• cümə, 19 Aprel, 17:13
  • Baku Bakı 25°C

Politoloqlar Uorlikin “pəncərə”sində işıq görmürlər

18.09.14 11:29 1059
Politoloqlar Uorlikin “pəncərə”sində işıq görmürlər
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yeni səviyyəyə çıxarmağın vaxtının çatdığını açıqlayıb. O, hazırda bu prosesdə “işıqlı pəncərə” yarandığını, həmsədrlərin onun may ayında Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi 6 prinsip ətrafında razılıq əldə etmək üzərində çalışdıqlarını qeyd edib. Bildirib ki, danışıqlarda tərəqqi və uzunmüddətli sülh münaqişə tərəfləri cəmiyyətləri arasında etimad yarandığı vaxt mümkün ola bilər.
Amma politoloqların fikrincə, onun təklif etdiyi sənəd tərəflər arasında sülh yarada bilməz. Çünki orada da sırf ermənilərin maraqları müdafiə olunur və Azərbaycan tərəfi heç vaxt belə şərtlərə razılıq verməyəcək.
Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində dedi ki, Uorlikin təqdim etdiyi variant 2009-cu ildə həmsədr ölkə prezidentləri Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedyev tərəfindən imzalanan sənədin əleyhinə yönəlib: “Prezidentlər tərəfindən imzalanan həmin sənəd yenilənmiş Madrid prinsipləri adlanır. Bu sənəd altı maddədən ibarətdir. İlk maddədəcə qeyd olunub ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Onlar Dağlıq Qarabağın özü ilə ətrafındakı rayonları ona görə ayırdılar ki, məsələnin həlli daha asan olsun və mərhələli şəkil alsın. Azərbaycan bunu qəbul etdi, Ermənistan isə yox. Uorlikin Karnegi Fondunda təklif etdiyi sənəddə belə deyil. O, Amerika variantını ortaya qoyub və ermənilərin mövqeyinə uyğun təkliflər verib. Qeyd edim ki, bu, təkcə Uorlikin deyil, həm də ABŞ Dövlət Departamentinin dəstəyi ilə hazırlanan sənəddir. Orada, yəni, amerikanların variantında birinci yerdə Dağlıq Qarabağ ermənilərinə statusun verilməsi məsələsi qoyulub. Ərazilərin Azərbaycana qaytarılması məsələsi isə üçüncü maddəyə keçirilib. ABŞ Dövlət Departamenti və Uorlik sanki öz prezidentlərinin imzaladığı sənədin əleyhinə çıxırlar”.
M.Əhmədoğlu xatırlatdı ki, yenilənmiş Madrid prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsi belədir ki, Dağlıq Qarabağ azərbaycanlılara qaytarılmalı, onun statusu azərbaycanlılarla birlikdə müəyyən edilməlidir: “Uorlik isə deyir ki, birinci Dağlıq Qarabağa status verilməlidir. Bu, birmənalı olaraq ermənilərin maraqlarının təmin olunmasıdır və onların tələbləri ilə üst-üstə düşür. Onlar da deyir ki, Dağlıq Qarabağ ermənilərinə müstəqillik verin, sonra ətraf rayonları sizə qaytararaq. Ona görə də sənəd saxtalaşdırılmış hesab oluna bilər. Faktdır ki, Uorlik ermənilərə “ermənipərəst sənəd” təqdim edib. Amma ən gülməlisi odur ki, ermənilər buna da razı deyil. Yalnız Nalbadyan bu barədə aldadıcı fikirlər səsləndirib və tam olaraq sənədin mahiyyəti haqda fikir bildirməyib. Hesab edirəm ki, Amerikanın belə ermənipərəst mövqe sərgiləməsi səbəbsiz deyil. Onlar düşünürlər ki, belə davransalar, Ermənistan Rusiyanın əleyhinə çıxacaq. İnanırlar ki, Rusiyada yaşayan ermənilər Amerikanın agentləridir və Rusiyanın pulunu kənara çıxarmaqla şimal qonşumuzu içəridən çökdürəcəklər. Buna görə də amerikanlar ermənilərdən əl çəkmək istəmir. Mən həmişə demişəm ki, amerikanlar ermənilərlə elə dost olmalıdır ki, ortada Azərbaycanın maraqları tapdanmasın. Axı biz də ABŞ-la strateji müttəfiqik”.
