birliyinin regionlar üzrə koordinatoru olmuşam. 2019-cu ildə Polşa Azərbaycanlıları Şurasına sədr seçilmişəm. Hazırda Polşada özəl şirkətlərdən birində hüquqşünas kimi çalışıram. Ailəliyəm, Turxan və Tamerlan adlı 2 övladım var.
- Polşada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov rəhbər təyin olunduqdan sonra artıq dünyanın bütün ölkələrindəki Azərbaycan diasporunun vəziyyəti daha geniş, daha artan müstəviyə qədəm qoyub. Xüsusilə də Polşada Azərbaycan diasporu artıq çox yaxşı vəziyyətdədir. Fəaliyyətimiz zaman keçdikcə daha da genişlənir. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin dəstəyini daim hiss edirik. Bilirik ki, dar günümüzdə bizim yanımızdadırlar. Hesab edirəm ki, diaspor təşkilatlarının prioritet istiqamətlərindən biri də xaricdə Azərbaycanın imicinin və milli maraqlarının qorunması olmalıdır. Ölkəmizin Avropada təbliğatı, Qarabağ reallıqlarının Avropaya və dünyaya çatdırılması üçün əlimizdən gələni edirik. Biz çox gözəl başa düşürük ki, üzərimizdə böyük məsuliyyət, böyük yük var. Sizə bir rəqəm deyim, Polşada statistik məlumatlara görə, 250 min erməni var, azərbaycanlıların sayı isə 5 min civarındadır. Demək ki, biz elə effektiv fəaliyyət göstərməli, elə metodlardan istifadə etməliyik ki, onlara rəqabətdə uduzmayaq. Burada söhbət informasiya mübarizəsindən, mövqeylərimizi dünya ictimaiyyətinə çatdırmaqdan gedir. Həmçinin Avropada yaşayan soydaşlarımızın özlərini qəriblikdə hiss etməməsi üçün daim yanlarında olmağa, əlimizdən gələn köməkliyi etməyə çalışırıq.

- Bir gənc olaraq yəqin ki, daha çox gənclərə dəstək olursunuz.

- Vətəndən kənarda olmaq insanları bir-birinə daha da yaxınlaşdırır. Çətinliyi olan hər bir soydaşımıza dəstək göstərməyə çalışırıq. Gənclərimiz üçün isə xüsusi imkanlar yaratmaq lazımdır. Bildiyiniz kimi, Polşaya gələn şəxslərin əksəriyyəti gənclərdən ibarətdir. Onlar ya işləmək, ya da təhsil almaq məqsədilə Polşaya gəlirlər. Biz də öz növbəmizdə gənclərə ilkin adaptasiya dövründə və sonrasında lazımi dəstəyi göstəririk. Hazırda bu sahədə fəaliyyətimizi genişləndirməklə məşğuluq.

- Lazım olduqda, Polşadakı azərbaycanlılar həmrəy ola bilirlərmi?

- Avropada ən böyük həmrəylik sərgiləyən soydaşlarımız, deyərdim ki, Polşada yaşayan soydaşlarımızdır. Bu ilin fevral ayında Berlin şəhərində keçirilən və Avropanın hər bir ölkəsində yaşayan soydaşlarımızın qatıldığı Ümumavropa Qarabağ Mitinqində ən böyük kütlə Polşada yaşayan azərbaycanlılardan ibarət idi. Ümumxalq hüzn günlərində də, bayram günlərində də, hətta doğum günlərində belə soydaşlarımız bir araya gəlir, tədbirlər təşkil olunur.

- Martın əvəllərində - koronavirusun yayılmağa başladığı dönəmdə vətənə qayıtmağa çalışan gənclərə dəstək olduğunuzu eşitdik.

- Pandemiyanın Polşada yeni yayıldığı ərəfədə təşkilat rəhbəri olaraq mənə çox müraciətlər ünvanlanırdı. Bu müraciətlərin əksəriyyəti ailə sıxıntıları, şəxsi, maddi problemləri olan şəxslər tərəfindən idi. Valideyni rəhmətə gedən, övladı əməliyyat olunmalı olan, viza müddəti bitən və s. bu kimi problemlər var idi və həmin soydaşlarımız təcili vətənə qayıtmalı idilər. Gərgin anlar, psixoloji sıxıntılar yaşanırdı. Mən də özümü həmin soydaşlarımızın yerinə qoydum və onlara əlimdən gələn hər bir köməkliyi etməyi özümə borc bildim. Buna görə də mən Polşa Respublikasının Sərhəd Xidməti ilə əlaqə saxladım və soydaşlarımızın təcili olaraq vətənə geri dönməli olduqlarını bildirdim. Sərhəd xidmətindən razılıq aldıqdan sonra Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etdim. Komitədən məni dəstəklədiklərini bildirdilər və soydaşlarımızı daşıyacaq olan Varşava - Minsk avtobusunun xərclərini öz üzərlərinə götürdülər. Növbəti müraciətim isə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə oldu. Viza müddəti bitən soydaşlarımızın sərhəddə problem yaşamaması üçün səfirlikdən məktub lazım idi və tez bir zamanda bu məktub bizə təqdim edildi. Polşanın digər şəhərlərindən gələnlərin isə yola düşənədək qalmaları üçün Azərbaycan Evi onlara öz qapısını açdı. Və beləcə, soydaşlarımızdan ibarət 19 nəfərlik qrup Minsk hava limanından Bakıya yola düşdü. Onların bəzilərinin maddi çətinliyi olduğu üçün biletlərinin alınmasını öz üzərimə götürmüşdüm. Hazırda Polşada qalan soydaşlarımıza dəstəyimiz davam edir.

Xəyalə Rəis





banner

Oxşar Xəbərlər