Politoloq Uorlikin “tərəflərin müstəqil şəkildə müəyyənləşdirəcəyi formatda rəsmi danışıqlara ehtiyac var” fikrinə də münasibət bildirdi. Söylədi ki, bu fikirlər Rusiyanın proseslərdən çıxdaş edilməsi məqsədilə deyilib: “Məlumdur ki, hazırda onlar arasında mübarizə gedir. Ona görə Rusiyanın kənarlaşdırılması haqda dedikləri gözlənilən idi. Təəssüf ki, onlar nəticə haqqında danışmırlar. Deyirlər ki, biz sadəcə yol göstəririk. Bununla da, prosesə başladıqlarını nümayiş etdirmək istəyirlər. Halbuki ermənilər üçün danışıqlar prosesini uzatmağa, imitasiya ilə məşğul olmağa əlavə fürsət verirlər. Bir məqamı da xatırladım. Mayın 12-də ATƏT-in Minsk qrupu həmsədrləri atəşkəs rejiminin 20 illiyi ilə bağlı bəyanat yayıblar. Bu bəyanatda maddələr eynilə həmsədr ölkə prezidentlərinin imzaladığı sənəddəki ardıcıllıqda idi və birinci yerdə 7 rayonun Azərbaycana qaytarılması məsələsi qoyulmuşdu. Həm də orada əsas həqiqət yazılmışdı. Qeyd olunmuşdu ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon qaytarılmalıdır. Ölkəmizin işğala məruz qalmasının göstərilməsi bizim üçün əhəmiyyətli məqamdır. Ona görə də Amerika çalışır ki, özünün təklif etdiyi sənədi aktuallaşdırsın və işğal faktorunun qeyd olunmasını unutdursun. Beləcə, sənədin siyasi gücü ölsün. Onlar müxtəlif variantlarla danışıqlar prosesini yenidən başlatmaq, əvvəlki sənədləri unutdurmaq istəyirlər. Və təbii ki, məsələnin ermənilərin xeyrinə həll olmasına çalışırlar”.
Politoloq Qabil Hüseynli də Uorlikin təklifinin ölkəmizin xeyrinə olmadığını dedi: “Onun hazırda “işıqlı pəncərə” yaranması ilə bağlı söylədikləri mənə inandırıcı görünmür. Son aylar dünyada elə proseslər baş verib ki, Rusiya ilə ABŞ arasındakı əks fikirlər, mövqelər daha da kəskinləşib. Məncə bu, Qarabağ münaqişəsində də özünü göstərir. Ona görə də onun gördüyü “işıqlı pəncərə”ni görə bilmirəm. Uorlikin dedikləri ermənilərin mənafeyinə uyğundur. Azərbaycan onun dediyi təkliflərə razı ola bilməz. Bizim bir tələbimiz var – Ermənistan işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Onlar isə nəinki Dağlıq Qarabağdan çıxmır, hətta ətrafdakı yeddi rayonu da işğal altında saxlayır. Amerikanlar hələ də işğalçını işğalçı kimi tanımaq istəmirlər. İşğala məruz qalanın da hüquqlarını faktiki olaraq təmin etmirlər. Yalançı, ikili standartlara əsaslanan fikirlərlə və sənədlərlə bu münaqişə həll oluna bilməz. Azərbaycan torpaqlarının boşaldılmasından savayı, heç bir şərtə, sənədə razı olmayacaq. Onlar özləri də anlamalıdır ki, belə şərtlər altında sülh sazişi mümkün deyil. Prezidentlərin müstəqil danışıqlara ehtiyacının olub-olmadığına gəlincə, bunun Rusiyanın əleyhinə yönələn fikir olduğunu deyə bilərik. Məlumdur ki, Rusiya ilə Qərbin münasibətləri çox gərgin vəziyyətdədir”.
Q.Hüseynli son vaxtlar Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli prosesini öz üzərinə götürməsinin Qərbi qıcıqlandırdığını qeyd etdi: “Rusiya bununla sanki ən üst mövqeyə keçmişdi. Həmçinin dünyada gedən gərgin vəziyyət fonunda Azərbaycan və Rusiya arasında münasibətlər daha da isinirdi. Ona görə də ABŞ-ın belə davranışını cavab kimi qəbul etmək olar. Təklif edirlər ki, prezidentlər müstəqil şəkildə şərtlərini irəli sürsünlər, razılığa gəlsinlər. Bu, qeyri-müəyyən məsələdir. Çünki tərəflərin maraqlarının uyğunlaşdırılması üçün arada vasitəçi olmalıdır. Hesab edirəm ki, onların sülh haqqında təklifləri yalnız Balkanlarda keçə bilər. Qarabağ mövzusunda bu, keçərli deyil və ortada faktiki heç bir irəliləyiş yoxdur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər